Əsassız pensiyaların ləğvi büdcədə yeyinti olduğunu göstərir


Bu prosesdə iştirak edən şəxslərin cəzalandırılması bütün istiqamətlərdə aparılmalıdır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, cari ilin 10 ayı üzrə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edilib. Nazir həmçinin, 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edildiyini diqqətə çatdırıb.  

    Maraqlıdır, qənaət edilmiş bu məbləğ ilə hazırda ödənilən pensiyalara artım oluna bilərmi? Bu kimi qanundan kənar halların qarşısını necə almaq olar? Bu barədə iqtisadçı-ekspert Rəşad Həsənov “Şərq”ə danışıb. O bildirib ki, hələ 2016-cı ildə prezident  “Pensiya sistemində islahatların aparılması”na  dair sərəncam  verib: 

“Burda əsas hədəf olaraq  Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri arasında optimallığın təmin edilməsi istiqamətində idi. Eyni zamanda strategiyalarda  kəmiyyət dəyişikliyindən keyfiyyət dəyişikliyinə keçid kimi bənzər yanaşma var. Burda əsas məsələ odur ki, düzgün olmayan təyinetmələrin qarşısını alıb qənaət edə biliblər. İndi həmin vəsaitlərin növbəti mərhələdə keyfiyyət dəyişikliyinə çevrilməsinə yönəldə bilərlər. Pensiya sisteminin təmin ediciliyinin artırılması, pensiya səviyyəsinin özünün yüksəldilməsi üçün bir avantajdır. 500 milyon manat  bu gün ölkədə  təxminən  hər bir pensiyaçı üçün orta hesabla aylıq pensiya məbləğini 30 faiz  artırmağa imkan yaradır. Bu o deməkdir ki, 1 milyon 205 min pensiyaçının hər birinin aylıq gəlir  səviyyəsi on faiz artar. Belə hesabla hər bir pensiyaçıya 35 manat  əlavə vəsait  vermək olar”. 

İqtisadçı qənaət edilmiş məbləğin bu şəkildə istifadə edilməsinin eyni zamanda bugünkü sürətli qiymət  artımı prosesində əhalinin yoxsullaşmasının qarşısını ala biləcəyini vurğulayıb: 

“Digər tərəfdən  əsassız  pensiyaların ləğvi büdcədə yeyinti olduğunu göstərir. Bu prosesdə iştirak edən şəxslərin cəzalandırılması bütün istiqamətlərdə aparılmalıdır. Çox təəssüf ki, biz bu günə qədər bu istiqamətdə qərar qəbuledicilərin deyil,  daha çox hansısa formada prosesin icraedicilərinin cəzalandırıldığını görürük. Amma bilirik ki, bu proseslər xüsusi ilə də pensiyaların təyin edilməsi sahəsindəki proseslər iki böyük qurum arasında - Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin birgə əməkdaşlığı formasında  təzahür edir. Və hər iki qurumun birinci təmsilçisindən sonuncuyadək hamısı bu işdə iştirak edirlər. 

Korrupsiya hallarının böyük əksəriyyəti təəssüf ki, müvafiq məsələlərə görə cəzalandırılmayıb. Hətta sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim  Müslümovun həbsinin də belə məsələlərlə əlaqələndirilməsi rəsmi şəkildə olmayıb. Əvvəlcə burdan başlamaq lazımdır”. Ekspert  cəzasızlıq prezumpsiyasına şərait yaradan bütün parametrlərin aradan qaldırılmasının vacibliyini əlavə edib: “Təkcə bu sahədə deyil, digər sahələrdə də. Heç kəs  törətdiyi əmələ görə cəzasız qalacağını düşünməməlidir. Bundan sonra ictimai nəzarət mexanizmi gücləndirilməlidir.  

Dövlət vəsaitləri üzərində xərcləməyə nəzarətin alternativ alətlərindən istifadə Hesablama Palatasının strukturunun genişləndirilməsi, müstəqilliyinin artırılması istiqamətində işlər aparılmalıdır” .