Hər nazir dəyişdikcə pensiya siyasəti dəyişir


Zahid Oruc: "Pensiya siyasəti sadə və sabit olmalıdır. Ötən 3 ildə əlillik və pensiya təyinatı ilə bağlı 211 min nəfəri də biz o hüquqdan məhrum etmişik"

Milli Məclisin dünənki iclasında “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib. Məlumat üçün bildirək ki, layihəyə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri isə 29 milyard 879 milyon manat məbləğindədir. İclasda çıxış edən deputatlar bir sıra təkliflərlə çıxış ediblər. 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib ki, 2022-ci ilin büdcəsi böyük sosial paket həyata keçirmək üçün gözəl şans yaradır. Onun sözlərinə görə, əməkhaqqıların, sosial müavinətlərin, təqaüdlərin artırılması üçün addımlar atılacaq: “Nəticədə əməkhaqqıları 8 faizdən çox artacaq. Büdcədə də inflyasiyanın 4 faiz olması nəzərdə tutulub. Bu dəfə büdcə proqnozlarından çıxış edərək, artıq əhalinin real gəlirlərinin aşağı düşməsi yox, artmasından söhbət gedir”. 

“Sahibkarlara aşağı faizlə kreditlər verməliyik”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ehtiyac meyarı anlayışının büdcədən çıxarılmasını təklif edib: “Baş nazirdən xahiş edirik ki, büdcədən ehtiyac meyarı anlayışı 2023-cü ildə çıxarılsın və yaşayış minimumu anlayışı qalsın. İqtisadiyyat Nazirliyi tərəfindən aparılan diversifikasiya proqramı Azərbaycanda qeyri-neft sektorunun inkişafına səbəb olub. Müsbət məqamlarla yanaşı, bəzi problemli sahələri də diqqətə çatdırmaq istəyirəm. Bizdə qəbul edilən 5 milli prioritet siyahısında kənd təsərrüfatı sahəsi də var. Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq tapşırıqlar verib. Biz kənardan çox sayda ərzaq məhsulları idxal edirik, bu da qiymət artımında müəyyən paya səbəb olur. Eyni zamanda Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətləri yüksəkdir. İki məsələni həll etməliyik. Birincisi, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara aşağı faizlə kreditlər verməliyik. İkincisi, kreditlərlə bağlı girov məsələsini aradan qaldırmalıyıq. Baş nazirdən xahiş edirəm ki, Rəqabət Məcəlləsinin də Milli Məclisə göndərilməsini təmin etsin”

“Yaxşı maaş verə bilsək, sosial təminatlara da ehtiyac qalmaz”

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qiymət artımının gələn il davam edib-etməyəcəyi ilə maraqlanıb: “Seçiciləri maraqlandıran əsas sual bu il davam edən qiymət artımlarının gələn il davam edib-etməyəcəyi ilə bağlıdır. Gələn il büdcəmizdə əməkhaqqı, pensiya, təqaüdlərin artırılmasını nəzərdə tuturuq. Amma biz gələn il inflyasiyanın qarşısını almaq üçün lazımi addımlar atmasaq, bu tədbirlərdən vətəndaşlarımız faydalana bilməyəcək. Dünyada hazırda çox ciddi ərzaq qıtlığı prosesi gedir. Ona görə də biz ilk olaraq ərzaq təminatımızı həyata keçirməliyik. Digər tərəfdən, yaxşı iş yeri yarada, yaxşı maaş verə bilsək, digər sosial təminatlara da ehtiyac qalmaz”.

“Pensiya siyasəti sadə və sabit olmalıdır”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc vurğulayıb ki, Azərbaycanda yaşa görə mövcud 716 min nəfər pensiyaçıdan 163 mini işləməkdə davam edir: “Pensiya amnistiyasının böyük müsbət təsirləri müqabilində yüz minlərlə adam hələ də sığorta stajını və sığorta kapitalını toplaya bilmir. Bu, hər nazir dəyişdikcə yenilədiyimiz sabit olmayan pensiya qanunvericiliyi, mürəkkəb hesablama sisteminə malik təqaüd siyasətinin nəticəsidir. Pensiya siyasəti sadə və sabit olmalıdır. Ötən 3 ildə əlillik və pensiya təyinatı ilə bağlı 211 min nəfəri də biz o hüquqdan məhrum etmişik".

“...xidmətlərin sayını 2 dəfə artıra bilərik”


Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov icbari tibbi sığorta ilə əlaqədar xidmətlər zərfindəki xidmətlərin sayının 5000-ə qaldırılması təklif edib: “2022-ci ildə büdcədə nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik illərimizin ən böyük səhiyyə xərcləridir. Azərbaycan büdcəsində səhiyyə xərclərinin xüsusi çəkisi 6 faizə çatıb. İcbari tibbi sığortanın həyata keçirilməsi, pandemiyaya qarşı mübarizə üçün nəzərdə tutulan xərclərdə böyük artım var. Ancaq çox təəssüflər olsun ki, tibb elminin, elmi tədqiqatların inkişafı üçün nəzərdə tutulan vəsait çox azdır. İcbari tibbi sığortanın həyata keçirilməsi pandemiya ilə eyni vaxta düşdü və bunun tətbiqində bir çox problemlər ortaya çıxdı. Ancaq buna baxmayaraq, ölkəmizdə icbari tibbi sığorta tətbiq edilir. Burada bir sıra problemlər də var. İlk başlayanda xidmətlər zərfinə daxil olan xidmətlərin sayı çox az idi. Hazırda bu zərfə 2500-ə yaxın xidmət daxildir. Amma bu, kifayət etmir. Builki büdcə və Fonda yığılan vəsaitlə xidmətlər zərfinə daxil olan xidmətlərin sayını 2 dəfə artıra bilərik”.