Vətəndaşlar 60 yaşda pensiyaya çıxa biləcəklər


Millət vəkilinin təklifi əsasında nazirlikdə artıq müzakirə aparılır

“Milli Məclisdə büdcə müzakirələri zamanı irəli sürdüyüm təkliflərdən biri də vətəndaşlara vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsi idi”. Bu barədə millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib. Deputat bildirib ki, bir sıra hallarda vətəndaşlar kifayət qədər yüksək əmək haqqısı olan sektorda çalışır və nisbətən böyük pensiya kapitalına malik olurlar. 

Amma pensiya kapitalından istifadə etmək üçün pensiya yaşını gözləmək məcburiyyətində qalırlar: “Təklifim isə həmin şəxslərə vaxtından əvvəl pensiya çıxmaq hüququnun verilməsi və onların öz kapitallarından daha uzun müddət istifadə imkanlarının tanıdılmasıdır.

Vaxtından əvvəl pensiyaya çıxmaq mümkündürmü? Bu hansı hallarda reallaşa bilər?
 Beynəlxalq praktikada pensiya yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları var. Bəzi ölkələrdə bu hətta pensiya kapitalına bağlanır. Orta pensiya kapitalından çox yığımları olanlar artıq vəsaitini öncədən almaq hüququn malik olurlar və bu zaman extra (artıq) yığılmış vəsait aylar üzrə hesablanmaqla vətəndaşa qaytarılır. Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya alma imkanına malik olurlar. Digər metod isə pensiyada olan ayların sayının azaldılması və artırılması ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı artıq müzakirələr aparılır. Bu daha çox minimum pensiya kapitalı yığmış vətəndaşlara tətbiq edilə bilər”.

Parlament üzvü qeyd edib ki, mövcud qaydalara əsasən, 144 ay orta pensiya müddəti kimi götürülür. Amma təklif qəbul olunarsa, o zaman vətəndaş 65 yox, 60 yaşda pensiyaya çıxa bilər: “Bu halda həmin beş il üçün nəzərdə tutulan 144 ayın üzərinə 60 ay da gələcək. Yığılmış pensiya kapitalı 204 aya bölünəcək. Bu imkan verər ki, vətəndaş 5 il tez, yəni 60 yaşında pensiyaya çıxsın. Amma bu halda yığım 144-ə yox, 204-ə bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər. Büdcə müzakirələri zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə müzakirələrin davam etdiriləcəyini bəyan etdi. Deməli, Azərbaycanda pensiya yaşı tamam olmadan pensiyaya çıxmaq imkanı reallaşa bilər”.