Azərbaycan Avropa üçün yeni, alternativ mənbədir

Ölkəmizdən qaz almaq istəyənlərin sayı çoxalır

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Azərbaycan kimi etibarlı tərəfdaşa ehtiyac duyduqlarını deyib. “Dünyada qaz probleminin mövcud” olduğunu söyləyən Aİ rəsmisinin sözlərinə görə, Avropa İttifaqı qaz məsələsində Azərbaycana etibar edir. Komissar diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi karbon emissiyasını 35 faiz azalda bilməyə imkan verir. Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz də bildirib ki, TANAP-la digər region ölkələrinin də qazı nəql edilə bilər. 

Onun sözlərinə görə, Trans-Anadolu boru kəməri vasitəsi ilə təkcə Azərbaycanın deyil, digər region ölkələrinin qazını da Avropaya nəql etmək imkanı var. O xatırladıb ki, Azərbaycan və Türkmənistan "Dostluq" yatağından qazın birgə hasilatına hazırlaşır. Nazir vurğulayıb ki, Türkiyə boru kəmərinin ötürmə gücünün artırılmasını dəstəkləyir və Avropa tərəfindən də belə bir tələb var. Məlumata görə, hazırda TANAP-ın tutumunun artırılması məsələsi müzakirə olunur. Ekspertlərə görə, boru kəməri layihələndirilərkən illik ötürmə qabiliyyətinin 31 mlrd. kubmetr olması nəzərdə tutulurdu. Bu artım gələcək tələb və təklifə uyğun olacaq. Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. 

Kəmərin əhəmiyyəti ilə bağlı “Şərq”ə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan Avropa üçün yeni, alternativ mənbədir. Deputat bəyan edib ki, ölkəmiz Avropa qitəsinin enerji təhlükəsizliyinə xüsusi töhfə verir: 

"Azərbaycan Avropa bazarında hansısa ölkə, yaxud şirkətlə rəqabət aparmaq niyyətində deyil. Məqsədimiz Avropanın enerji təminatında rol almaqla yanaşı, həm də enerji məhsullarımızı dünya bazarına çıxarmaqdır. Nəzərə alaq ki, qaz nəql etdiyimiz ölkələr və gələcəkdə qazımızı almaq istəyənlər Avropa İttifaqı üçün vacib dövlətlərdir. Ölkəmizdən qaz almaq istəyənlərin sayı çoxalır. Bolqarıstan Azərbaycandan illik olaraq 2 milyard kubmetr həcmində qaz almağı nəzərdə tutur. Bu, Bolqarıstanın mavi qaza olan tələbinin təxminən 60 faizindən çoxunun Azərbaycan hesabına ödənməsi deməkdir. Eləcə də Yunanıstan, Rumıniya və Macarıstanda istehlakın əhəmiyyətli miqdarı Azərbaycanın mavi qazı hesabına formalaşacaq”.

V.Bayramova görə, Orta Asiyanın, ələlxüsus Türkmənistan qazının Avropaya çıxarılması da müzakirə olunur:

 “Azərbaycan Türkmənistanla imzaladığı anlaşmaya görə 2 milyard kubmetrə yaxın mavi qazı illik olaraq alacaq. Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 31,5 milyard kubmetrə qədər yüksələcəyini nəzərə alsaq, gələcəkdə Orta Asiyanın digər ölkələrinin Cənub Qaz Dəhlizinə qoşulacağını əminliklə söyləmək mümkündür”.