İş adamları rahat nəfəs almağa başlayıb

Sahibkarların lüzumsuz yoxlanılmasının daha bir il uzadılması çox önəmli hadisədir

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;


   Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 

Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Ümumiyyətlə, son illər Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində çoxsaylı dövlət proqramları qəbul olunaraq həyata keçirilib. Sahibkarlıq subyektləri üçün xeyli güzəştlər tətbiq olunub, onlara yaradılan süni əngəllər aradan qaldırılıb. Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini zərurətə çevirib. Sahibkarlar artıq mövcud problemlərin həllində iştirak edirlər. 

Bu baxımdan yaradılmış mexanizmlər dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır. Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) yaydığı məlumata görə, hazırda Azərbaycanda sahibkarlıq subyektlərinin təqribən 99 faizini mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. 2021-ci ilin 1 yanvar tarixinə qeydiyyata alınmış sahibkarlıq subyektlərinin 92,1 faizini mikro, 5,3 faizini kiçik, 2,1 faizini isə orta sahibkarlıq subyektləri təşkil edir. Bu gün ölkəmizdə bir sıra qurumlar, o cümlədən KOBİA tərəfindən sahibkarlara verilən müxtəlif dəstək və xidmətlər təqdim olunur. Güzəştlər və dövlət dəstəyi həyata keçirilir, bir sıra institusional mexanizmlər fəaliyyət göstərir. Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Eyni zamanda mikro sahibkarlıq subyektləri əmlak vergisindən azaddır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən olan “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioritetinin alt məqsədlərindən biri də məhz kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsidir. Bu məqsədlə hazırda 2021-2025-ci illər üzrə hədəf və prioritetlərin müəyyənləşdirilməsi üçün müvafiq işçi qrupu çərçivəsində intensiv işlər aparılır.

Sahibkarlara edilən güzəştlərlə bağlı iqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında bildirib ki, iş adamlarının qanunsuz yoxlamalara cəlb olunması aktual məsələ olmaqla yanaşı, həm də ən ağrılı yerimizdir. Ekspertin sözlərinə görə, sahibkarların lüzumsuz yoxlanılmasının daha bir uzadılması çox önəmlidir:

 “Bu qərarla əksər iş adamları saysız-hesabsız yoxlamalardan xilas olur. Yoxlama məhdudiyyəti tətbiq olunmazdan öncə biznesmenlərin durumu acınacaqlı idi. Düzdür, son iki-üç ildə vergi ödənişlərini yığan qurumun fəaliyyəti normallaşıb. Sırf vergi ilə bağlı neqativ xəbərlərə demək olar ki, rast gəlmirik. Amma əvvəlki vəziyyət dözülməz idi. Qanunsuz yoxlamalarla sahibkar sinfini məhv etmişdilər. Nə qədər iş adamı mövcud təzyiqlərə tab gətirmədiyi üçün Rusiya, Türkiyə, Çin, Ukrayna və Belarusa getmək məcburiyyətində qalmışdı. Sahibkarları ölkədən didərgin salan müəyyən dairələr var idi. Cənab Prezident tərəfindən bunun qarşısı alındı və kütləvi biabırçılığa mane olundu. Ancaq problemlər hələ də qalmaqdadır. Söhbət təkcə vergilərdən getmir ki? Digər qurumlar, məsələn, Fövqəladə Hallar Nazirliyi, yaxud Qida Təhlükəsizliyi Agentliyi və başqa orqanlar “zəruri” yoxlamalarla iş adamlarını bezdirirlər. Sahibkarlar bəzi qurumların tələblərini yerinə yetirməkdə aciz qalır. FHN hansısa obyektə girib yanğınsöndürmə ilə bağlı elə tələb qoyur ki, heç elmi-tədqiqat institutları bundan baş çıxara bilmir. Əfsuslar olsun ki, vergi sistemindəki inqilabi dəyişiklik digərlərinə sirayət etmədi. Sahibkarlar rahat şəkildə, qorxub-çəkinmədən vergi sistemində çalışan əməkdaşlarla əlaqə saxlayır, problemini həll edir. Bu iş kompleks olmalı, digər qurumlar da lazımsız yoxlamaları dayandırmalıdır. Biznesmenlərin əlindən tutub, onlara dəstək olmaq lazımdır”.