Prezident çağırış etdi

Qarabağ bölgəsi biznes üçün çox əlverişlidir

Yaxın günlərdə sahibkarların işğal olunmuş ərazilərimizə axınının şahidi olacağıq


Prezident İlham Əliyev fevralın 13-də Ağdamda səfərdə olarkən növbəti dəfə sahibkarlara çağırış edib. Dövlət başçısı vurğulayıb ki, kompleks tədbirlərin görülməsi ilə qısa müddətdə Ağdamı yenidən qurmaq, yaratmaq mümkün olacaq. Ölkə rəhbəri qeyd edib ki, Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb, bir neçə təməlqoyma mərasimi keçirilib: “Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. 

İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Azərbaycan iş adamlarına Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar”. Prezident vurğulayıb ki, biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. 

Dövlət başçısının yerli investorlara çağırışını “Şərq”ə dəyərləndirən iqtisadçı Pərviz Heydərov deyib ki, Prezident bir neçə dəfə sahibkarları işğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşunda fəal olmağa səsləyib. Ekspert bəyan edib ki, iş adamları üçün hökumət tərəfindən lazımi şərait yaradılır: 

“Dövlət tərəfindən işğaldan azad olunan ərazilərdə müasir infrastrukturun yaradılması üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. İstənilən sahibkarın müxtəlif regionlara və sahələrə investisiya qoyması üçün əsas şərtlərdən biri müvafiq infrastrukturun yaranması, təhlükəsizliyin təmin olunması və sərmayə üçün münbit şəraitin mövcudluğudur. İşğaldan azad edilmiş ərazilərimizdə bu şərtlərin hamısı təmin olunmaqdadır. Müasir standartlara uyğun avtomobil yolları çəkilir, kommunikasiya bərpa olunur. Eyni zamanda bölgənin elektrik enerjisi ilə təminatı istiqamətində sürətli işlər həyata keçirilir. Görülən işlərdə əsas məqsədlərdən biri bölgəyə xarici və yerli investisiya cəlb etməkdir. Ərazilərin təhlükəsizliyi, hərbi sahədə müdafiəsi tam təmin olunur”. 

P.Heydərov diqqətə çatdırıb ki, dövlət başçısı işğaldan azad olunmuş rayonlara mütəmadi səfərlər həyata keçirərək mühüm iqtisadi, kommersiya və hərbi obyektlərin, yolların açılışında iştirak edir:

 “İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri və bölgənin təhlükəsizliyi sahibkarlar üçün “bəhanə” yeri qoymur. Ötən illər ərzində sahibkarlığın inkişafı ilə əlaqədar önəmli addımlar atılıb. Onlara güzəştli kreditlər verilib, süni maneələr, əlavə yoxlamalar aradan qaldırılıb. Qarabağ bölgəsi biznes üçün çox əlverişlidir. Həm təbiəti, həm resursları, həm də dövlətin yaratdığı imkanlar və imtiyazlar baxımından işğaldan azad olunmuş ərazilərimiz investisiya üçün əvəzedilməzdir. Ümid edirəm, yaxın dönəmdə sahibkarlarımızın Qarabağa axınının şahidi olacağıq”.