Qarabağda iqtisadi canlanma başlayacaq

Sahibkarlar azad edilmiş rayonlarımıza lazımi investisiya qoyacaqlar

Buna real şərait, zəmin və müvafiq çağırış da var

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi


    Dədə Qorquddan günümüzədək qorunub saxlanmış hikmətli kəlam var: torpağı qoruya bilmədinsə, əkib becərməyə dəyməz, torpağı əkib-becərmədinsə, qorumağa dəyməz. Azərbaycan xalqı torpağını qoruya bildiyini də, əkib-becərdiyini də tarix boyu sübut etdi. Torpağa Ana Torpaq dedi, müqəddəs bildi. Müqəddəslik yolunda canından keçdi, şəhid oldu. Tarixin müəyyən dönəmində xarici havadarlarının köməyi ilə torpağımıza göz dikən mənfur erməni separatçılarını, xalqımız, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində məğlub etdi, torpağımızın müqəddəsliyini, saflığını özünə qaytardı. Və indi cənab Prezident yenə çağırış etdi. Bu dəfə torpağa iqtisadi baxımdan sahib çıxmağa çağırdı. İşğaldan azad edilmiş Ağdama növbəti səfəri zamanı cənab Prezident sahibkarlara səsləndi: “Azərbaycan iş adamlarına bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar”.  

Prezident Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradıldığını vurğuladı: “Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”. 

Prezident bildirdi ki, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq, özəl sektorun nümayəndələri də bu işlərdə fəal olmalıdırlar. Prezidentin çağırışına yalnız işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi baxımından yanaşmaq yanlış olardı. Məlumdur ki, ölkə iqtisadiyyatının inkişafı ümumilikdə sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edir. Hər hansı bölgənin inkişafı digər regionların inkişafına da təkan verir. 

Çünki iqtisadiyyat çoxşaxəli, nəhəng bir sahədir. Məsələn, Füzulidə əgər pambıq becəriləcəksə, emal müəssisələri, yüngül sənaye də inkişaf edəcək. Yaxud, işğaldan öncə taxılçılıq rayonu kimi tanınan bölgədə yenidən taxılçılığın inkişafı, qida sənayesinin inkişafına təkan verəcək. Yeni iş yerləri açılacaq, əhalinin gəlirləri artacaq, işsizlik faizi nəzərəçarpacaq dərəcədə aşağı düşəcək, əhalinin məşğulluğu artacaq. Bu baxımdan sahibkarların işğaldan azad edilmiş ərazilərə sərmayə qoyması ümumilikdə regionların sosial-iqtisadi inkişafını sürətləndirəcək. Ağcabədiyə səfəri zamanı ölkə başçısı “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış oldu. Adıçəkilən park müasir əkinçilik və bağçılıq təsərrüfatına aid layihədir - ümumi sahəsi 3 min hektardır və ərazinin 850 hektarı dövlət ehtiyat fonduna daxildir. Aqroparkın faktiki əkin sahəsi 1368 hektardır. Burada əsasən arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və sair bitkilər becərilir. Ümumi dəyəri 35 milyon manat olan “Ağcabədi taxıl Aqropark”ın yaradılmasına 9,8 milyon manat məbləğində güzəştli kredit verilib ki, nəticədə 41-i daimi olmaqla 150 iş yeri yaranıb. 

İqtisadçı Pərviz  Heydərov da hesab edir ki, sahibkarlar cənab Prezidentin çağırışına mütləq səs verəcəklər: 

- Bölgəyə maraq və investisiya istəyi az deyil. Buna real şərait, zəmin və müvafiq çağırış da var. Sadəcə, müəyyən tərəddüdlər mövcuddur ki, bu da təbiidir. Birincisi, sahibkarlarımızın çoxunda qısamüddətli qazanc istəyi güclüdür, ikincisi, sözügedən bölgənin və ya iqtisadi rayonların potensialına dair ətraflı və çevik bilgi səviyyəsi qənaətbəxş həddə deyil, üçüncüsü, gizlində təhlükəsizliyə zəmanət istəyi mövcuddur, dördüncüsü isə qeyd olunan bölgədə biznes və sahibkarlıq fəaliyyəti üçün ola bilsin əlavə güzəştlər gözlənilir. Sadalananların sayını artıra da bilərəm. Ancaq əbəsdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialı müəyyən amillər baxımından digər rayonlarda yoxdur. Həm təbii resurslar baxımından, həm müharibə bitdikdən bəri Prezident İ.Əliyevin rəhbərliyi altında dövlətin və hökumətin bu ərazidə gördüyü işlər nəticəsində yaranan və hələ yaradılacaq şərait, həm bölgənin ölkəmizin coğrafi nöqteyi-nəzərindən çox mühüm yerində yerləşməsi və kənar ölkələrin bazarlarına çıxmaq şanslarının geniş olması sarıdan və sair... Təhlükəsizliyə zəmanətə gəldikdə, bir fakta diqqət çəkmək kifayətdir. Dövlət başçısı hər dəfə bölgənin bu və ya digər rayonlarına səfəri zamanı müxtəlif infrastruktur layihələrin açılışına və yaxud da tikintisinə start verilməsi ilə bağlı tədbirlərdə iştirak etməklə yanaşı, Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərinə dair ən müasir təchizata malik hərbi hissələrin də fəaliyyətə başlamasına dair mərasimlərə qatılır, bununla da nəzərdə tutulan bütün iqtisadi perspektivləri heç bir hərbi-siyasi təhlükə gözləmədiyini nümayiş etdirir. 

Sahibkarlar üçün işğaldan azad olunmuş ərazilərdə tikinti, turizm, istehsal, kənd təsərrüfatı məhsulları tədarükü, eyni zamanda emalı, həmçinin ticarət və müxtəlif növ xidmət sahələrində biznes qurmaq və fəaliyyət göstərmək imkanları var. Odur ki, yaxın gələcəkdə sahibkarların Qarabağ və onun ətraf zonasına sərmayə qoyuluşlarının şahidi olacağıq.