Regionlardan Bakıya kütləvi axın: 15-20 manata fəhlə işləyirlər – Şərait ağırdır! 

Son zamanlar əhalinin regionlardan kütləvi sürətdə Bakıya üz tutması uzun müddətdir, müzakirə predimetinə çevrilib. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə İsmayıllı rayonunun Talıstan kəndində “COVİD-19, miqrasiya və media” mövzusunda tədbir keçirilib. Tədbirdə AMEA Coğrafiya İnstitutunun əməkdaşları, İsmayıllı şəhəri və onun 10-dan artıq kəndindən olan sakinlər, kənd icra və bələdiyyə nümayəndələri iştirak edib. 

Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimovun giriş sözü ilə başlayıb. Rövşən Kərimov bildirdi ki, bəzi kəndlər var ki, əhalisi barmaqla sayıla biləcək qədərdir. Rayonda hətta bir neçə ailənin yaşadığı dağ kəndləri var. İnsanların miqrasiya etməsinin əsas səbəblərindən biri iqlim dəyişmələri və əlaqədar təbii proseslərdir. Yağıntıların illik rejimi dəyişir, quraqlıq dövrü uzanır, su qıtlığı baş verir, sel, sürüşmə kimi təbii fəlakətlərin baş vermə riski artır, meşələr quruyur, torpaqlar deqradasiyaya məruz qalır və s. Bir-biri ilə bağlı olan bu əlverşisiz proseslər insanların yaşayışına, məişətinə mənfi təsir göstərir. Son dövrlər yağıntının azalması aydın hiss edilməkdədir. Çaylarda su qıtlığı müşahidə olunur. Bu səbəblərdən kənd təsərrüfatı ilə məşğul olan insanlar istədikləri kimi gəlir götürə bilmirlər.

İsmayıllı rayonunun Burovdal kənd sakini Ağamir Ağayev rayonun bəzi kəndlərin inkişafına mane olan səbəblərdən biri kimi Girdiman çayının üzərində körpünün olmamasını qeyd edib: 

“Bir neçə ildir ki, körpünün layihəsi Nazirlər Kabineti tərəfindən təsdiqlənsə də, körpü hələ də tikilməyib. Körpünün olmaması bu çayın ətrafında yaşayan əhalinin rayon mərkəzi və digər bölgələrlə əlaqəsini kəsir, kəndə gediş-gəlişi çətinləşdirir. Bu səbəbdən çayın hövzəsində məskunlaşan kənd əhalisi köçməyə məcbur olur. Hazırda rayonun bir çox kəndlərindən Bakı şəhərinə köçən əhali bələdiyyələrə körpü salınmasından sonra öz ata ocaqlarına köçəcəklərini deyirlər. Burdan köçən insanların əksəriyyəti Bakıda günlük 15-20 manata fəhlə işləyir. Lakin onlar qayıdıb öz kəndlərində əkinçiliklə məşğul olsa, daha çox qazanar. Bu gün İsmayıllı rayonun Burovdal kəndi ən çox köç müşahidə olunan kəndlərdən biridir”.

İsmayılı şəhər icra nümayəndəsi Əlişir Süleymanov söyləyib ki, İsmayıllı rayonun Tubikənd yaşayış məntəqəsindən ermənilər köçüb getdikdən sonra kənddə Axıska türklərinin sayı çoxalmağa başladı. Eyni zamanda, Qoşakənddə 38 ailədən ibarət Axısqa türkləri məskunlaşıb: “Rayonda işlə təmin oluna bilmədikləri üçün burada məskunlaşan Axısqa türkləri Türkiyəyə köçür.

Qeyd edək ki, ölkəmizdə regionların inkişafı ilə bağlı Dövlət Proqramı imzalanıb. Buna əsasən, regionların sosial-iqtisadi həyatı inkişaf etdirilməli, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməli və sahibkarlıq mühiti daha da yaxşılaşdırılmalı idi. Lakin verilən bu vədlər yerini tapmadığından insanlar rayonlardan şəhərə üz tumağa davam edir.

İnsanların şəhərə üz tutmasını  dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli  “Sherg.az”a bildirib ki, müstəqillikdən bəri regionlardan böyük şəhərlərə, əsasən də Bakı və Abşeron yarımadasına axın sürətlənib:

“Bunun bir çox səbəbi var idi. Əsas səbəblərdən biri iş yerləri və sosial infrastrukla bağlı problemlər idi. İşıq, qaz, su kimi problemlər, işsizlik və Bakıda da tikinti işlərinin olması regionlardan şəhərə axının güclənməsinə səbəb oldu. Bu tendensiya səngisə də, eyni  trend uzun  illərdir davam edir. Çünki regionlarda iş yerlərinin az olması, sosial həyatın cəlbedici olmaması Bakını və Abşeronu daha cəlbedici hala gətirir”.

Ekspert bu kimi halların çıxış yollarını da sadalayıb. O, qeyd edib  ki, iqtidadi fürsətlər regionlarda çox olmalıdır ki,  əhalinin də öz yaşadığı bölgələrdən köç etməsi ehtimalı  azalsın: 

“Bu illərdir dediyimiz eyni  məsələlərdir. Regionlarda iqtisadi fürsətlər artırılmalıdır, yeni iş yerlərinin yaranması üçün proqramlara, kiçik-orta sahibkarlığa, fermerlərə daha çox dəstək göstərilməsinə, onlara uzun müddətli və aşağı faizli kreditlərə çıxış imkanlarının əldə edilməsinə ehtiyac var. Bütün bu problemlər həllini tapsa, regionlarda həm həyat səviyyəsinin yüksəlməsi,  sosial həyatın rəngarəng olması, iş yerlərinin yaranması, iqtisadi fürsətlərin artması və Bakının da yükünün azalmasına yol aça bilər”.