Daşkənd Bəyannaməsi türk dünyasının rifahına hesablanıb

Vüqar Bayramov: "Azərbaycan və Mərkəzi Asiyada yerləşən türk dövlətləri MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar"


Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi;  

  Azərbaycan çoxvektorlu xarici siyasət nəticəsində Xəzərətrafı ölkələrlə də münasibətlərini yeni mərhələyə çatdırmaq niyyətini ortaya qoyub. Xüsusilə, Orta Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi diqqət çəkir. Elə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana və Türkmənistana səfərləri oldu. Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısı keçirildi. Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsi, bu istiqamətdə mövcud olan yük daşımaları diqqət mərkəzində oldu. Görüşdə mövcud problemlər, dar boğazların aradan qaldırılması, bu coğrafiyada nəqliyyat və kommunikasiya əməkdaşlığının genişləndirilməsi istiqamətlərində yeni fikirlər və təkliflər səsləndirildi

Qeyd edək ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.   Maraqlı məqam ondan ibarətdir ki, bu dəhliz 2014-cü ildə yaradılsa da, Rusiya-Ukrayna müharibəsi fonunda yenidən aktuallıq qazanıb. Rusiya-Ukrayna müharibəsi fonunda dünya siyasətində baş verən hadisələr Asiya ilə Avropa arasındakı iqtisadi əməkdaşlıq zəncirində çətinliklər yaradıb. Bu coğrafiyalarda yerləşən ölkələr yeni əməkdaşlıq marşrutlarının axtarışındadır. Belə bir marşrutlar üçün ən münasib istiqamət məhz Azərbaycandan keçir. Orta Asiyada Qazaxıstanda qəbul olunan yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Limanına və Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Türkiyədən Avropaya çatdırılır. 

Amma Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra bu marşrut daha da qısalacaq və yüklər Azərbaycandan birbaşa Türkiyəyə çatdırılacaq. Belə ki, bu marşrut Orta Dəhliz olaraq dünya üçün əhəmiyyətə malik bir nəqliyyat kommunikasiya qovşağına çevrilməklə Xəzər dənizinin və Qara dənizin birləşməsinə gətirib çıxaracaq. 

  Ötən gün Özbəkistanın paytaxtı Daşkənddə baş tutan Türkiyə-Özbəkistan-Azərbaycan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü də məhz regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. 

Həmin görüş Azərbaycan tərəfinin təklifi və Türkiyənin dəstəyi ilə həyata keçirilib. Toplantıda Türkiyə, Özbəkistan və Azərbaycanın xarici işlər, ticarət və nəqliyyat nazirləri ortaq məsələlər, xüsusilə üçtərəfli mexanizmə əsasən Xəzər keçidli Şərq-Qərb Orta Koridorunun yaradılmasında koordinasiya və əməkdaşlığın artırılması ilə bağlı müzakirələr aparıblar. Türkiyə, Özbəkistan və Azərbaycan regionlararası əməkdaşlıqda mühüm rol oynayır. Türk xalqlarının yaşadığı bu bölgələr min illərdir Şərqlə Qərb, Şimalla Cənub arasında körpüdür. Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolunun tranzit potensialından fəal istifadəyə böyük əhəmiyyət verir. 

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin tikintisi üzrə texniki-iqtisadi əsaslandırmalar bu gün də davam edir. Bu baxımdan Özbəkistan Zəngəzur dəhlizinin yenidən aktivləşməsini dəstəkləyir. Asiya və Avropa arasında bu marşrut ən qısa yol olacaq. Ümumən, beynəlxalq əlaqələr və qlobal iqtisadiyyatda baş verən sürətli proseslər əslində Türkiyə-Özbəkistan-Azərbaycan dialoq formatının inkişafını zəruri etdi. Dövlət başçılarının siyasi iradəsi və son illər çəkdikləri yollar sayəsində Özbəkistanın Azərbaycan və Türkiyə ilə münasibətləri yeni dövrə qədəm qoyub və strateji əhəmiyyət qazanıb. Ölkələrimiz bir çox beynəlxalq məsələdə ortaq mövqe tutub və eyni məqsəd üçün səy göstərib. Bu, sülhsevər, daimi və dinamik türk dünyasının bir araya gəlməsi deməkdir. Nazirlər toplantıdan sonra Daşkənd Bəyannaməsini imzalayıblar. 

  Özbəkistan Prezident Administrasiyası rəhbərinin müavini və Prezidentin mətbuat katibi Şerzod Asadov tviterdə yazıb ki, Azərbaycan, Türkiyə və Özbəkistan arasında regional əlaqələrin möhkəmlənməsinə yönəlmiş nazirliklər səviyyəsində yeni əməkdaşlıq formatı yaradılacaq: “Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüş keçirəcək. Özbəkistan, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə regional əlaqələrin möhkəmlənməsinə yönəlmiş nazirliklər səviyyəsində yeni əməkdaşlıq formatı yaradılacaq”.

  Millət vəkili Vüqar Bayramov vurğulayıb ki, Daşkənd Bəyannaməsi türk dünyasının rifahını yüksəldəcək bəyannamə kimi qiymətləndirilir. Deputatın sözlərinə görə, son 2 ildə Türk dövlətləri arasında münasibətlərin daha da dərinləşməsi müşahidə olunur: “Əvvəllər Azərbaycan-Türkiyə münasibətləri daha çox diqqəti çəkirdisə, hazırda türk dövlətləri arasında yeni əməkdaşlıq platforması qurulmaqdadır.

 1.2 tirlyon nominal ÜDM və 153 milyonluq əhalisi ilə türk dünyası regionda yeni gücə çevrilməkdədir. Bu baxımdan, kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada qardaş dövlətlər arasında daha ünvanlı və sistemli əməkdaşlıq reallaşır.

 Bu formatda əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Azərbaycan və Mərkəzi Asiyada yerləşən türk dövlətləri MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. 

Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi ötən ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistanla oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək”.

  Parlament üzvü bəyan edib ki, artıq dövlətlər daha dərin və liberal ticari əlaqələrə malik olmaq və birgə layihələrin reallaşdırılması ilə bağlı real əməkdaşlıq nümayiş etdirirlər:

 “Bu isə qardaş dövlətlərin daha da yaxınlaşmasına şərait yaradır.

  Nəhayət, son bəyannamə bir daha təsdiq edir ki, münasibətlər daha ünvanlı və qarşılıqlı fayda əsasında qurulan bir əməkdaşlıq formatıdır. Dünyada formalaşdırılan yeni düzən kontekstində regionun yeni iqtisadi xəritəsi cızılmaqdadır”.