“Bitcoin”in bahalaşması hansı həddə qədər davam edə bilər? – Mütəxəssisdən real izah

Ötən həftə qlobal bazarlar üçün hərəkətli keçdi. Buna əsas səbəb keçən həftə açıqlanmış olan ABŞ inflyasiya göstəriciləri oldu. FED-in ardıcıl faiz artımlarından sonra illik inflyasiya səviyyəsinin 9,1 faizdən 8,5 faizə qədər azalması investorlar tərəfindən müsbət qarşılandı. Bununla yanaşı, aylıq inflyasiya 0,2 faizdən 0 faizə, rüblük göstərici isə 0,5 faizdən 0,3 faiz qədər olan azalmalarla dərc edildi. Azalan inflyasiya, həmçinin, FED-in növbəti faiz qərarlarında nisbətən daha yumşaq tədbirlərə meyilli olacağı ehtimalını da artırdı. Bazarın bu xəbəri satın alması nəticəsində SP500 indeksi 3 ay sonra yenidən 4200 dollar qiymətinin üstündə qərarlaşdı. Belə bir iqtisadi mənzərə fonunda ABŞ fond indeksləri ilə yanaşı qlobal əmtəə və kriptovalyuta bazarlarının da bahalaşması təbii idi. 

Xüsusilə, “Bitcoin”in yenidən 25000 dollara yaxın qiymətlərdə mübadilə edilməsi, kriptovalyuta bazarlarında aktivliyi artırdı. Ümumi kriptovalyutaların cəmi bazar dəyəri yenidən 1,15 trilyon dolların üzərində qərarlaşdı. Bazarların cari həftəni enişlə başlamasına rəğmən, bir çox analitiklər artım tempinin yaxın 2-3 həftə ərzində davam edəcəyini ehtimal edirlər. Həftə ərzində Avropadan və Britaniyadan açıqlanmalı olan inflyasiya rəqəmləri investorlar üçün vacib əhəmiyyət kəsb edəcək. İnflyasiya rəqəmlərində baş verə biləcək azalma həftə ərzində qlobal bazarlarda artımı dəstəkləyə bilər. 

Bununla yanaşı, mütəmadi olaraq dollar indeksini (DXY) izləməkdə də fayda var. Həftəni artımla başlayan dollar indeksi hazırda 106 bənd səviyyəsinin üstündə mövqe tutub. Avropa və Britaniyadan gələcək olan inflyasiya rəqəmləri gözləntilərin üstündə açıqlanarsa, bu dollar indeksinin bahalaşmasına təkan verə bilər. Bazarlarda əsas əqdlərin dollarla icra edildiyini nəzərə alsaq, bahalaşa biləcək dollar indeksinin fond bazarları başda olmaqla, bütün bazarları təzyiq altında saxlayacağı kifayət qədər ehtimal olunandır. Texniki olaraq da indeksin həftə ərzində 107.8 bənd səviyyəsinə qədər bahalaşa biləcəyini istisna etmirəm. 

Son olaraq, aradabir qısamüddətli korreksiyalar olsa da, ümumi qlobal bazarların yaxın 2-3 həftə ərzində artım tempini qoruyub saxlama ehtimalı yüksəkdir. Ümumilikdə isə “Bitcoin”in 22800 dollar bəndini aşağı yöndə kəsib keçmədiyi müddətcə 27000 dollar həddinə qədər bahalaşma ehtimalı yüksəkdir.

Aqşin İSMAYIL, Qlobal maliyyə bazarları üzrə mütəxəssis