Qlobal bazarlarda və BTC-də son durum... - Mütəxəssis PROQNOZ verdi

Ötən həftə qlobal bazarlarda dollar indeksinin (DXY) 20 ildən sonra yeni rekord qırmasına şahidlik etdik. İndeks üzrə qiymət 109,5 bənd səviyyəsinin üzərində formalaşdı. Ümumiyyətlə, dollar indeksi dolların 6 aparıcı (funt sterlinq, yena, avro, İsveçrə frankı, Kanada dolları, İsveç kronu) valyutalara qarşı geometrik ortalamasından hesablanmaqdadır.

Aparıcı valyutaların məxsus olduğu ölkələrdə, gözləntilərin altında dərc olunan iqtisadi göstəricilər dollar indeksinin bahalaşmasını sürətləndirdi. Bahalaşan dollar fonunda, ABŞ səhm və fond bazarlarında enişlər baş verdi. Təbii olaraq bu enişlər özünü, əmtəə və kriptovalyuta bazarlarında da göstərdi.

Cari ticarət həftəsinin isə hərəkətli olması gözləniləndir. Həftə ərzində, Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayacaq və ardınca Mərkəzi Bank sədri mövcud monetar siyasətlə bağlı mətbuat konfransı keçirəcək. Əksər analitik, faiz artımı ehtimalını yüksək görür ki, belə olacağı təqdirdə avronun bahalaşması ehtimal ediləndir. Bu ehtimal özünü doğruldarsa, nəticədə dollar indeksində geri çəkilmə ehtimalı istisna edilmir. Mərkəzi Bank 0,75 faiz və üzəri faiz artımına gedərsə, bu zaman bazarlarda qısamüddətli qərarsızlıq hökm sürə bilər.

Yekun olaraq, cari həftədə dollar indeksində geri çəkilmə gözləniləndir. Belə olan halda isə, fond, əmtəə və kriptovalyuta bazarlarında ortalama 2-7 faizlik qiymət artımları görülə bilər. Kriptovalyuta bazarlarının lokomotivi sayılan, BTC-ni (bitcoin) ayrıca təhlil etsək, texniki olaraq 18600$ səviyyəsini aşağı yöndə kəsib keçmədiyi müddətcə, qiymətin 21400$ səviyyəsinə qədər bahalaşması gözləniləndir. Fundamental səbəblərdən dolayı, son günlərdə ETH (ethereum) alış və satış həcmlərinin artdığı görülməkdədir. Hazırda 1640$-dan ticarət edilən ETH-nin isə daha sürətlə bahalaşması proqnoz edilir.

Aqşin İSMAYIL