Gürcüstanda bankda 12 nəfəri girov götürən şəxsin qoyduğu vaxt bitdi - YENİLƏNİB + VİDEO

Kutaisi şəhərində “Gürcüstan Bankı”nın filialında insanları girov götürən qarətçinin tələblərinin yerinə yetirilməsi üçün qoyduğu vaxt başa çatıb.
Polislərin mühasirəyə aldıqları bank binasının yanında girovların ailə üzvləri toplaşıblar. Əraziyə əlavə qüvvələr cəlb olunub.
12 girovdan üçü qadındır.
Bundan əvvəl səsləndirilən tələblərdən birinin yanlış anlaşıldığı da bəlli olub. Gürcüstan KİV-də yayılan məlumata görə, qarətçi tilov deyil, rasiya tələb edirmiş. Qarətçinin dediyi “ankesi” sözü gürcü dilində bu hər iki mənanı verir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşlardan və KİV nümayəndələrindən bankın yaxınlığındakı ərazini tərk etmələrini istəyiblər.

14:35

Kutaisidə “Gürcüstan Bankı”nda 12 nəfəri girov götürən şəxs ofisin daxilində partlayıcı yerləşdirdiyini sübut edən kadrları sosial şəbəkədə yayıb.

“Burada bombalar qoymuşam, qapı açılan kimi partlayacaq”, - adam deyir.

Girovlardan biri isə deyir: “Onun üstündə saniyəölçən də var, o, zarafat etmir”.

Qarətçinin tələblərin yerinə yetirilməsi üçün qoyduğu vaxtın bitməsinə 30 dəqiqə qalıb.
14:06

Kutaisidə “Gürcüstan Bankı”nda 12 nəfəri girov götürən şəxs yeni tələblər irəli sürüb.

Məlumata görə, o, helikopter, tilov və Rusiya bayrağı istəyir. Əvvəlki iki milyon dollar tələbi də qüvvədədir.

Qarətçinin tələblərin yerinə yetirilməsi üçün qoyduğu vaxtın bitməsinə bir saatdan da az müddət qalıb.


13:39

Gürcüstanın Kutaisi şəhərində banka hücum edərək oradakıları girov götürən şəxs iki milyon dollar tələb edib.

Sosial şəbəkələrdə yayılan videoda qarətçi girovdan xahiş edir ki, onun tələbini səsləndirsin.

Girov öncə: “Üç saat ərzində iki milyon dollar gətirilsin”, - deyir. Sonra isə qarətçiyə xitabən: “Qardaş, öz tələblərini özün de”, - söyləyir.

Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, “Gürcüstan Bankı”nda hazırda 12 nəfər girov saxlanılır.


Həmçinin o da bildirilir ki, qarətçi bankın giriş qapılarını minalayıb, iki qadını isə girovluqdan azad edib.

Binanı polislər mühasirəyə alıblar.

DİN Kutaisidə bankda insanların girov götürülməsini terror aktı kimi dəyərləndirib.

13:18

Gürcüstanın Kutaisi şəhərində maskalı silahlı şəxs yerli banklardan birinə hücum edib.

O, bankdakı insanları girov götürüb.

Bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, naməlum şəxs həm müştərilər, həm də qurumun əməkdaşları da daxil olmaqla 10-a qədər adamı girov götürüb.

Hadisənin şahidləri bildiriblər ki, bank binasının yaxınlığında silah səsləri eşidilib. Şahidlərdən birinin sözlərinə görə, hücum edən şəxsin iki milyon pul tələb etdiyini eşidib, ancaq valyuta barədə dəqiq məlumat verilmir.

Hazırda hüquq-mühafizə orqanları girovların azad edilməsi üçün xüsusi əməliyyat keçirir.



Mənbə: Gazeta.ru, Sputnik Gürcüstan