Lombard fəaliyyəti ilə bağlı risklər azalacaq


Qanundan sonra lombardlar Mərkəzi Bankın icazəsi ilə fəaliyyət göstərməli olacaqlar

  Millət vəkili Vahid Əhmədov Parlamentin sonuncu iclasında növbəti dəfə "Lombardlar haqqında" qanun layihəsindən danışıb. Deputat 2019-cu ildən bu yana müzakirə olunan, lakin qəbul edilməyən qanun layihəsinin qəbulunun vacib olduğunu bəyan edib: "Lombardlar haqqında” qanun layihəsi üzərində müəyyən təzyiqlər var. İstəmirlər ki, biz bu qanunu qəbul edək. Mən başa düşürəm ki, lombardlarla əlaqədar olaraq maraqlar kifayət qədər böyükdür. Amma bu qanunun qəbulu çox vacibdir. Biz lombardların sayını belə bilmirik. 

Onlara lisenziyaların verilməsi, qeydiyyata alınması vacibdir”.   Ekspertlər də hesab edirlər ki, lombardların fəaliyyətinin qanunvericilik baxımından təkmilləşdirilməsi vətəndaşların hüquqlarının qorunması üçün zəruridir. Çünki əksər hallarda girovların geri qaytarılması ilə bağlı ciddi narazılıqlar var. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi lombardlar üzərində dövlət nəzarətinin sistemləşdirilməsinə imkan verəcək. Əgər lombard qanunlar çərçivəsində normal qaydada işləsə, bu, onlara olan etimadı da artıracaq. Həmçinin lombardlar vətəndaşlar üçün daha əlçatan olacaq. 

  Deputatın gündəmə gətirdiyi məsələni "Şərq"ə dəyərləndirən iqtisadçı Rəşad Həsənov deyib ki, faktiki olaraq tənzimlənməyən bir sahə var. Ekspert qeyd edib ki, mövcud qanunvericilik lombardların fəaliyyətinin sadəcə sahibkar olaraq qeydiyyatdan keçməklə işləməsinə imkan yaradır:

 "Bu da öz növbəsində riskləri artırır, çünki bu, maliyyələşmə sahəsidir. 2015-ci ildən sonra bu sahə daha da aktivləşib. Səbəbi bank sistemində yaranmış problemlər, bankların kredit vermə siyasətinin dəyişməsi, mexanizmlərin sərtləşməsi, vətəndaşların "problemli müştəriyə" çevrilməsi və s. idi. Lombardların çoxalmasına bunlar şərait yaratdı. Bütün maliyyə xidməti göstərən sahələr qanunla tənzimləndiyi, sosial sığorta bazarı, kredit bazarı, bank bazarı formalaşdığı halda lombardlarda heç bir hüquqi tənzimlənmə yoxdur. Bunun nəticəsində nə baş verdi? İnsanların hüquqları pozuldu, aktivlər dəyərindən aşağı qiymətləndirildi, kreditlərin geri qaytarılmasında problemlər yarandıqda heç bir hüquqi proses olmadan aktivlər aşağı dəyərlə bazara təklif olundu, yaxud lombard sahibləri tərəfindən mənimsənildi. Hətta elə olurdu ki, insanların bahalı zinət əşyalarını daha aşağı qiymətlərlə toplayıb, bir müddət sonra fəaliyyətini dayandıran müəssisələr də oldu. Yəni aradan çıxdılar. Qeyd edək ki, indiki halda toplanmış aktivlərlə bağlı da heç bir tələb yoxdur. Bu da insanların aktivlərinin zərər görməsinə, keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Yəni bu sahədə münasibətlərin tənzimlənməməsindən qaynaqlanan çoxlu sayda hüquq pozuntuları var". 

  R.Həsənov vurğulayıb ki, yeni qanun bir sıra istiqamətlərdə tənzimləmələr gətirəcək:

 "İlk növbədə qanun lombard fəaliyyətini icazəli, lisenziyalı fəaliyyət növünə çevirəcək. Qanundan sonra lombardlar Mərkəzi Bankın icazəsi ilə fəaliyyət göstərməli olacaqlar. Hesabatlılıq yaranacaq, ehtiyat normaları, nizamlama kapitalı ilə əlaqədar tələblər irəli sürüləcək, risklər qismən azalacaq. Digər tərəfdən sığorta mexanizmi təşkil olunacaq və lombardlar qarşısında bir sıra başqa öhdəliklər qoyulacaq. Akitvlərin qorunması, təhlükəsizlik tədbirlərinin görülməsi, ehtiyac yarandıqda bankların müvafiq xidmətlərindən istifadə edilməsi və s. məsələlər də təklif olunan qanun layihəsində əks olunub. Eyni zamanda faizlərlə bağlı da müəyyən limitləndirmə, yuxarı həddin təyin olunması ilə bağlı mövqe var. 
Bağlanan müqavilələr mütləq mərkəzi reyestr xidmətində və kredit bürolarında qeydiyyata düşməlidir ki, tərəflər arasında mülki münasibət formalaşsın. Bu da vətəndaşlara imkan verir ki, hüquqları pozulduqda məhkəmələrə üz tuta bilsinlər".