Pensiya yaşı mütləq azaldılmalıdır

Qadınlar sosial baxımdan dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızdır

  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) qadınların pensiya yaşının azaldılmasını təklif edib. Bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi"ndə öz əksini tapıb.

  Qadınların pensiya yaş həddinin azaldılması təklifini dəstəkləyən millət vəkili Razi Nurullayevin fikrincə  qadınların pensiyaya çıxmaq üçün son yaş həddi 60, kişilər üçünsə 62 olmalıdır: “Bəli, dünyada yaş həddi əsasən 65-dir. Axı o ölkələrdə tibbi əlçatanlıq, sosial yaşayış, əməkhaqları və rahatlıq bizimlə müqayisədə daha yüksək səviyyədədir. Biz özümüzü onlarla necə müqayisə edə bilərik? Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da çılpaq gözlə görürük. Kəndlərdə, qəsəbələrdə, rayonlarda, Bakının saysız-hesabsız gecəqondularında milyonlarla əhalimiz çətin vəziyyətdə yaşayır. Onun üçün də pensiya yaşını azaltmaq çox vacibdir. Ayda onlarla yas məclislərində oluram. Yaşlanıb ölənlərin sayı çox azdır. Bütün xəstəliklər də çox cavanlaşıb. 30 yaşlı cavan ürək tutmasından ölür, 20 yaşlı gəncin qan təzyiqi var, körpə uşaq onkologiya xəstəliyinə tutulur. Baxıram ki, rəhmətə gedənlərin çoxu 57-62 yaş arasıdır. Hətta qəbiristanlıqlarda da bir monitorinq aparmışam və son zaman ölənlərin əksəriyyəti yaşlanmadan dünyasını dəyişənlərdir. Biz gərək bu faktları nəzərə alaq”.

  Deputat  həmçinin təklif edib ki, sahibkarların hüquqlarını müdafiə edən biznes ombudsmanı məsuliyyətini də Ombudsman öz üzərinə götürsün. Onun sözlərinə görə, Ombudsman Aparatında sahibkarlarla bağlı xüsusi bir şöbə yaradılmalı, yaxud da ən yaxşısı məsul bir şəxs müəyyən edilməlidir: 

 “Bunu təxirəsalınmaz addım hesab edirəm. Sahibkarlıq fəaliyyətinin asanlaşdırılmasına və ölkəyə sərmayələrin cəlb olunmasına ehtiyac var. Dövlət qurumlarının fəaliyyəti, təəssüflər olsun ki, iş yerlərinin açılmasına şərait yaratmır. Qaydalar sərtləşdikcə, iş adamları ölkəni tərk edir və vəsaitləri buradan çıxarır. Sahibkarlıq fəaliyəyti və problemləri üzrə Parlamentdə ictimai dinləmənin keçirilməsini təklif edirəm”.

  Qadınların sosial baxımdan dəstəyə daha çox ehtiyacı olduğunu vurğulayan ekspertlər də pensiya yaşında onların sosial təminatının gücləndirilməsini prioritet hesab edir.  

  Millət vəkili Vüqar Bayramov isə “Şərq”ə  açıqlamasında deyib ki, ötən il Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclasında xanımlar üçün pensiya yaşının 65 deyil, 63 müəyyənləşdirilməsinin maliyyə əsaslandırılmasının hazırlanması təklifi irəli sürülüb: 

“ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu islahatın reallaşacağı halda maliyyə yükünün hesablanmasının həyata keçirilməsini və ona uyğun müzakirələrin davam etdirilməsini təklif etmişdik.
  Nəzərə almaq lazımdır ki, qadınlar sosial baxımdan dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızdır. Xüsusilə pensiya yaşında onların sosial təminatının gücləndirilməsi daha prioritetdir. Qadınlar və kişilər arasında pensiya yaşında fərqlər bir sıra ölkələrdə də var. Məsələn, Avstriyada kişilər üçün pensiya yaşı 65 olsa da, qadınlar üçün 60-dır. Uyğun olaraq Macarıstanda 64.5 və 62, İsveçrədə 65 və 64, Xorvatiyada 65 və 62.5 və s. Odur ki, Azərbaycanda da oxşar qaydanın tətbiqi məqsədəuyğun olardı.  Bu baxımdan, maliyyə yükünə uyğun olaraq bu istiqamətdə islahatlar davam etdirilməlidir. Bu təklifin maliyyə əsaslandırılması hazırlandıqdan sonra konkret müzakirələrin davam etdirilməsi mümkündür”.
  Qeyd edək ki, hazırda qadınlara güzəştli şərtlərlə pensiyaya çıxmaq imkanı verilir. 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ təmin edilir.