300-400 maaşla hər hansı kişinin gedib işləməsi real görünmür”

  Bu gün əksər ölkələrdə kişilərin və qadınların maaşı arasında ciddi fərq var. Bəzi ölkələrdə kişi və qadınlar eyni işi görsələr də, kişilər qadınlardan daha çox əməkhaqqı alırlar. Qeyd edək ki, əməkhaqqı məsələsində gender balansının pozulması Dünya Bankının da diqqət mərkəzindədir. 
  Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl və Avropa İttifaqının (Aİ) yerli nümayəndəliyinin rəhbəri Peter Mixalkonun 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı birgə yaydığı bəyanatda bildirilib ki, Azərbaycanda kişilər qadınlardan orta hesabla 35,2 faiz çox qazanır. Sənədə əsasən, bu, Avropa və Mərkəzi Asiyada qeydə alınmış ən kəskin fərqlərdən biridir: “Azərbaycanın əmək bazarında kişilərin və qadınların məşğulluq göstəricilərini mütləq nisbətdə müqayisə etdikdə kiçik gender boşluqları olsa da, onların harada və nə işlə məşğul olmaları arasında kəskin fərq var. Qadınlar daha az maaşlı sahələrdə, məsələn, səhiyyə və təhsildə işləməyə meyillidir, kişilər isə nəqliyyat və anbar xidmətləri, enerji və yaxud tikinti kimi daha yüksək maaşlı sahələrdə üstünlük təşkil edirlər”.
Səfirlər hesab edir ki, hüquqi məhdudiyyətlərlə daha da dərinləşən bu iş yeri seqreqasiyası Azərbaycanda gender maaşlarının yüksək fərqinə səbəb olur: “Son vaxtlara qədər Azərbaycanda qadınların iqtisadiyyatın bir çox sahələrində – nəqliyyatdan energetikaya, kənd təsərrüfatına kimi 674 işdə işləməsinə icazə verilməyib.
  Məsələn, qadınlar nə asfalt çəkə, nə qatar mühəndisi işləyə, nə də 14 oturacaqdan çox şəhər avtobusunu idarə edə bilməyiblər. Qadınlara yeraltı işlərdə işləmək, potensial təhlükəli işlərə və ağır fiziki əməyə cəlb olunmaq üçün qanunla qadağan edilmişdi. Keçmiş Sovet İttifaqından miras qalmış bu məhdudiyyətlər, ehtimal ki, qadınların sağlamlığını qorumaq məqsədi daşıyırdı, lakin hər bir iş riskin qiymətləndirilməsinə əsaslanmamalıdır. Üstəlik, son onilliklərdə texnologiyadakı irəliləyişlər, işin təbiətindəki və peşə sağlamlığı şəraitindəki dəyişikliklər nəzərə alınmalıdır.
  2022-ci ilin noyabrında Azərbaycan qadınların məşğulluğuna qoyulan bu iş məhdudiyyətlərini ləğv etdi, Dünya Bankı ilə birlikdə bu rolların qadınların sağlamlığı üçün heç bir xüsusi təhlükə yaratmadığını nümayiş etdirdi. Genişmiqyaslı məhdudiyyətlər əvəzinə, yeni qaydalar müəyyən işlərə sağlamlıq riskinə əsaslanan yanaşmanı qəbul edir. Bu müsbət inkişaf bütövlükdə iqtisadiyyata və cəmiyyətə fayda verəcək, təkcə qadınlara deyil, hamıya qazanc gətirə bilər”.
  Qeyd edək ki, rəsmi məlumata görə, ölkə üzrə muzdla işləyən qadınların orta aylıq əməkhaqqı 552,2 manat, kişilərin orta aylıq əməkhaqqı isə 851,7 manat olub.
  Qadın və kişilərin maaşı arasındakı kəskin fərqlə bağlı sosioloq Lalə Mehralı öz fikirlərini "Yenicag.az"la bölüşüb. Onun sözlərinə görə, kişilərdən fərqli olaraq qadınların işlə bağlı seçim imkanları olduqca aşağıdır. Bu isə qadınların az maaşlı işlərə üstünlük verməsinə yol açır: “Sözügedən statistik məlumat bir qədər də gender bərabərsizliyinin təməlini qoyur. Mental tərəfdən yanaşsaq, kişi və qadın əməyinin bir-birindən fərqli olduğunu etiraf etmək lazımdır. Lakin bərabər əmək tələb edən işlərdə maaş da eyni olmalıdır. Əgər kişi qadından daha çox enerji və əmək sərf edirsə, bu halda maaşında artımın olması normaldır. Kişilərin əskəriyyəti fiziki güc tələb edən işdə çalışır və bu, statistik göstəricilərdə özünü büruzə verir. Qadınlar bir çox hallarda ofisdaxili və ya nisbətən yüngül işlərdə çalışırlar. Elə qadınlar var ki, olduqca ağır şərtlər altında işləyirlər. Əgər kişi ailə başçısıdırsa, onun aşağı maaşlı işdə çalışmaq kimi şansı yoxdur. Çünki ailəsi onun qazandığı məvacib hesabına dolanır. Ailəli qadınlar adətən az maaşlı işdə çalışmağa da üstünlük verirlər. Düşünürlər ki, az da olsa evə əlavə gəlirin gəlməsini təmin edə bilirlər. Nəzərə almaq lazımdır ki, yüksək maaşlı iş yerlərində iş yükü də çox olur. Ona görə də qadınlar nisbətən az gəlirə qane olurlar. Bundan başqa, qadınların seçim imkanı zəifdir. Qadınlar hər mühitdə ola bilmirlər. Kişilər üçün bu cür seçim yoxdur və onlar istənilən mühitdə çalışa bilirlər”.
  İqtisadçı- ekspert Rauf Qarayev “Şərq”ə açıqlamasında sözügedən uyğunsuzluğu  gender bərabərsizliyindən  daha çox mentalitetlə əlaqələndirib. Onun sözlərinə görə, ölkədə kişinin çox pul qazanması mentalitet baxımdan ona görə irəlidədir ki, o, ailə başçısıdır və üzərinə daha çox yük düşür: “Statistik baxımdan götürsək ki, işə götürəndə kişilərə daha çox pul verilir, bu, düz deyil. Çünki bizdə cinsi ayrı-seçkilik yoxdur.  Gender fərqi qoyulmadan vəzifəyə uyğun işəgötürülənə  maaş verilir. Avropada isə bu məsələdə problem var. Orada bəzi hallarda cinsi ayrı-seçkilik olur və kişilər vəzifəsindən asılı olmayaraq daha çox əməkhaqqı alır. Bizdə isə bu hal yoxdur. Nə büdcədən maaş alanlarda, nə də özəl sahədə... Bizdə daha çox qazanmaq kişinin üzərinə ona görə düşür ki,  o, ailə başçısıdır və ailənin bir çox maliyyə ehtiyacları onun üzərinə düşür. Bu baxımdan da, qadınlara nisbətən kişilər daha çox əməkhaqqı almaq haqqında düşünür və belə yerlərdə işləməyə can atırlar. Məsələn, qadın müəllim olaraq maaşla kifayətlənirsə və bu maaş onun xırda ehtiyaclarını ödəyirsə, bununla qadın razılaşır, amma müəllim işləyən kişi məcburdur ki, digər iş yerləri də axtarıb tapsın. Bu göstərici baxımdan kişilərin qazancı qadınlardan çox ola bilər. Ona görə də bəzi hallarda az maaşlı yerlərə qadınlar gedir və onlar orada işləyir. Mentalitet təfəkküründə də formalaşıb ki, kişi qadından daha çox pul qazanmalıdır.
  Xaricdə, qeyd etdiyim kimi, gender bərabərsizliyi bu baxımdan var ki, kişilər daha çox vəzifəsindən asılı olmayaraq çox maaş alırlar”. 
  R.Qarayevin sözlərinə görə, bəzi hallarda işəgötürən də, öz qeydində yazır ki, yalnız qadınlar işə götürülür. Çünki 300-400 maaşla hər hansı kişinin gedib işləməsi real görünmür.