Sayğacları binada quraşdırmaq çətin proses deyil

Kommunal borclar problemi artdıqca, “qurunun oduna yaş da yanır”

"Bir neçə adamın borcuna görə ümumi binanın istilik təchizatını dayandırmaqla insanları üz-üzə qoyurlar"

  “Azəristiliktəchizat” ASC borcunu ödəməyən sakinlərə qarşı sərt tədbir kimi bütün bina sakinlərini istiliyə məhrum qoyub. 5 gündən çoxdur ki, Yasamal rayonu Zərdabi 69 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının istilik təchizatı dayandırılıb. Binada xeyli yaşayış olmayan mənzillər və uzun illərdir fərdi istilik sistemindən istifadə edən sakinlər var. Bu mənzillərə görə yaranan borc ümumi binanın borcu kimi hesablandığından “Azəristiliktəchizat” borc ödənənə qədər istiliyi bərpa etməyəcəyini bəyan edib. 

  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun “Şərq”ə açıqlamasına görə, kommunal borclar problemi artdıqca “qurunun oduna yaş da yanır”. Ekspertin sözlərinə görə, fərdi sayğaclar qoyulmadığı müddətdə binaların istilik  məsələsi aktual olacaq:

 “Xarici ölkələrdə artıq bu məsələ həll olunduğu üçün əhalinin istilik təchizatı zamanı xaotik vəziyyət yaranmır. “Azəristiliktəchizatı”nın mənzillərdə hələ də sayğac quraşdıra bilməməsi “kolxoz” siyasətinin tərkib hissəsidir. Bir neçə adamın borcuna görə ümumi binanın istilik təchizatını dayandırmaqla insanları üz-üzə qoyur ki, sakinlər bir-birinə təsir edib yığılan borcun ödənməsinə nail olsunlar. Sayğacları binada quraşdırmaq çətin proses deyil. Bunu çox sadə şəkildə həyata keçirmək olar. Bu gün insanların əksəriyyəti  ona görə istilik üçün pul ödəmir ki, istilikdən vaxtında yararlana bilmirlər. Sayğac sisteminin quraşdırılması bu sahədəki bütün problemləri aradan qaldıracaq. İstilikdən faydalanan sakinlər də pulunu ödəyəcəklər”.

  Fərdi istilik sistemlərindən istifadə edən sakinlərin borcu ödəməməsi səbəbindən digər sakinlərin istilik təchizatının dayandırılması birmənalı istehlakçı hüquqlarının pozulmasıdır: 

““Azəristiliktəchizat” öz işini vaxtında düzgün qurmalı və digər kommunal xidmətlər kimi mənzil sahibləri ilə bağlı fərdi yanaşma əks etdirməli idi. Əgər abonent öz üzərinə düşən vəzifəni yerinə yetirmirsə, vəsaiti vaxtında ödəmirsə, o zaman həmin müqavilədə təchizatçı tərəfin hər hansı tədbirlərə əl atması nəzərdə tutulmalıdır. Mexanizm elə qurulmalıdır ki, başqalarının hüquqlarını pozmadan atdığı addım qarşılığında onun qədərini ala bilsin. Bütün binada istiliyi dayandırmaq “Azəristiliktəchizat”ın hüququ deyil. Əslində bir abonentə görə bütün binanın istiliyi dayandırılmamalıdır. İşləri elə qurmaq olar ki, hər bir mənzilin istiliyini ayrıca dayandırmaq üçün şərait olsun”.

  E.Hüseynovun sözlərinə görə, yaşayış binalarında fərdi istilik sistemlərindən, yəni kombilərdən istifadə ətraf mühitin çirklənməsi, eləcə də əlavə yanacağın sərfi baxımından ekoloji problemlərin əmələ gəlməsinə səbəb olur:

 "Ona görə də binalarda mərkəzləşdirilmiş istilik sistemləri olmalıdır və bu da ərazi üzrə düzgün paylanmalıdır. Binaların mərkəzləşdirilmiş istilik sistemi ilə idarə olunması ilk növbədə ekoloji və sosial-iqtisadi baxımdan daha səmərəli və məqsədəuyğundur.

 Azərbaycanda güclü kombi “lobbisi” həyata keçirilir. Halbuki kombi digər istilik növlərindən bahalı və təhlükəlidir: “İnsanlar nə üçün kombiyə, İran sobalarına üz tuturlar? Çünki onlara lazım olan istiliyi oradan alırlar. Mən əgər istiliyi “Azəristiliktəchizat"dan ala bilirəmsə, kombi quraşdırmaq onun istismar xərcindən sərfəlidirsə, nə üçün daha artıq pul ödəyib kombi quraşdırım?".