Pensiyalar yenidən artırıla bilər

Bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququ var

“Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa, o zaman ona əlavə vəsaitinin 30 faizinin başqa məqsədlər üçün istifadə etməsinə  şərait yaradılmalıdır”

  Azərbaycanda pensiyalar yenidən artırıla bilər. Buna səbəb "Sosial Sığorta haqqında" qanuna edilən dəyişiklikdir. Yenilik nəticəsində Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri investisiyalara yönləndiriləcək. Yəni fondun gəlirləri xərclərindən çox olarsa, əldə qalan sərbəst kapital əlavə gəlir mənbəyinə çevriləcək. Bu həm pensiyalar, həm də pensiya kapitalının artımına şərait yaradır.

  Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev İTV-yə bildirib ki, bu əməliyyatların qanunauyğunluğuna, şəffaflığına, gəlirliliyinə, maliyyə və əməliyyat risklərinə nəzarət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İnvestisiya Şurası formalaşdırılır: "Hansı istiqamətlərə investisiya yönləndiriləcək, hansı hədəflər müəyyənləşdiriləcək, maliyyə və əməliyyat risklərinin nədən ibarət olacağı ilə bağlı İnvestisiya Şurası hər il bir dəfə investisiya sənədini təsdiqləyəcək".  Qeyd edək ki, yeniliklərdən əlavə əhalini sevindirəcək təkliflər də mövcuddur. Əhalinin istəyini nəzərə alaraq pensiya kapitalının fərqli istiqamətlərdə istifadəsi nəzərdə tutulur.

  Millət vəkili Vüqar Bayramov isə hesab edir ki, Azərbaycan vətəndaşları öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər. Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququ var. 

 Onun sözlərinə görə, bəzi ölkələrdəki kimi  vətəndaşların yığımlarının  səhiyyə xidmətini almaq, kommunal xidməti ödəmək, kredit öhdəlikləri olan vətəndaşların borcunu ödəmək üçün pensiya kapitalının bir hissəsinin bu istiqamətə yönləndirilməsi daha məqsədəuyğun olardı".

  Bəzi vətəndaşların pensiya kapitalının kifayət qədər böyük olduğunu vurğulayan V.Bayramov hesab edir ki, əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa, o zaman ona əlavə vəsaitinin 30 faizinin başqa məqsədlər üçün istifadə etməsinə  şərait yaradılmalıdır:

 “Bu həm yığımlara marağı artıra və qeyri-rəsmi məşğulluğun daha da leqallaşdırılmasına səbəb ola bilər".