50 manat cəriməni başa düşdük, lazımdır


Amma elə küçələr var ki, zibil qutularının sayı çox azdır

“Vəziyyətdən çıxış yolu tapmaq üçün həm inzibati cəzalar olmalı, həm də əhalinin özü bu məsələyə diqqət göstərməlidir”


  Bakıda bir sıra küçələrdə çəkiliş zamanı ərazilərdə zibil tullantılarının olması üzə çıxıb.
Bəzi şəxslər zibilləri qutuya atmaq əvəzinə onları avtobus dayanacaqlarının dəmirlərinə bərkidir və ya yerə atırlar.
  Küçələrin hər gün adiyyəti qurumların əməkdaşları tərəfindən təmizlənməsinə baxmayaraq insanların mütəmadi olaraq yerə zibil atması acınacaqlı vəziyyəti ortaya qoyub. Məlumat üçün bildirək ki, qanunvericilikdə ətrafı zibilləyənlər üçün 50 AZN cərimə nəzərdə tutulub.
Sakinlər isə şəhərimizin təmizliyinə riayət etməməyi zibilqabıların çatışmazlığı ilə əlaqələndirirlər.  Haqsız da sayılmazlar. Bakının bəzi küçələrində zibil qutuları çox azdır. Elə küçələr var ki, orada zibil qutusu ümumiyyətlə yoxdur. Əslində isə yaşayış binalarının ətrafından əlavə, adi küçələrdə 50 metrdən bir balaca zibil qutuları olmalıdır ki, yolla gedən şəxslər qutulardan istifadə edə bilsinlər. Çünki bəzən elə olur ki, bəzi Bakı sakinləri normal insan kimi əlində tutduğu kağızı, paketi atmaq üçün zibil qutusu axtarır, amma bir neçə küçəni adlasa da, istəyinə nail ola bilmir.
  Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, bu məsələ cərimələrlə yox, maarifləndirmə ilə həll olunmalıdır: “Bu problem ilk baxışda sadə görünsə də, əslində çox ciddi bir məsələdir. Bu məsələyə diqqət ayırmaq lazımdır. Biz ölkəmiz haqqında xarici ölkələrdə nə qədər təbliğat aparsaq da, məlumat versək də, Azərbaycanın böyüklüyündən danışsaq da, ölkəmizə hər gün minlərlə xarici ölkə vətəndaşının hərəsi bir statusda gəlir, gedir. Onlar küçədə bizim natəmizliyimizi, yerə tüpürməyimizi, binadan zibil atdığımızı gördükcə, ölkə haqqında kifayət qədər yaxşı olmayan fikrə gəlirlər. Xarici ölkələrdə olanda əhalinin bu cür davranışı məndə o ölkə haqqında dərhal təsəvvür yaradır. İnsanın həmin ölkəyə qarşı həmin dəqiqədə ya məhəbbəti artır, ya soyuq münasibəti yaranır. Digər tərəfdən, daxilimizdə olan mədəni insanların özləri də bu işlərdən sıxılır. Ölkənin özü o mədəni davranışı olan insanlar üçün darıxdırıcı bir məkan olur. Ona görə də bu məsələyə çox ciddi fikir vermək lazımdır. Vəziyyətdən çıxış yolu tapmaq üçün həm inzibati ölçülər olmalı, həm də ictimai fəallıq, yəni əhalinin özü bu məsələyə diqqət göstərməlidir. Başqa ölkələrdə yerə zibil atan hansısa turistin gəlib qolundan tuturlar ki, bura sənə yaşadığın ölkə deyil, təmizliyə riayət etməlisən. Digər tərəfdən, bu barədə maarifləndirmə işi də geniş olmalıdır. İndiki vaxtda hər bir ölkə üçün onun əhalisinin küçədə, bacada özünü nə dərəcədə mədəni aparmaq göstəricisidir. Bu göstərici geridə olsa, nə qədər parklarımızı, küçələrimizi gözəlləşdirsək də, elə hesab edin ki, bu işlərimiz yarımçıq olur”. Sosioloq həmçinin qeyd edib ki, küçələrdəki zibil qablarının sayı da azdır: “Zibil sahələri üçün az yerlər ayrılır. Hətta elə yerlər var ki, zibil qabları qoyulur, ancaq düzgün yerdə deyil”.