Toyuq ətinin qiyməti ucuzlaşmayacaq

Olsa belə, ciddi fərq hiss olunmayacaq
 

  Arpa, buğda, kəpək kimi dənli bitkilərin qiymətində enmə müşahidə olunur.
"Xezerxeber.az"ın məlumatına görə, ucuzlaşma 10-20 qəpik arasında dəyişir: “Satıcılar deyiblər ki,  arpa 60 qəpiyə satılır. Əvvəlki qiymət isə 75-80 qəpik arasında dəyişirdi. Satıcılar deyirlər ki, qarşıdan biçin mövsümü gəlir. Qiymətlərin bir qədər də enəcəyi ehtimal edilir.

Qeyd edək ki, dənli bitkilərin ucuzlaşmasının  toyuq ətinin qiymətinə təsir edəcəyi ehtimal edilir.  İqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, idxal olunan quş yemi gömrük rüsumundan bir neçə illik azad olunmuşdu: "Həmçinin ölkədə artıq buğda və arpanın biçim mövsümü başlayıb. Bu da sözsüz ki, qiymətlərin aşağı enməsinə təsir göstərir. Hesab edirəm ki, bu baxımdan toyuq ətinin qiymətində enmə müşahidə edə bilərik. Çünki bundan əvvəl quş əti istehsalçıları yemin bahalaşması ilə əlaqədar qeyd edirdilər ki, "Yem bahadır və quş ətinin qiyməti artıb”. Əgər yem ucuzlaşıbsa, demək, quş ətində də 15-20 faiz qiymət enimi müşahidə edə bilərik".

  Kənd təsərrüfatı eksperti Rauf Qarayev isə ”Şərq”ə açıqlamasında deyib ki, toyuq ətinin ucuzlaşması üçün tək dənli bitkilərinin ucuzlaşması əsas deyil. Bu, sadəcə ucuzlaşmanın komponentlərinin biridir: 

“Toyuqlar üçün istifadə olunan  digər yemlər də var,  həmçinin onun saxlanması,  xəstəliklərdən müalicə olunması, qorunması üçün  dərmanlar da  var. Bu  sahədə kompleks şəkildə ucuzlaşma olmadığından  toyuq ətinin qiymətinin ucuzlaşacağını düşünmürəm.  Belə bir şey olsa belə, ciddi fərq hiss olunmayacaq”.