"Günay Bank"ın lisenziyası ləğv edilib

Ölkədə fəaliyyət göstərən bankların sayı 24-ə düşdü

Proses bununla bitməyəcək, bir neçə bank var ki, onların bağlanmaq ehtimalı da yüksəkdir


  Azərbaycan Mərkəzi Bankı "Günay Bank"ın lisenziyasını ləğv edib.
AMB bu qərarı məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 faizdən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən verib.  Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib, eləcə də kredit təşkilatına müvəqqəti inzibatçı təyin edərək onun idarә olunması üzrә bütün sәlahiyyәtlәri, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verib.

  AMB-nin açıqlamasında bildirilib ki, (AMB) lisenziyasını ləğv etdiyi “Günay Bank” ASC-nin ölkənin bank sektorunun aktivlərində xüsusi çəkisi 0,6 faiz, kredit portfelində 1 faiz, öhdəliklərində isə 0,5 faiz təşkil edir. Bankın lisenziyasının ləğv edilməsi sektorun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. 

  Lisenziyası ləğv olunmuş “Günay Bank” ASC-nin İdarə Heyətinin sədri Baratəli Piriyev qısa açıqlamasında deyib ki,  bu, dövlətin qərarıdır, heç nə deyə bilmərik. AMB bunu hansısa formada əsaslandırıb. Bizə müəyyən xəbərdarlıqlar edilmişdi ki, problemləriniz var, məcmu kapitalınız azdır. Biz də onu artırmağa hazırlaşırdıq, iyulun 5-i səhmdarların növbəti ümumi yığıncağını keçirib nizamnamə kapitalının artırılması məsələsini müzakirə edəcəkdik.

  İqtisadçı-alim, deputat Vüqar Bayramov isə  deyib ki, bankın bağlanması onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilib. O bildirib ki, bank müflisləşən zaman depozitlərinin həcmi 108 milyon 566 min manat olub: "Bu portfelin 38.5 milyon manatı sığortalanmış əmanətlərdir. Mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq depozit sahiblərinə geri qaytarılacaq. Mərkəzi Bankın məlumatına görə, bankın əmanətçilərinin say etibarıilə 99,9 faizinin əmanətləri kompensasiya olunacaq. Bununla belə, bankda olan 70 milyon manata yaxın əmanət sığortalanmayıb. Əmanətçilər ilə depozit portfelinin həcminin müqayisəsi göstərir ki, sığortalanmamış əmanət az sayda vətəndaşlara məxsusdur. Yəni bir sıra şəxslərin bu bankda milyonlarla ifadə olunan əmanətləri olub.
  Hazırda fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanır. Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan dividend faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir. Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlərisə praktik olaraq bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda qaytarıla bilər. Bununla belə, qorunmayan əmanətlərin taleyi ilə bağlı Fond tərəfindən real addımların atılmasına ehtiyac var. Zəif bankların müflisləşməsi deyil, sağlamlaşdırılması daha prioritet olmalıdır".

  İqtisadçı-ekspert Samir Əliyev isə “Şərq”ə açıqlamasında deyib ki,  “Günay Bank” ASC-nin bağlanması xəbəri bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə təhlükə yaratmayacaq. Bununla da ölkədə fəaliyyət göstərən bankların sayı 24-ə düşdü:  

“Qısaca qeyd edim ki, proses bununla dayanmayacaq. Bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir. Bu həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir. Bu siyasət də ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur. Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək.  Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir”.