Hədəflənən inflyasiya...

Onun əldə edilməsi hələlik zaman tələb edəcək

"Mərkəzi Bank uçot dərəcəsinin dəyişməz qalması barədə qərar qəbul edib. MB bu qərarın yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul olunduğunu bildirib".

 Bu barədə millət vəkili Vüqar Bayramov deyib. İqtisadçı bildirib ki, inflyasiya səviyyəsi hələ də hədəflənən həddən yüksəkdir:

 "İyun ayında əvvəlki aya nəzərən 0.9 faizlik deflyasiya (əks inflyasiya) qeydə alınması istehlak tələbinin tənzimlənməsindən daha çox mövsümi faktorlar ilə bağlıdır. Aydındır ki, bu faktorlar xüsusən sentyabrdan başlayaraq minimumlaşacaq. İdxal inflyasiyasının təsirləri azalsa da, yenə də strukturda payı yüksək olaraq qalmaqdadır. Bu baxımdan illik inflyasiyanın iyunda 10.6 faiz təşkil etməsi nə arxayınçılıq üçün əsas olmalı, nə də tendensiyanın növbəti aylarda da eyni davam edəcəyi anlamına gəlməməlidir. Bu isə o deməkdir ki, hədəflənən inflyasiyanın əldə edilməsi hələlik zaman tələb edəcək".
  
Parlamentari vurğulayıb ki, uçot dərəcəsinin kredit faizlərinə təsirlərinə gəldikdə isə etiraf etmək lazımdır ki, hələlik bu alətin borc bazarlarına təsirləri minimumdur: 

"Faiz dəhlizinin yuxarı və aşağı hədlərinin dəyişdirilməməsi də ondan xəbər verir ki, mövcud kredit faizlərində ciddi dəyişiklik gözlənilmir. Bu baxımdan Mərkəzi Bankın kredit bazarına təsir edəcək digər alətlərindən daha fəal istifadəsinə ehtiyac var".