Xalq artistindən Nadirə:“ İndi hansı toyda “Maral-maral”səslənir?!”

Gülyanaq Məmmədova:“Yəni bir müddət bu mahnılar gəlir, sevilir, amma daimi yaşamır”

“Ucuz, bayağı mahnılar yavaş - yavaş yaddaşlardan silinir. Yenə də əsl sənət, gözəl ifalar öz yerində qalır” 




Son illər qədim tarixə malik olan musiqi ənənələrimiz unudulmağa başlayır. Üzeyir Hacıbəyov, Qara Qarayev, Cahangir Cahangirov kimi dahi bəstəkarlar yetişdirmiş Azərbaycana meyxansayağı, sənətdən uzaq olan mahnılar sırınır. Gənclərimizin zövqü günbəgün korlanmaqdadır . Onlar əsl musiqilər əvəzinə bayağı mahnılar dinləyirlər. Beləliklə də efirlərimizi, səhnəmizi ucuz və şit mahnıların dilettant və zövqsüz müğənniləri “bəzəyir” . Xalqın gözü Şövkət Ələkbərova, Mirzə Babayev, Rəşid Behbudov kimi sənətkarları axtarır.

Amma nə o dahilər qayıdacaq , nə də musiqimizi korlayanlar gedəcək. Əlbəttə, Flora Kərimova kimi şedevr sənətçilərimiz də var. Təəssüf ki, onları da efir məkanımızda tez-tez görmürük.

İncəsənət aləmindəki xaotik durumu dəyərləndirən xalq artisti Gülyanaq Məmmədova “Sherg.az”a bunları söyləyib:

"Bir müəllim və xanəndə kimi meyxanasayağı  mahnıları qəbul edə bilmərəm. Müasir gənclərimiz dinlədiyi üçün efirlərimizdə belə mahnılar səslənir. Fikrimcə, onlar yavaş -yavaş unudulacaq. Onsuz da həmişə əsl sənət yaşayır. Həmin musiqilər tutarlı deyil. Xalq musiqimiz və onun üzərində qurulan dəyərli bəstəkarlarımızın mahnıları kimi əsərlər az-az yazılır. Demək olar  ki, yox səviyyəsindədir. Amma bəzi telekanallar reytinq xatirinə həmin müğənniləri dəvət edib gündəmə gətirirlər. Bacardığımız qədər musiqimizi qorumağa çalışırıq. Bu günə qədər də efirdə bayağı və ya toy mahnıları oxumamışıq. Əlbəttə, biz də toylara gedirik. Lakin efirdə tamaşaçıların zövqünü korlamamağa çalışırıq”. 

“Meyxanasayağı janrda ifa edənlərlə eyni verilişə dəvət almısınızmı?” sualına gəlincə, xalq artisti  belə halın olduğunu söyləyib:

“Bəli, getmişik, xətirlərinə dəyib, tənqid etməmişik. Hörmətlə yanaşmışıq. Onların içərisində yerini bilən mügənnilər olub. Məsələn, mikrofonu götürəndə məndən üzrxahlıq ediblər ki, sənətkarın qarşısında oxuyuruq. Amma bəziləri də var ki, yanlarında 3 -4 köməkçi ilə gəlirlər. Zövqləri korlamaqlarına baxmayraq özlərini sənətkar hesab edirlər. Onları da tənqid etmirəm. Nəticədə bu cür seviliblər”. 

G.Məmmədova keçmişdə də bayağı mahnıların olduğunu vurğulayıb:

“Uşaqlıq illərimizdə kasetlərdən dinləyirdik. Amma indi onlar yoxdur. Yenə də əsl sənət, gözəl ifalar öz yerində qalır. Amma bayağı, ucuz mahnılar yavaş - yavaş yaddaşlardan silinəcək. Məsələn, əvvəllər bir mahnı var idi. Həmin mahnını hamı toylarda ifa edirdi. Hər kəsə də xoş gəlirdi. Hazırda o mahnı səslənir? Yox. Dostumuz Nadir Qafarzadənin çox gözəl mahnıları var, yaxşı ifa edir. Bir vaxtlar “Maral-maral” mahnısı dəbdə idi. Xalq tərəfindən də sevilmişdi, biz də ifa edirdik. İndi hansı toyda səslənir?Yəni bir müddət bu mahnılar gəlir, sevilir, amma daimi yaşamır. Yenə də xalqımızın zövqü gözəldir. Baxmayaraq ki, gənclərimiz meyxanasayağı mahnıları çox dinləyir. Amma eybi yox. Onları da başa düşmək olar. Tənqid edə bilmərik. Həmin müğənnilərin içərisində özünəməxsus ifa tərzləri olanlar da var ki, onları da sevilirlər”.

Samirə Ərəbova