İlkin Əhmədov SÜKUTU POZDU:“Elə mahnılar oxumuram”

Son illər qədim tarixə malik olan musiqi ənənələrimiz unudulmağa başlayır. Üzeyir Hacıbəyov, Qara Qarayev, Cahangir Cahangirov kimi dahi bəstəkarlar yetişdirmiş Azərbaycana meyxansayağı, sənətdən uzaq olan mahnılar sırınır. Gənclərimizin zövqü günbəgün korlanmaqdadır . Onlar əsl musiqilər əvəzinə bayağı mahnılar dinləyirlər. Beləliklə də efirlərimizi, səhnəmizi ucuz və şit mahnıların dilettant və zövqsüz müğənniləri “bəzəyir” . Xalqın gözü Şövkət Ələkbərova, Mirzə Babayev, Rəşid Behbudov kimi sənətkarları axtarır.

Amma nə o dahilər qayıdacaq , nə də musiqimizi korlayanlar gedəcək. Əlbəttə, Flora Kərimova kimi şedevr sənətçilərimiz də var. Təəssüf ki, onları da efir məkanımızda tez-tez görmürük.

İncəsənət aləmindəki xaotik durumu "Sherg.az"a dəyərləndirən əməkdar artisti, tanınmış xanəndə İlkin Əhmədov isə qeyd etdi ki, bu məsələyə böyük sənətkarlar rəy bildirməlidirlər:

“Bu məsələ haqqında fikir bildirməyə səlahiyyətim imkan vermir. Çünki məndən yaşda da, sənətdə də böyük olanlar var. Bu mövzu haqqında onlar danışa bilər. Onların qarşısında rəy bildirməyi özümə yaraşdırmaram. Sadəcə sənətimlə məşğul oluram. Opera sahəsində çalışıram. Mən elə mahnılar oxumuram. Ruhuma yaxın əsərləri ifa edirəm. Beləliklə də, yaxşı musiqini təbliğ etməyə çalışıram. Yenə də deyirəm bu mövzu haqqında böyük sənətkarlarımız fikir bildirməlidir.Onların yaşına gəlib çatanda mənim də danışmağa, tənqid etməyə haqqım olacaq. Belə mahnılar haqqında fikir bildirmək mənim yaşımda olan sənətçilər üçün tezdir”.

Samirə Ərəbova