Şairdən bəstəkara TƏNQİD:“Reaksiya verilsin deyə gülməli yazır”

“Xalq arasında müəyyən etirazlara, müzakirələrə səbəb olur”

“Bəzi şeirlərinin üzərində işləsə, yaxşı alına bilər”



Əməkdar artist, müğənni Elza Seyidcahan sənəti ilə yanaşı yazdığı şeirlərlə də tez-tez gündəmə gəlir. Amma onun yaradıcılığı birmənalı qarşılanmır. Kimi onun şeirlərinə loyal yanaşır, kimi isə sərt tənqid edir. Maraqlı məqam budur ki, Elza xanımın özü poeziyaya , şeiriyyata iddialı görünür. 

Görəsən, E.Seyidcahanın şeirlərini poeziya numunəsi hesab etmək olarmı? 

Sualımızı cavablandıran Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, tanınmış şair Qəşəm Nəcəfzadə “Sherg.az”a açıqlamasında E.Seyidcahanın bəzi şeirlərini bəyəndiyini söylədi:

 “Bir dəfə Elza xanımın şeirləri ilə bağlı fikir bildirdim, onun xətrinə dəydi. Hətta cavab verdi. Elza Seyidcahan bəstəkarlıq nöqteyi-nəzərdən istedadlı sənətçidir. Əslində şeirlərinin üzərində işləsə, müəyyən qəlibə salsa, yaxşı ola bilər. Bəzən Elza xanım  insanlarda maraq doğurmaq üçün qəsdlə o şəkildə yazır. Onun şeirlərində tənqid, sarkazm daha çoxdur. Əlbəttə fikrini belə ifadə edə bilər. Məsələn Mirzə Ələkbər Sabir fərqli tərzdə fikir bildirirdi. Elza xanım da öz tərzində düşüncələrini izah edir. Amma xalq arasında müəyyən etirazlara, müzakirələrə səbəb olur”.

 Q.Nəcəfzadə onu da qeyd edib ki, E.Seyidcahanın şeirləri daha çox oxunur: 

“Elə saytlar var ki, Musa Yaqubun şeirlərini paylaşmır. Amma E.Seyidcahanın yazdıqlarını tez-tez gündəmə gətirir. Görürsən ki, xeyli dərəcədə baxış sayı toplayır. Yəni insanlarda maraq doğurur. Bir dəfə Tolikin aparıcılığı haqqında mənfi rəy bildirdim. Mənə dedilər ki, Tolik 1 ay ərzində televizyaya 200 000 AZN gəlir qazandırır. Deməli, insanlar ciddi formatlı verlişlərdən çox əyləncəli proqramları üstün tutur”.

Şair bildirib ki, Elza Seyidcahanın bəyəndiyi şeirləri olsa da, Elza xanım bəzi şeirlərini insanlar reaksiya versin deyə gülməli yazır: 

“Məsələn oğlum Kəramət Böyükçölün yeni əsəri çap olunmuşdu. Bir xanım tənqid edərək yazmışdı ki, kitabı oxumağa dəyməz. Sonda isə ikinci kitabın nə vaxt çıxacağını soruşmuşdu. Deməli, insanların maraq dairəsi qəribədir. Bəzən ən pis əsəri belə insanlar daha maraqla oxuyur. Demirəm ki, Kəramətin əsəri pis idi. Bizim kənddə bir əhvalat olmuşdu. Kənddə işıqlar yanmırdı, kənd sakini telekanalların birinə dəfələrlə yazıb. Amma gəlib xəbəri yayımlamayıblar. Axırda yazıb ki, kənddə üç ayaqlı buzov doğulub. Bu xəbərdən sonra bütün telekanallar çəkiliş üçün kəndə gəliblər. Görürsüz ki, camaatın marağı fərqli işlərədir. Elza xanıma hörmətim var. Gözəl müğənni, istedadlı bəstəkardır. Bəzi şeirlərinin üzərində işləsə, yaxşı alına bilər. Digər şeirlərində isə satira var. Cəmiyyəti tənqid etdiyi üçün reaksiya yaranır, müzakirələrə səbəb olur. Təbii ki, şeiri bəyənənlərlə yanaşı bəyənməyənlər də ola bilir”.

Samirə Ərəbova