Qarabağ yenə cənnət olacaq

Gülyanaq Məmmədova: "Çünki bizim iradəli, güclü dövlət başçımız var"

İstər 44 günlük döyüş müddətində, istərsə də daha sonra sevilən sənətkarların, görkəmli mədəniyyət xadimlərinin  təəssüratlarını, ürək sözlərini xalqa çatdırdıq. Onlar həyəcanlarını, zəfərdən doğan sevinclərini bizimlə bölüşərək, oxucularımıza xoş əhval-ruhiyə bağışladılar.

Növbəti dəfə bizimlə həmsöhbət olan Xalq artisti Gülyanaq Məmmədova da keçirdiyi xoş hissləri "Şərq" vasitəsi ilə dilə gətirib: “Vətənin  bir övladı kimi sevinirəm. Qələbə bizimdir. Allahın izni ilə torpaqlarımız bizim olacaq.

Artıq  şübhəmiz yoxdur. Bizi kövrəldən bir məqam da var. Şəhidlərimizin itkisi hər birimizi sarsıdır. Amma torpaq uğrunda ölən varsa vətəndir. Onlar  Vətən yolunda canlarını fəda ediblər. Ruhları şad olsun. Ailələrinə səbr diləyirəm. Onu da deyim ki, torpaqlarımızın  azad olunmasını illərdir gözləyirik.

Bu səbəbdən də çox sevincliyəm. Uşaqlıq illərimdə gördüyüm Şuşanı, Cıdır düzünü həmişə arzulayırdım. Ağdərədə 1991-1992-ci illərdə müharibənin ağır vaxtlarında əsgərlərimizə konsertlər vermişəm.

Ona görə torpaqlarımıza qovuşacağımız günü səbirsizliklə gözləyirdim. Artıq illərin həsrətinə son qoyulub. Könlüm çox fərəhlidir. İnşallah, Şuşadan, Laçından, Xocalıdan səsimiz gəlsin.

O torpaqlar muğam, tar-kaman üçün darıxıb, hər qarışında nəğmələrimizi yüksəldəcəyik. Bayram şənlikləri quracağıq. Qarabağ onsuz da hər zaman cənnət olub, yenə olacaq.

Çünki bizim iradəli, güclü dövlət başçımız var. Hamımız onun siyasətini dəstəkləyirik.  Qarabağ quruculuq işləri ilə yaxın gələcəkdə əvvəlkindən də gözəl olacaq. Əminliklə deyə bilərəm ki, bir çox bayram şənliklərimiz orda qurulacaq.  Hamımız, bütün müğənnilər, sənətçilər Qarabağa üz tutacağıq”.