Xudayarla birgə tarixləşən “Vətən yaxşıdır”ın fəlsəfəsi... - Video

Günlərdir uşaqlı - böyüklü hər kəsin sevimlisinə çevrilən "Vətən yaxşıdır" mahnısı Xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə bəstələdiyi mahnıdır... Mahnı ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Ə.Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu mahnının sözləri yaranır. 60 il əvvəl isə Ə.Məmmədov bu şeirə mahnı bəstələyir. Oradakı "terek" sözü isə "xəzər" ilə əvəz edilir.

Ə.Məmmədov həmişə Ə.Vahidi xatirələrində gözəl xatırlayıb, onun sözlərinə təsniflər bəstələyib...

Görkəmli xanəndə Ə.Məmmədov mahnı haqqında isə bunları deyib:

"Bu mahnını 1960-cı ildə yazmışam, ilk ifaçısı da özüm olmuşam. Məndən sonra bu mahnını demək olar ki, bütün məşhur ifaçılar oxuyublar. Hətta həmin illərdə Təbriz radiosu ilk olaraq mənim mahnım ilə günə başlayır, daha sonra isə “Danışır Təbriz” deyirdi". Mahnı sonralar Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib."Xudayar təsnifi" Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşıb.  Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünü videoya alıb. Həmin video sosial şəbəkələrdə trendə çevrilib.

Ə.Məmmədov Xudayarın ifası haqqında deyib:

"Şəhid Xudayar Yusifzadənin videosunu izlədim, çox gözəl səsi var imiş, heyif o səsdən. Bir tərəfdən mahnının dillər əzbəri olması məni sevindirir, digər tərəfdən isə Xudayarın vaxtsız itkisi məni çox kədərləndirir. O görüntülər hamıdan çox mənə təsir etdi. Nə deyim, Vətən sağ olsun"!
Xatırladaq ki, Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb, daha sonra isə şəhid olub.


Hazırladı: Ağarza Elçinoğlu