“Səhnənin qoxusu və tozu üçün darıxmışam” - Fotolar

Tanınmış aktrisa, xalq artisti Məleykə Əsədova teatra olan həsrətini dilə gətirib.
“Sherg.az”xəbər verir ki, o köhnə tamaşalardan fotolarını paylaşaraq bu sözləri yazıb: 

“Teatr ikinci evimizdir, doğma məkanımızdır. Teatrda əsrləri fəth edən neçə-neçə insan taleləri yaşayır.  Bir insan öz taleyini, razı, narazı yaxud xoşbəxt Allahın bəxş etdiyi ömrü yaşayır.  Amma biz aktyorlar neçə-neçə insan taleləri canlandırırıq səhnədə. Buna ürək və dözüm gərəkdir.

Həmin həyatlar  bədbəxt, xoşbəxt, ərköyün, xəstə, yaxud da kraliça ola bilir. Nakam məhəbbətə uğramış bir insanı canlandırırıq. Bəli, bu aktyor həyatıdır. Kənardan asan görünür.

Lakin çox çətindir. Hər dəqiqə ürək və beyinlə işləyən sənətdir. Məsuliyyətli və möhtəşəm işdir. Mükafatı isə tamaşaçı alqışıdır.
Ürəyimizi, həyatımızı  səhnəyə qurban verdiyimiz aylar, illər ötür. Hər gün efirlərdə olsam da, evdə kitablarla, şerilərlə vaxt keçirsəm də ikinci evim üçün çox darıxıram. 

31 ildir dövlət teatrındayam, 1 gün belə fasilə vermədən işləmişəm. İlk dəfədir ki, 8-9 aydır səhnəyə çıxmırıq. Bu aylar ərzində boş vaxtım da olmayıb. Müxtəlif janrlarda şeirlər hazırlamışam.

Yenə də Obrazlarımız, sənət dostlarımız, səhnə işçiləri, səhnənin qoxusu və tozu üçün darıxmışam. Mən səhnə üçün doğulmuşam”