Qarabağ filmi Sınava həvalə olundu: “Rusdansa, türk oğlu yaxşıdır”

Qarabağ haqqında film Türkiyənin “Sinegraf” kino şirkətinin rəhbəri, rejissor Osman Sınava tapşırılıb. O, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündən danışıb.

O.Sınav bildirib ki, görüşdə mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, gələcək hədəflər müəyyənləşdirilib:

"Hazırda Qafqaz İslam Ordusunun köməyi ilə Bakının azad edilməsindən sonra Azərbaycanın Türkiyədəki Qurtuluş savaşına yardımı və dəstəyi mövzusu ilə bağlı ciddi layihə üzərində işləyirik.Təbii ki, layihə reallaşdırıldığı zaman həm Azərbaycan, həm də Türkiyə telekanallarının öz dəstəklərini əsirgəməyəcəklərindən əminəm”.

Qeyd edək ki, O.Sınav Türkiyədə və dünyada populyarlıq qazanan bir çox film və teleserialların rejissorudur. O, "Deli Yürek", "Kurtlar Vadisi", "Sən Anlat Kara Deniz" və s. məşhur teleserialları ərsəyə gətirib.

"Sherg.az"la həmsöhbət olan tanınmış rejissor, aktyor Rövşən İsax isə mövzu ilə bağlı bunları söyləyib:

"Uğurlu olsun. Osman Sınav çox yaxşı rejissordur. Damarında türk qanı axan bir adamın Qarabağ haqqında film çəkməsi sevindiricidir. Rusdan, farsdansa bir türk oğlu yaxşıdır. Osman Sınav da peşəsində özünü sübut edib".