"Bilirdim xəstə olduğunu, amma..."  - Həmkarları Xalq artistinin vəfatından üzülüblər

Azərbaycan mədəniyyətinin, teatr və kinosunun itirdiyi sevilən  sənətkar – Ramiz Məmmədov 64  yaşında amansız xərçəng xəstəliyi ucbatından bu dünya ilə əbədi vidalaşdı.



Ramiz Məmmədov 1956-cı ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan R.Məmmədov Musiqili Komediya Teatrına dəvət alır, elə ilk günlərdən özünün fitri istedadı, özünə məxsus oyun tərzi ilə kollektivdə nəzərini cəlb edir, ilk rolları ilə tamaşaçıların get-gedə böyük rəğbətini qazanır. "Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq etmişdir. Ramiz Məmmədov yaradıcılığı tək teatrla deyil sənətkar həmdə televiziyada xidmətləri böyük olub. O,  "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanır.

R. Məmmədov teatra sədaqətlə bağlanan, onun qayğılarına fədakarlıqla xidmət göstərən bir insan olub. Onun 1988-ci ildən 1996-cı ilədək teatrın böhranlı vəziyyətində ağır repertuar yükünü çiyinlərində daşıması dediklərimizə sübut olmuşdur. Aktyor 2001-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüş, 2013-cü ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülmüş, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.



Həmkarları Ramiz Məmmədov itkisinin Azərbaycan mədəniyyəti üçün çox ağır olduğunu bildirdilər.

Xalq artisti Fatma Mahmudova: 

- Ramiz Məmmədovun gedişi Azərbaycan teatrına, televizyasına, kinosuna ağır itkidi. Çünki belə aktyorun yetişməsi üçün çox böyük zaman lazım olur. Ramiz  müəllimlə biz uzun illər səhnədə birlikdə oynamışıq. Şox gözəl bir tərəf-müqabil idi. Ən ağır tamaşanı belə çiyinlərində daşıya bilirdi. Öz peşəsinə ən sadiq olan insan olub. Ramiz Məmmədov həm böyük sənətkar, həm də gözəl ata idi. O, bizim cəmiyyətə dəyərli övladlar yetişdirib. Çox heyif ki, bu cür sənətkar bizim sıralarımızdan getdi. Allah rəhmət eləsin, ailəsinə və onu sevənlərə baş sağlığı verirəm.

Əməkdar artist Nahidə Orucova:

 -Ramiz müəllimlə uzun illər bir yerdə çalışdıq. Sumqayıt Teatrından çıxıb Musiqili Komediya Teatrına gələndə ilk rolum məhz Ramiz Məmmədovla tərəf-müqabil olduq.  Və uzun müddət demək olar ki, əksər tamaşalarda mən olunla müxtəllif səpkidə rollarda oynadım... Bir aktrisa kimi onu deyə bilərəm ki, Ramiz müəlllimin itkisi sənətimiz üçün çox ağır dərddir. Son dönəmlər ara-sıra onunla danışırdım, telefonla hal-əhval saxlayırdım. Bilirdim xəstə olduğunu, amma onun vəfatı mənə çox təsir elədi. Allah ailəsinə, biz dostlara səbr versin!

Əməkdar artist Nadir Xasıyev:

- Ramiz Məmmədovla gənc yaşlarımdan bir yerdə çalışmışam. Müxtəlif tamaşalarda tərəf-müqabil olmuşam. Ramiz Məmmədov komediya janrında yetərincə bacarıqlı və istedadlı aktyor idi. Onun öz dəsti-xətti var idi. Hər bir rolu incəliyinə kimi diqqət edib, ifa edirdi. Komediya janırında Ramiz Məmmədov tipdə aktyor çətin olur, çünki belə aktyorun yetişməsi zaman lazımdır. Bir çox dönəmdə Ramiz Məmmədov Teatrımızın əsas tamaşalarda baş rolları ifa edirdi. Onun səsi, səhnə mədəniyyəti  imkan verirdi ki, o baş rolları ifa etsin. Allah rəhmət eləsin, başımız sağ olsun!

Əməkdar artist Emma Məlikova:

 - Azərbaycan teatrı və kinosu gözəl və istedadlı bir aktyoru itirdi. Biz həm də gözəl və sadiq dostumuzu, tərəf-müqabilimizi itirdik. Mənim üçün çox ağır itkidi. Gənc yaşlarımızdan onunla doğma səhnəmizdə tamaşalarda oynamışıq .Onun böyük səhnə mədəniyyəti var idi. Onunla o qədər xoş xatirələrimiz var ki, saatlarla danışsaq bitməz. Sıralarımızdan daha bir sənətkar getdi.

Aktirsa Gülcahan Salamova:

- Mən 1988-ci ildə İncəsənət İnistutunun «Musiqili komediya aktyorluğu» fakultəsini bitirmişəm. Həmin ildə də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işə düzəldim. Elə ilk rolum «Qızıl toy» tamaşasında Aygün obrazı oldu. Məhz o tamaşada Ramiz müəllimə tərəf-müqabil  idim. Elə o illərdən Ramiz müəllimlə bir çox tamaşalarda birgə iştirak etdim, dəfələrlə qastrol  səfərlərində yol yoldaşı olmuşuq. Ramiz müəllimə böyük hörmətim olub, onun da mənə  hörməti olub, həmişə mənə “Qızım” deyərdi. Məkanı cənnət olsun. Dəyərli sənətkar idi.

Aktyor Elxan İsmayılov: 

- Mən 1994-cü ildən Ramiz Məmmədovla birgə çalışıram. Ramiz Məmmədov öz sahəsində böyük aktyor idi. Teatrın ən çətin dönəmində teatrı çiynində saxlamağı bacardı. Ramiz müəllim həm yaxşı aktyor, həm yaxşı dost idi. Ramiz müəllimlə dəfələrlə tərəf-müqabil olmuşuq, onunla bir səhnədə oynamaq insana çox rahatlıq verirdi. Öz tərəf-müqabili ilə dil tapa bilirdi. Allah rəhmət eləsin! Məmmədovlar ailəsinə və dostlarına  Allah səbr versin!

 Turan Etibaroğlu