Xalq artisti idmançıları müdafiəyə qalxdı:"Nə olsun ki, qızıl medal qazanmadılar?!"

“Təəssüf edirəm ki, bir qrup kütləni heç nə ilə razı salmaq mümkün deyil. Birinci növbədə bütün Olimpiya iştirakçılarımıza təbriklərimi çatdırıram. Duruşları, yürüşləri ilə Azərbaycan adını andıran, hər kəsə vətəndaş kimi təzim edirəm”.
“Sherg.az” xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova Feysbuk profilində yazıb. O, medal alan idmançılarımızı ayaqüstə alqışladığını söyləyib:
“Həmişə demişəm ki, igid odur atdan düşə atlana. Oyunçularımız  nə olsun ki, qızıl medal qazanmadılar? Dünya ikincisi və ya üçüncüsü olub, ya da heç bir qələbəsi yoxdur. Əsas Azərbaycan bayrağı altında millətini təmsil edib. Dərk edə bilirsiniz bu nə deməkdir? Rafael Ağayevin saysız-hesabsız medalı var. Bundan sonra bir qələbəsi olmasa belə adı dünya idman tarixinə qızıl hərflərlə yazılıb. Ağzınızın əyrisi nə vaxt düzələcək? Nə vaxt özünüz şəxsiyyət olub, adınızı böyük hərflərlə yazdıracaqsınız? Söz demək xatirinə “Söz” deməkdirsə, sosial şəbəkələrdə rəy yazmazdan öncə düşünün. Vətən bayrağını yüksəltməyə layiq şəxsiyyət olanda millətin sərvəti sayılan şəxslərə söz deməyə mənəvi haqqınız çatacaq”.