Kənan MM-dən nazirə müraciət:“...Dəstək verin, kinomuzu qaytaraq” 

Rejissor-aktyor Kənan MM mədəniyyət naziri Anar Kərimova müraciət edib.
“Sherg.az” xəbər verir ki, o İnstaqram hesabında bu sözləri yazıb:
“Hörmətli Anar Kərimov, sizə ürəklə “nazirim” deməyi çox istəyirəm. Hələ söyləyə bilmirəm, çünki buna bir səbəb yoxdur. Bəlkə də, heç olmayacaq. 20 illik sənət fəaliyyətimdə millətim üçün nələrsə etməyə çalışmışam. Bilmirəm, buna nə qədər nail olmuşam. 
Biz artıq qalib Azərbaycanın vətəndaşlarıyıq. Bu qalibiyyətimiz igidlərimizin qanı-canı bahasına başa gəlib. Hələ gözünün yaşı qurumaya övladlar, valideynlər var. Onların təsəllisi yoxdur. Hər kəs öz sənətinin əsgəridir, bizim borcumuz Vətən yolunda canından keçən oğullarımızın qəhrəmanlıqlarını lentə almaqdır. Keçmiş nazir kinomuzu öz əli ilə “komaya saldı”. Sizdən öz adıma rica edirəm, bir nazir kimi dəstək verin, kinomuzu qaytaraq. Sizə buradan müraciət edirəm, çünki məni Mədəniyyət Nazirliyinin qapısından içəri buraxmırlar, o məni 20 il ərzində tanımadı. Eybi yox. Bilirəm, bir sənətçi kimi Azərbaycan jurnalistikası üçün maraqlı olmamışam. Ona görə bu statusu görməyiniz, bəlkə də, mümkün deyil, amma mənim rejissor olaraq vicdanımın səsidir. 

Sizə inanıram, güvənirəm. Ümid edirəm ki, Vətən müharibəsi qəhrəmanlarımızın xatirəsinə İlqar Fəhmi ilə hazırladığımız “ 7 oğul 1 Vətən” kino-ssenarisinin gerçək olması üçün öz göstərişlərinizi verəcəksiniz. İnanıram ki, siz kinomuzun “qatillər”indən biri yox, “doktor”larından olacaqsınız.

  Ən əsası ümid edirəm ki, mən sizə hörmətli mədəniyyət nazirim deyə biləcəm. Fəxri ad istəmirəm, qəhrəmanlarımızın adını duyurmaq üçün dəstəyinizi gözləyirəm. Həmin filmi çəkməyə ən çox haqqı olan mənəm”.

Samirə