Axır ki, bir xoş xəbər aldıq: Teatrlara axın var...

Teatr salonlarında boş yer tapmaq müşkül hala gəlib

Azərbaycanda teatr ənənələrinin tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram Teatrının bünövrəsi qoyuldu. Ancaq zamanla müasir və texnoloji dünyada teatra maraq azalmağa başlayıb. Ölkəmizdə də son zamanlara qədər teatrlar tamaşaçı sarıdan əziyyət çəkirdi. İndi isə vəziyyət bir qədər dəyişib. Xüsusən son günlərdə teatr salonlarında boş yer tapmaq müşkül hala gəlib. Bəs necə oldu ki, insanlar birdən-birə teatrlara üz tutmağa başladılar?

Məsələ ilə bağlı “Şərq”ə danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilovun sözlərinə görə, indiki gənc nəsil köhnə ənənələrə maraq göstərməyə başlayıb.

“Azərbaycanda teatrlarımız tamaşaçı baxımından heç vaxt şikayətçi olmayıb. Düzdür, Rus Dram Teatrına nisbətən Kukla Teatrı və Musiqili Komediya Teatrı və Opera və Balet Teatrına nisbətən digər teatrlarımız, o cümlədən Akademik və Dram teatrlarımızın tamaşaçısı az olsa da ancaq istənilən halda olub.

Son bir neçə ildə pandemiya, müharibə və onun fəsadları teatra marağı zəiflədib. Teatrlarımız uzun müddət bağlı qaldılar. Eyni zamanda peşəkar teatrlarla yanaşı müxtəlif xalq teatrları, hətta son illər özəl teatrların tamaşaçıları səhnədən uzaq düşsələr də, yeni və köhnə tamaşalara baxa bilməsələr də içlərində bir teatr həvəsi var idi. Onlar bu dönəmdə sosial media vasitəsilə teatr xəbərlərilə tanış olmaq, eyni zamanda virtual variantda da olsa köhnə teatrların tamaşalarına baxmağa meyil göstərirdilər. Əslində teatra marağı televiziya verilişləri, seriallar, filmlər, sosial şəbəkə, internet məhv etsə də ancaq sona qədər məhv olmayıb. Az da olsa teatr həvəskarları hələ də qalıblar. Düzdür, bunların əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Amma hər halda yenə də qalıblar və onlar hələ də teatrlara gedirlər. İndiki yeni nəsil də köhnə ənənələrə maraq göstərməyə başlayıb. Son zamanlarda Türkiyədə teatrlara və xüsusən də, komik teatrlara maraq artıb və bu, öz təsirini Azərbaycan teatrlarına da göstərib. Eyni zamanda bizdə əski zamanlardan qalan teatral ictimaiyyət var. Əsasən rusdilli məkanda bu, indi də qalır.

Bu qayıdış da məhz bununla, həmin nostalji sənət hissləri ilə bağlıdır. Bir tərəfdən də insanlar sosiallaşmaq üçün yerlər axtarırlar.

Üstəlik indi gəzməli yerlər azalıb, ticarət mərkəzləri bahalıdır, oradan çıxanda görürsən ki, 50-60 manat itirmisən. Amma teatr belə deyil, orada ilahi bir sakitlik var. 5-10 manat verib bilet alırsınız və siz orada 3 saat həm estetik cəhətən zövq alırsınız, həm də ruhi cəhətdən istirahət edirsiniz, yaxınlarınızla birlikdə mədəni insanların ətrafında olursunuz. Ona görə də insanların belə marağı olması normal qarşılanmalıdır. Azərbaycanda təəssüf ki, alternativ teatr inkişaf etməyib. Tiflis, Moskva kimi şəhərlərdə bu, daha çox inkişaf edib. Yəni teatr da bir formatdır. Onun vasitəsilə zamanın ismarıclarını həm zamandaşlarına, həm də gələcəyə ötürmək olur. Bizim insanlar mütləq teatrlardan daha çox yararlanmalı və istifadə etməlidirlər”.

Sənan