Moskvada Qara Qarayevin 105 illiyi qeyd edilib 

Moskvada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 105 illiyi qeyd edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonunda bəstəkarın əsərlərindən ibarət konsert proqramı təşkil olunub.

Konsert proqramında “Legend of fire” triosunun virtuozları, Zəhra Bədəlbəyli, Azərbaycanın əməkdar artisti Ceyla Seyidova və Arslan Növrəsli çıxış ediblər.

Konsertdə Qara Qarayevdən başqa Dmitri Sostakoviç, Niyazi, Arif Məlikov və Vasif Adıgözəlov kimi dünya şöhrətli bəstəkarların əsərləri də səsləndirilib.

Qeyd edək ki, “Azərbaycan” pavilyonunun Moskvanın iki radiosu ilə əməkdaşlığı çərçivəsində “Relax FM” və “Radio Romantika”nın efirində Qara Qaryevin musiqiləri səsləndirilir. Pavilyonun direktoru Səadat Kadırovanın bildirdiyinə görə, adı çəkilən radiolarla əməkdaşlıq böyük əhəmiyyətə malikdir: “Çünki bu radioların milyonlarla auditoriyası var. Düşünürəm ki, Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərinin bu radiolarda milyonlar üçün səslənməsi çox dəyərli və qiymətlidir”.