Nələr çəkmiş başın sənin?

Osmaniyə Baro başkanı Avukat Səlahəddin Arpaçı (1953-2020)

Bu məşhur misranın sahibi Xalq Şairimiz Səməd Vurğundan bizlərə yadigar qalmış məşhur misradır. Azərbaycan haqda yazılmış bu kəlam bugün anım gününü andığımız əfsanəyə dönmüş, şəxsiyyəti və həyatı ilə əfsanə bir ömür yaşamış Anadolunun tanınmış avukatı Səlahətdin Arpaçıya aid edilməsinə haqq qazanmışdır. Başına gələn müxtəlif olaylarla hadisələrlə bir keşməkeşli, enişli-yoxuşlarla zəngin ömür yaşamış, qüdrətli insanımız Səlahətdin Arpaçının haqq dünyasına qovuşması, ömrünün son finalı olaraq onu tanıyanların sevənlərin xatirində həkk olmuşdur. Allah Rəhmət eləsin qəlbi köksünə sığmayan xəyalları yerə göyə dar gələn xeyirxah-xeyriyyəçi əməlləri ilə hər kəsin qəlbində taxt-tac qurmuş Türk dünyası amalı ilə yaşayan qeyrətli Vətən övladımıza. Yanlışlıqla olayların girdabına düçar olmuş bu insanımızı gözümdə əfsanələşdirən cəhət Ortadoğu Texnik Universitetinin Kimya mühəndisliyi bölümündən xaric edilməsi ilə özündə yeni bir, güc, qüvvə tapıb sənədlərini İstanbul Universitetinin Hüquq Fakultəsinə daxil olub məhbəsdə olduğu dönəmdə (məhkəmənin qərarı ilə sonradan bəraət almışdır) bir günlüyə azad olub imtahanlarını verərək, təzədən məhbəsə dönməklə bu illərdəki aldığı qiyabi təhsillə məzun oldu bu ali qurumdan. Cəsarətə, qüdrətə bax, əzimə dözümə bax. Gələcək kitablarının məqalələrini burada yazdı və “Daş Mədrəsədən Məktublar”, “Daş Mədrəsə söhbətləri” adı ilə ömrün qürub çağında yayınlada bilməyə imkan tapdı ki gələcək nəsil onun həyatından, fəaliyyətindən ibrət alabilsin deyə.




 
Səlahəddin Arpaçı “Daş Mədrəsədən Məktublar”, Daş Mədrəsə Söhbətləri”

Böyüklük üçün, yönəltmək, istiqamət vermək üçün gəlmişdi bu cahana. Və uğurla bu əməllərini yaşatdı, sadiq qaldı ömrünün sonunadək. Beləcə isbatladı öz adını xeyirxahlıqlarla dolu ülvi xidmətlərini Türkiyəmizdə. Ləyaqətin, doğruluğun, düzgünlüyün simgəsinə çevrildi, örnək hərəkətləri ilə, insanlara olan səmimi rəftarı ilə. Həqiqət amalı, ədalət məramı, doğruluq-dürüstlük bir yaşam oldu bu qeyrətli Vətən oğlumuza.

Nə iş gördüsə təqdirlə qarşılandı, örnək oldu əməlləri ilə onu tanıyanların xəyalında, düşüncəsində. Həyata baxışında bir mayaq oldu hər bir kəsə, işıq saldı, günəş kimi nurlandırdı Osmaniyə-Adana elini və Güneydoğu Anadolunu. Səsi sədası Türkiyənin hər bölgəsində gəldi, möhtəşəm əməlləri ilə anıldı. Zəngin təcrübəyə əsaslanan diqqətəşayan fəaliyyəti ilə sevindirdi, elini obasını, yurdunu yuvasını. Türk təbiri ilə heç kimdən “bəkləmədi”, öz çalışmasıyla Fərhad kimi önünə çıxan dağı, qayanı çapıb irəllədi amalı uğrunda. Ona dəyər verənləri də öz arxasınca apara bildi son nəfəsinə kimi xalqın rifahı uğrunda, xoşbəxt gələcəyi naminə.

Əlindən tutdu, kömək etdi, yardımsevərliyi ilə xeyiriyyəçilik işərinə başladı. Neçə-neçə qəlbləri sevindirdi, könüllərində Səlahəddin Arpaçı adında heykəl ucaltdı mənəvi dünyamızda. İnsanlığından vaz keçmədi bircə anlıq. Çörək verdi, “Nanu-nəmək” bəxş etdi, uğurlu yol göstərdi gənclərimizə. Doğru yolun müqəddəsliyini, mənasını, şərəfini anlatdı hərkəs üçün rəftarında əməllərində, şəxsi kişiliyində, bəxş etdi şam kimi əritdi ömür nurunu səxavətlə, sevərək, məşəl kimi alışıb yandı yorulmadan, usanmadan bu Vətən oğlumuz. Nəhayət özüm üçün bir həqiqəti kəşf etdim. Amalı böyük olanın təbiəti də böyük olurmuş Səlahətdin Arpaçı adlı nurlu, əməlisaleh insanın timsalında. Ağac əkdirdi neçə min fidan yetişdirdi Osmaniyənin təbiətində, dağlarında, quru düzəngahlarda, qəlbimizdə gül tək bitdi bu xoşməramlı xidmətləri ilə.

Evinin alt qatını xeyr məramla istifadəyə verdi gənclərimiz, ziyalılarımız üçün. Bu səxavəti ilə ömür yazımıza harika bir imza atdı könül dəftərimizə. Otağın birini konfrans salonunu olmaqla kitabxanaya, çevirdi ki gənclər oxusun, mütaliə etsin bilgi əldə etsin, şərəfli bir məqama, şöhrətli bir ada çatsın.



 
Evinin alt qatını kitabxanaya, konfrans salonuna çevirən Avukat Səlahəddin Arpaçı

Şənbə bazar günləri isə saz (bağlama), ney kursu üçün təşəbbüs göstərdi. Neçə neçə yeniyetmə gənclərimiz musiqi çalmağın sirrlərini öyrəndi dəvət etdiyi xeyriyyəçi pedaqoqların şəxsində. 15 gün ara ilə də toplantıları olardı Osmaniyə Türk Ocaqlarının başqanı Mehmet Çətinqayanın iştirakı ilə. İrəli zamanlarda növbəti fəaliyyətinin məşvərətini keçirərdi. Nə iş görmək lazımdır məmləkət üçün bu minvalla plan tutardı Səlahəddin Bəy yönətim ilə birlikdə.

Xeyriyyəçilik məramı ilə bu cahana gəldiyi üçün öz ömründə mutlu idi, özünü xoşbəxt hiss edirdi. Bu amalla yaşamaq onu mənən yaşadırdı, ruhunu təzələyirdi bu məramla xalqa xidmət etmək. Nümunə idi, örnək idi, sözü bütöv, özü bütöv əsilzadə bir bəndə idi, Allahın lütf etdiyi gözü-könlü tox bir bəndə idi xalqı, milləti üçün.

Ömrünün son illərində ən savab xidmətlərinin başında; “Arpacı Ali Güzel Ahlakı ve Milli Değerleri Koruma ve Yaşatma Derneği” adlı kısaca adı (AGAMDER)’in qurucusu və başqanı olması ilə Osmaniyə elinin xidmətinə istifadəyə verdi. Bununla yanaşı oxculuq kulubunun qurucusu və başqanı idi Səlahəddin Bəy Osmaniyədə. Gənc oxcular nəsli yetişdirməkdən ilham alardı.

Bir tikə çörəyini nuşcanlıqla hərkəslə bölüşər, özünü rahat, bəxtəvər sanardı bu qüdrəti böyük, amalı pak olduğu qədər də nəhəng fövqəladə təbiət sahibi insan. Bu kəlmələrim həqiqətən bu əfsanəvi insana layiq cəhətləri xarakterizə edirdi. Çünki atadan babadan gördüyünü yaşadırdı özünün şəxsində və şəxsi keyfiyyətlərində. Çünki əsil babanın, Arpaçı Əli kişinin əsilzadə övladı idi Avukat Səlahəddin bəy.

Neçə dəfələrlə Osmaniyədə Novruz bayramının keçirilməsinin təşəbbüskarı və təşkilatçılarından biri idi. Məsləhətləşərdi, məşvərət edərdi Osmaniyə Türk Ocaqları başqanı Mehmet Çətinqaya ilə, necə, nəcür etmək lazımdır ki, tədbir yüksək səviyyədə keçsin – deyə. Hər dəfə də bu tədbirdə Osman Sarıvəlinin Professor övladını, Fəlsəfə Elmləri Doktoru Babək Qurbanovu bu mərasimdə görməyi arzu edərdi. Çünki ürəyinə qəlbinə yatmışdı ziyalı alim övladımız Osmanoğlu Babək müəllim. Hətta çəkdiyi orijinal rəsmləri ilə Babək müəllimdən bu barədə rəy qismində məqalə də yazmağı arzu edərdi. Çünki Babək müəllimin qüdrətli qələminin xeyir duasındakı möhtəşəm fikirləri Avukatımız Səlahəddin bəy üçün önəmli bir bəlgə olardı.


Avukat Səlahətdin Arpacı, Mehmet Çətinqaya, Babək Osmanoğlu


Prof.Dr. Babək Osmanoğlu, Avukat Səlahəddin Arpaçı, Avukat Əli İmamverdi və Prof.Dr. İlqar Cəmiloğlu

Təbii ki musiqi nömrələrinə də İlqar Cəmiloğlu cavabdeh idi. Hər dəfə də yeni-yeni musiqiçilərimizi, səs sənətci öyrəncilərimi bu xoş bahar təranəli Novruza aparmaq üçün günlərlə məşq edərdik. 10 il ərzində Yasəmin Zəngini, Fatma İşığı, Özgəni, Öznurur Gökü, Əminə Asmanı, Zişan Türkməni, Öznur Əkincini, Səda Mandollunu, Səmiha Şahini, Sərkan Erfemi, Məlik Özdəmiri, Ahmet Başı götürərdim ki, yeni səslərə aşina olsunlar, heyrətlənsinlər ifaları ilə Osmaniyəlilər. Bu musiqi qrupumda tar olmaq üzrə bu sətirlərin müəllifi İlqar İmamverdiyev, Qaziantep Konservatoriyasının kamança müəllimi Ersin Yıldırımər, bağlama müəllimi Hüsen Qaynak, ney müəllimi Bayram Kurt da yer alırdı. Tədbirə əlvanlıq qatan qonaqları heyrətləndirmək üçün yeni-yeni musiqi proqramları üzərində böyük həvəslə, coşğu ilə məşqlər edərdik. Osmaniyə xalqımın ən çox sevdiyi isə ədəbiyyat tariximizdə adı əfsanələşmiş qüdrətli şairimiz Əhməd Cavadın sözünə dahi Üzeyir Bəy Hacıbəylinin bəstələdiyi “Çırpınırdı Qara Dəniz” adlı əsəri idi. Repertuarımızda təkcə bu şahanə musiqi əsəri dəyişməz qalırdı. Sonuncu dəfə görüşümüz 2018-ci il 3 may Türkcülər günündə Qorqud Ata Universitetinin “15 Təmmuz Şəhidlər Konfrans Salonun”da gerçəkləşdirdiyimiz möhtəşəm konsertlə yekunlaşdı. Etiraf etməliyəm ki bu konsertin maliyə xərclərini də öz üzərinə almışdı Səlahəddin Bəy. Təki tarixi bir gün olaraq yadda qalsın deyə.

Çox səmimi rəftarı ilə Osmaniyədə türk təbiri desək hərkəsin “sayqı” duyduğu bir şəxsiyyət idi Səlahəddin Arpacı. Müqəddəs ülvi xidmətləri ilə də hamımıza örnək olurdu. Və gənclər də ona bənzəməyə, bu şəxsiyyətin amallarını əməllərində yaşatmağa çalışardılar. Osmaniyədə Durna qatarının başcısının adı Səlahətdin Bəy Arpaçı idi. Hər görüşdüyümüz zaman ərənlərimiz gözlərimin önünə gəlirdi. Sanki Nuru paşa, Ənvər paşa, Kazım Qarabəkir paşa, Atatürkün silah arkadaşı Səlahəddin Arpaçının timsalında gözümdə canlanırdı.

Yüzdə yüz qərarlaşdıqdığı, əmin olduğu arzuya heç kimsənin gücü yetməzdi fikrindən daşındırmağa. Bu qüdrətin sahibi idi Səlahəddin Bəy. İnandığı işin xeyrini sonradan anlayardılar Osmaniyə insanı. Bu səbəblə də sözünün önündə ikinci bir söz demək yanlış olardı, Səlahəddin bəyə sayqısızlıq etmiş olardı. Nə qədər çalışsada yenə az olduğunun fəqrində idi. Çünki təmənnasız xidmətlər sislsiləsinin sonu görünmürdü. Çünki təbiəti belə idi bu ali səviyyəli şəxsin. Şəxsiyyəti insaniyyəti, insanlığı şəxsiyyətini tamamladığı üçün olduğu kimi görünərdi Səlahəddin hoca. Belə yaşadı mərdi-mərdanə, ağayana fəaliyyəti ilə yaddaşımıza həkk oldu, sonunda da qeybə yüksəldi 27 yanvar da, puç oldu getdi. Allah rəhmət eləsin deyirəm.

Daha çox işlərimiz yarımıçıq qaldı, onun bizdən ayrılması ilə, Haqq dərgahına qovuşması ilə. Nə edəsən? Fani həyatın məyusedici finalı belə imiş sən demə. Cəmil Əkbər bu məqamda necə də anlamlı demiş misraların gücüylə. Sanki Səlahəddin Arpaçı üçün deyilmişdir.

Dünyanın qəribə işdəkləri var,
Verəndə gözəldir, alanda pisdir,
Hər gülün çiçəyin ətirləri var,
Açanda gözəldir, solanda pisdir.

Mehmet Çətinqaya ilə birlikdə Xocalı Soyqırımının təşkilatcısı kimi 2014 ilində Səlim köyündə keçirilməsinə dəvət almışdıq Osmanoğlu Babək müəlim İlqar Cəmiloğlu və oğlum Əli İmamverdi ilə. Xalqımıza çatdırmaq istərdim ki, Osmaniyə kəndinin sakinləri bir zamanlar Azərbaycanın bir çox bölgələrindən xüsusən də Qazax elindən köç etmək məcburiyyətində qalmış ulu babalarımızın nəvələri olduğu üçün, Babək müəllimi öz doğmalarnıdan biri kimi hörmət-ehtiramla yanaşırdılar. Bu yerin insanları da Babək müəllim üçün əziz idi. Sanki qohum əqrəbalarını görürdü bu insanların timsalında.

“Məsləkdaşım” deyərdi övladım Əliyə. Çünki onun məsləkinin, sənətinin yoluçusu olmaq arzusu və məramı ilə çox öyüdlər, nəsihətlər verərdi hər görüşdüyü zaman gizlicə. Hüququn sirrlərini yöntəmini özət halında öyrədirdi pünhanca. Təcrübələrini axtarırdı cocuk qəlbinə, ruhuna, qan damarlarına, yaddaşına ömürlük həkk edə bilməsi üçün, zəngin təcrübələrini açıqlardı oğlum Əliyə.

Haqq dünyasına qovuşduğunu duyanda çox sarsıldım. Ülvi xəyallarım bir anda yerlə yeksan oldu, nə edəcəyimi bilmədim, qəmləndim, kədərləndim, içdən leysan kimi yağmaqala şeirimi misralarla ifadə etməli oldum türk dilində. nisgilimi, qəmimi, kədərimi Azərbaycan oxucuları ilə paylaşmaq ehtiyacı duydum. Allah Rəhmət eləsin, əfsanəvi ustadımıza.

İqar CƏMİLOĞLU İMAMVERDİYEV,
 Bakı Musiqi Akademiyasının və Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru