Gəncədə "Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” konfrans keçirilib - FOTO

“Şuşa ili” çərçivəsində AMEA-nın Gəncə Bölməsində “Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda respublika konfransı keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, bir sıra alimlər, gənc tədqiqatçılar iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı konfransda çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində “Şuşa ili” çərçivəsində bu cür elmi-praktik konfransın təşkil edilməsi əhəmiyyətli hadisədir. Belə konfranslar Qarabağın tarixi və mədəni baxımdan daha dərindən öyrənilməsinə və dünyada tanıdılmasına təkan olacaq.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qeyd edib ki, konfrans dəyərli mözvuya həsr olunub, çünki ölkə başçısının sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan olunması Şuşanın yenidən inkişafına istiqamətlənib və Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, ədəbiyyatının, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğinə töhfələr verəcək.

Daha sonra AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov “Azərbaycanda Vətən müharibəsində Zəfər ruhunu əbədiyyətə qədər qorumalıyıq”, AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya və Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutlarının elmi işçiləri Elmir Babayev və Yetər Babaşova “Qarabağ xalçaları və boyaqçılq”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsinin doktorantı Aytən Qurbanova “Qarabağ – Qədim Azərbaycan yurdu”, Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusifli “Qarabağ ədəbi-mədəni mühiti”, Şirvan şəhər 16 nömrəli məktəbin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova “İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanında Qarabağ elatının məişəti”, Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəsinin böyük elmi işçisi Əlimuxtar Muxtarov “Qarabağ Azərbaycandır nidasından Şuşa ilinə”, Azərbaycan Dövlət Xalça Muzeyinin əməkdaşı Mahiyyə Kərimova “Şuşanın XVIII-XIX əsr memarlıq abidələri” və digər mövzularda məruzələr dinlənilib.