““Xarıbülbül” Festivalı Azərbaycan mədəniyyətinin Şuşaya qayıdışıdır”

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva festivalın açılışında iştirak ediblər. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.

Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına qatılanlardan biri də “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli olub. O, festivalla bağlı öz təəssüratlarını “Sherg.az”la bölüşüb. E. Mirzəbəyli bildirib ki, Şuşada olmağın özü, onun adı insanda xoş təəssürat yaradır:

 “Qaldı ki, Şuşanın öz gözəlliyini tam şəkildə büruzə verdiyi bir zaman kəsiyində - May ayında seyr etmək, yenidən zəfərimizin qürurunu yaşamaq hər bir Azərbaycan vətəndaşı kimi mənim üçün də bir xoşbəxtlikdir. Bütövlükdə festivalın özünü yüksək dəyərləndirirəm. Mahiyyət etibarilə, bu festival Azərbaycan mədəniyyətinin yenidən Şuşaya qayıdışı deməkdir. Həm də bu mədəniyyət daha geniş bir anlamda geri qayıtdı. Gürcüstan, Pakistan, Türkiyə, Mali və başqa ölkələrin də iştirakını nəzərə alsaq, mahiyyət etibarilə bu festival bütün standartlara cavab verir”.

Baş yazarın sözlərinə görə, bu proses daha da geniş vüsət alacaq: 

“Xarıbülbül Azərbaycan  mədəniyyətinin, folklorunun bir tərkib hissəsi kimi önəmli əhəmiyyətə malikdir. Şübhəsiz ki, Şuşa haqqında insan saatlarla danışa bilər. Öz təəssüratlarımı yazıram, bundan sonra da yazacağam. Düşünürəm ki, Şuşada olan hər kəs bu şəhərin Azərbaycan üçün nə qədər böyük önəm kəsb etdiyini ilk addımındaca başa düşə bilər”.

Qeyd edək ki, 1989-1991-ci illərin may ayında Şuşa şəhərində və digər Qarabağ bölgələrində keçirilən beynəlxalq musiqi festivalı 30 illik fasilədən sonra 2021-ci ilin 12–13 may tarixlərində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil edilib.