Azərbaycanın Xalq artistinin xanımına Almaniyada ETİRAZ 

Almaniyanın Köln şəhərinin sakinləri Rusiyanın Xalq artisti Anna Netrebkonun konsertinə etiraz ediblər.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, şəhər sakinləri Kurt-Hackenberg-Platz meydanında nümayiş keçiriblər. 

Ukraynadan gələn müğənni Mariana Sadovska Netrebkonun bu şəhərin filarmoniyadakı çıxışına icazə verilməsindən təəssüfləndiyini bildirib və onu prezident Vladimir Putinin tərəfdarı adlandırıb.
Kölndəki konsertin təşkilatçısı Fred Handverker isə Netrebkonun öz mövqeyini açıq şəkildə ifadə etdiyini bildirib. Onun fikrincə, təşkilatçılarının vəzifəsi körpülər tikməkdir, onları dağıtmaq deyil.

Bundan əvvəl ifaçının Ştutqartda solo konsertinə icazə verilməyib. Maliyyə Nazirliyi bildirib ki, Ukrayna ərazisində hərbi xüsusi əməliyyat aparılarkən onun şəhərdəki konserti baş tutmayacaq. Müğənni isə sosial şəbəkə hesablarında Rusiya-Ukrayna müharibəsinin əleyhinə olduğunu yazıb.

Qeyd edək ki, opera müğənnisi Anna Netrebko azərbaycanlı həmkarı, Xalq artisti Yusif Eyvazovun xanımıdır.