“Vətənim Azərbaycandır! Hacıbəyovlar: Niyazi” adlı tədbir təşkil olunub

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, maestro Niyazinin anadan olmasının 110 illiyi çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə növbəti “Vətənim Azərbaycandır! Hacıbəyovlar: Niyazi” adlı tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək tədbir haqqında məlumat verib.

Pianoçu, Xalq artisti Ülviyyə Hacıbəyova çıxış edərək, belə tədbirlərin əhəmiyyətindən danışıb.

Daha sonra Xalq artisti Ülviyyə Hacıbəyova və Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının tələbələrinin ifasında Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Fərhad Bədəlbəyli, o cümlədən Fikrət Əmirov, Zakir Bağırov, Faiq Sücəddinov, İlham Abdullayevin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunub. Bütün çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında mövzu üzrə hazırlanmış slayd-şou ilə müşayiət olunub.