Ramiz Novruzu bu cür dəfn etmək ayıbdır! - Xalq artisti od püskürdü - VİDEO

“Sovet dövründə adicə əməkdar artist dünyasını dəyişəndə belə onu Akademik Milli Dram Teatrının səhnəsindən və yaxud kiçik formada aktyorlar evindən götürürdülər. Yəni, dövlət aktyorun, sənətin qədrini bilirdi, sənətin qiymətini bilənləri dəyərləndirirdi. Amma indi elə bil dünya heç bunların vecinə deyil”.
Bakupost.az xəbər verir ki, bu sözləri Xalq artisti Əli Nur həmkarı Ramiz Novruzun vəfatı ilə bağlı açıqlamasında deyib.
Xalq artisti qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən Ramiz Novruzun dəfni heç də layiqli şəkildə təşkil olunmayıb:
“Təsəvvür edin, saat 4 radələridir, bizə hələ indi dəfnə toplaşmışıq.

 Bu məsələ əvvəldən layiqli şəkildə təşkil olunmalı, Ramiz Novruz kimi çox dəyərli sənətkar layiqli dəfn edilməli idi. Axı Ramiz Novruz elə-belə aktyor deyil.

 O, Azərbaycan kinosunun, teatrının böyük aktyorudur. Bu sənətkar da gərək şərəflə, ləyaqətlə, adına layiq, həmçinin Azərbaycan mədəniyyətinin, dövlətinin adına layiq dəfn olunaydı. Axı bu cür aktyorlar səhnədə 50 il can qoymuş adamlardır. 

Onlar Azərbaycan mədəniyyətinin ideologiyası, tribunasıdır. Ramiz Novruz Akademik Milli Dram Teatrının səhnəsindən götürülməli, mədəniyyət nazirliyinin yüksək səviyyəli məmurları heç olmasa hərəsi bir-iki kəlmə söz deyəydi. Ramiz Novruzu gizli şəkildə dəfn etmək axı ayıbdır!”