Bir vidaya dəymədi? -Sərt açıqlama:“Daha Mədəniyyət Nazirliyi kimə lazımdır?!" 


“Xalq tərəfindən sevilən sənətkar - Ramiz Novruzla adi bir vida mərasimi də keçirilmədi”

“Təcili şəkildə bu işə bir əncam çəkilməlidir” 

"Böyük sənətkarların, dövlətin ali mükafatlarına layiq görülmüş şəxslərin dəfn mərasimlərinin təşkili ilə bağlı icrası məcburi olan qaydalar hazırlanmalıdır”

"Xalqın sevimlisinə çevrilən, dövlətin ali mükafatlarına layiq görülmüş sənət adamlarının dəfn mərasimlərinin təşkili ilə bağlı xoşagəlməz mənzərə ilə rastlaşmaqdayıq". 
"Sherg.az"ın xəbərinə görə, bu barədə "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev sosial şəkəbədə yazıb. 
Baş redaktor vurğulayıb ki, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzun dəfn mərasimində bir daha bunun şahidi olduq: 

"Ömrünü Azərbaycan teatrına və kinosuna həsr etmiş, ölkənin bir nömrəli teatrının onurğa sütunu olan, xalq tərəfindən sevilən sənətkarla adi bir vida mərasimi də keçirilmədi. Bu, xüsusi maliyyə tələb edən bir iş deyil ki, deyəsən büdcə vəsaitini sərf etmək istəmirlər, qənaət edirlər. Bunu etmək yalnız diqqət və sevgi tələb edir. Sadəcə, sahəni bilmək, onun əsas fiqurlarına ehtiram nümayiş etdirmək lazımdır. Sənətkarlara həm sağlığında, həm də ölümündən sonra dəyər vermək lazımdır! Əvvəllər heç olmasa, ölülərimizə qiymət verməyi bacarırıdıq. Təəssüf ki, son illər bunu da unutmağa başlamışıq. Sənətkarlar olmasa, bu sahəyə məsul olan Mədəniyyət Nazirliyi kimə lazımdır?". 
İ.Quliyev vurğulayıb ki, təcili şəkildə bu işə bir əncam çəkilməlidir: 
"Böyük sənətkarların, dövlətin ali mükafatlarına layiq görülmüş şəxslərin dəfn mərasimlərinin təşkili ilə bağlı icrası məcburi olan qaydalar hazırlanmalıdır. Hansısa tanınmış şəxs dünyasını dəyişəndə yaxınları onunla vida mərasiminin harada keçiriləcəyi, dəfninin harada olacağı ilə bağlı nazirlikdən gələcək zəngə möhtac olmamalıdırlar!".