Ermənilər Eldar Mansurovun əsərlərini oğurladılar - Agentlik hərəkətə keçdi

“Qədim türk mətbəx mədəniyyətinin şirniyyat növlərindən biri olan baklavanın (paxlava) ermənilər tərəfindən öz qeyri-maddi mədəni irs nümunəsi kimi dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət hazırlamaları barədə erməni mətbuatında gedən yazılarla əlaqədar agentlik tərəfindən sübutedici sənədlər və tarixi mənbələr əsasında arayış hazırlanıb və yayılıb”.

Bu barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (COPAT) hesabatında qeyd edilib.

Bununla yanaşı, görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin ermənilər tərəfindən oğurlanması və erməni mahnısı kimi “Youtube” kanalında yayılması, həmçinin Azərbaycanın xalq artisti, bəstəkar Eldar Mansurovun “Bayatılar”, “O gələndə”, “Bir payız gecəsi”, “Yarı səndə, yarı məndə” və “Gecələr keçir” əsərlərinin müxtəlif erməni ifaçıları tərəfindən mənimsənilməsi və “Youtube” kanalında və digər internet şəbəkələrində yayılması faktları ilə bağlı agentlik tərəfindən arayışlar hazırlanıb və KİV-də yayılıb.

Növbəti erməni saxtakarlığı Azərbaycan xalqına məxsus balaban, tütək, kamança və qanun (kanon) musiqi alətlərinin erməni milli musiqi alətləri kimi Cenevrə Etnoqrafiya muzeyinə hədiyyə edilməsi barədə informasiyanın yayılması olub. Bununla bağlı, Əqli Mülkiyyət Agentliyi qədim tarixi və ədəbi nümunələrə, tanınmış mütəxəssislərin araşdırmalarına əsaslanaraq həmin musiqi alətlərinin Azərbaycan xalq musiqisində qədim dövrlərdən bəri geniş istifadə edilən və populyarlığını bu günədək qoruyub saxlayan türk mənşəli alətlər olması ilə bağlı geniş arayış hazırlayıb və KİV-ə təqdim edib.