"Mədəniyyət Nazirliyində elə işçilər var ki, işindən xəbəri yoxdur"



  "Gələcəkdə “Mədəni irs haqqında” qanun layihəsini hazırlayaraq təqdim etmək istəyirik". Bunu Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib. O bildirib ki, “Mədəni irs haqqında” qanun layihəsi qeyri-maddi irsi də əhatə edəcək: 

"Təqdim olunan layihə Azərbaycanda mədəni irsin qorunması üçün zəruridir. Hazırda mədəniyyət sahəsində təhlil mərhələsindən keçilir. Problemləri tapıb həll edirik. Mədəniyyət sahəsi hər zaman diqqətdədir. Ciddi addımlar da atılır. Mədəniyyət sahəsində Dövlət proqramı hazırlanacaq. Kadr yanaşmaları fərqli olur. Mədəniyyət sahəsində uğursuzluqlar da var. İkinci problem isə cəmiyyətin düzgün yanaşmamasıdır. Mədəniyyət sahəsində islahatların aparılmasına ehtiyac var. İtməkdə olan əsərlərimiz Heydər Əliyev Fondu tərəfindən tapılıb üzə çıxarılır. Mədəniyyət sahəsində boşluqların və probemləri aradan qaldırmaq üçün dövlət sənədinin qəbul edilməsi lazımdır”.

"Kadrların təyinatı ilə bağlı subyektiv məqamlar çoxdur"

  Nazir müavini qeyd edib ki, təyinatından iki ay keçib: "Bu müddət ərzində tam şəkildə mədəniyyət sferasında baş verən prosesləri, infrastruktur, kadr potensialı ilə bağlı təhlil mərhələsindən keçməkdəyik. Hökumət tərəfindən mədəniyyətə hər zaman xüsusi diqqət və qayğı var, problemlərlə daha yaxından tanış olurlar. Mədəniyyət sahəsində uğursuzluqlar da var. İnstitusional səviyyədə problemləri gördükcə bu sahədə çoxlu qüsurların mövcud olduğunun şahidi oluruq. Kadrların təyinatı ilə bağlı subyektiv məqamlar da çoxdur. Bu sahədə geniş müzakirələrə ehtiyac var. Mədəniyyət sahəsində islahatların aparılmasına ehtiyac var. Problemləri aşkarladıqca həll edirik. Mədəniyyət sahəsi hər zaman diqqətdədir. Ciddi addımlar da atılır”. A.Kərimli deyib ki, "Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” hazırlanır. Onun sözlərinə görə, strategiya Mədəniyyət Nazirliyi tərəfindən hazırlanır.

  Adil Kərimli vurğulayıb ki, Mədəniyyət Nazirliyində  elə işçilər var ki, işlədiyi işdən xəbəri yoxdur: "Bunları təkmilləşdirmək üçün hər kəsin dəstəyinə ehtiyac var. Nazirliyin 41 minlik heyəti var, 30 mini bölgələrdə çalışır. Bunlardan 7 faizi mədəniyyət sahəsi üzrə təhsil alıb”.

"Mədəni abidələri qorumaq təkcə nazirliyin vəzifəsi deyil"

  Nazir müavini bildirib ki, Azərbaycanda 6380 mədəni abidə var: "Bu mədəni abidənin 4000-ə yaxını Mədəniyyət Nazirliyinin tabeliyindədir. Azad olunan ərazilərimizdə 700-dən çox mədəni abidəmiz var. Bu abidələri qorumaq vəzifəsi təkcə nazirliyin üzərinə düşmür. Bu abidə bizim, sizin, cəmiyyətindir”.

"Elə kəndlər var ki, kitabxanası yoxdur, vəziyyət acınacaqlıdır"

  Adil Kərimli qeyd edib ki, elə kəndlər var ki, kitabxanası yoxdur, vəziyyət acınacaqlıdır: "Rayonlarda, ucqar kəndlərdə 7 minə yaxın mədəniyyət müəssisəsi var. Bura kitabxanalar, muzeylər, mədəniyyət mərkəzləri, mədəniyyət evləri daxildir. Bu sahədə çox ciddi problemlər var. Elə kəndlər var ki, kitabxanası yoxdur, kitabxanalarda vəziyyət acınacaqlıdır. Bu gün doğru-düzgün kitab təminatı yoxdur. Elə kənd var ki, bilinmir ki, hansı kitaba maraq var. O kənddə kitab anlayışı olduğundan belə şübhə edirik”.

"Kənardan müdaxilələr olsa, milli ritm və rəqslərimizin itmə ehtimalı var"

  Mədəniyyət nazirinin birinci müavini bəyan edib ki, milli geyimlər və milli ritmlər üzrə yazılı standartlarımız yoxdur. Onun sözlərinə görə, bununla bağlı ciddi araşdırmalar aparılmalıdır: “Çünki bir müddət sonra unudulacaq. Millətimizin mədəni dəyərlərini qorumaq lazımdır. Biz bilməyəcək ki, milli musiqi nədir, hansı zamana məxsusdur. Kənardan müdaxilələr olacaq. Milli standartlarımızdan biri də milli musiqilər, milli rəqslərdir, bu, millətimizin xarakterini göstərir. Kənardan müdaxilələr olsa, milli ritm və rəqslərimizin itmə ehtimalı var”.

"Elə əsərlər də var ki, öz fondumuzda saxlanmalıdır”

  Mədəniyyət Nazirliyi Azərbaycan rəssamlarının əsərlərinin xaricdə satılmasına münasibət bildirib. Azərbaycanın məşhur rəssamlarının əsərlərinin xaricdə satılması ilə bağlı məsələyə toxunan Mədəniyyət Nazirliyi Aparatının Hüquq şöbəsinin baş məsləhətçisi Ülviyyə Fərəcova deyib ki, elə rəsm əsərlərimiz var ki, onları dünyaya çatdırmaq lazımdır: "Elə əsərlər də var ki, öz fondumuzda saxlanmalıdır”. 

"Qərbi Azərbaycanda maddi və qeyri-maddi mənəvi irslərimiz var, qorumalıyıq"

  Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycanda minillik tarixi abidələrimiz var: "Bu abidələrin bəziləri ilə bağlı araşdırmalar aparmışıq". Onun sözlərinə görə, əvvəllər Qərbi Azərbaycanda aşıq sənəti, adət-ənənələrimiz olub: “İnsanlarımızın Qərbi Azərbaycandan çıxarılmasına görə bunlar itib. Qərbi Azərbaycanda maddi və qeyri-maddi mənəvi irslərimiz var, onları qorumalıyıq”.

"Rayonda məktəb və xəstəxana var, mədəniyyətlə bağlı heç nə yoxdur"

  Sabir Rüstəmxanlı bəyan edib ki, rayonda məktəb və xəstəxana var, mədəniyyətlə bağlı heç nə yoxdur: "Kəndlərimizin çoxunda kitabxana yoxdur. Rayonlarda kitabxana var, amma içi boşdur. Əvvəllər rayonlara da kitablar göndərilirdi. Rayonda məktəb var, xəstəxana var, amma mədəniyyətlə bağlı heç nə yoxdur. Bu, çox ciddi məsələdir. Mədəniyyətlə bağlı büdcədən ayrılan pul da azdır". Deputat qeyd edib ki, gələcəyimiz haqqında düşünürüksə, birinci mədəniyyət haqqında düşünməliyik: "Bir nümunə çəkim, əvvəlki rəqslərə baxırdıq, qızla oğlan gözəl rəqs edirdi. Amma indi elə deyil. Hamısı atılıb-düşür. Uzun zamandır yallı rəqsini görmürəm. Rəqs havalarımız toylarda pis günə düşüb. Onu da biz edirik".

"Qeyri-maddi mədəni irsimizdə qocalma təhlükəsi yoxdur"

  Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib ki, qeyri-maddi mədəni irsimizdə qocalma təhlükəsi yoxdur: "Bu, keçmişimizin ənənəsidir, indi də davam edir. Qeyri-maddi mədəni irs nümunələri” sözləri bizdən yaranan sözlər deyil, bu, yeni terminlərdir. Bunu biz özümüzünküləşdirməliyik”. 

Mədəniyyət Nazirliyi "Qorqud" ansamblının bərpası məsələsinə baxacaq

  Əməkdar artist Nuriyyə Hüseynova 40 ildən artıqdır fəaliyyət göstərən ansamblın fəaliyyətinə bu ilin əvvəllərində xitam verildiyini qeyd edib. Əməkdar artist nazirlik səviyyəsində bu məsələyə baxılmasını xahiş edib. Mədəniyyət nazirinin birinci müavini və hazırda nazir vəzifələrini icra edən Adil Kərimli öz növbəsində ansamblın fəaliyyəti ilə bağlı məsələnin tezliklə nazirlik səviyyəsində müzakirə olunacağına və problemin həlli istiqamətində iş görüləcəyinə söz verib. Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən, Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə “Qorqud” ansamblının da fəaliyyətinə xitam verilib.