Mədəniyyət sahəsinə xəyanət bağışlanmamalıdır

Əgər bu sahəyə cavabdeh şəxslər korrupsiya ilə məşğul olub milli sərvətlərimizə xəyanət ediblərsə, ən ağır cəzaya layiqdirlər

"Mədəniyyət sahəsində inanılmış, sınanmış adamlara üstünlük verilməlidir. Həm də cəmiyyətin inandığı, nüfuza malik adamlar"


  Mədəniyyət Nazirliyinə yeni təyinatlardan müsbət gözləntilər var. İctimaiyyət nəhayət ki, Mədəniyyət Nazirliyində “daşların yerinə oturacağına” ümid edir. Daha bu qədər də olmaz axı! Dövlət siyasətinin mühüm halqasını təşkil edən bir sahədə bunca səhlənkarlıq, məsuliyyətsizlik, korrupsiya, bacarıqsızlıq və etinasızlıq ancaq təəssüf doğurur. Bir zamanlar Xalq artisti, dahi bəstəkarımız Arif Məlikov dövrün mədəniyyət naziri Polad Bülbüloğlunu tənqid edirdi ki, musiqidən başı çıxmır, “mən “Məhəbbət əfsanəsi”ni yazanda Polad masanın altında “gizlənirdi”. Yəni uşaq idi. Bəlkə də dahi bəstəkarın Polad Bülbüloğlundan nazir olaraq gözləntiləri böyük imiş. Amma bunlar doğrulmayıb deyə inciyib. Polad Bülbüloğlunun da hər bir insan kimi “masa altdan gizlənən” yaş dövrü olub, əlbəttə. Amma onun nazirlik dövrü, indiki situasiya ilə müqayisədə artıq müsbət sayıla biləcək səviyyədədir. Polad da, Poladdır da! Hansı tərəfdən baxsan, mədəniyyətə bağlı birisidir. Onu Əbülfəs Qarayev əvəzlədi. Sonra nə oldu? Bunlar məlumdur artıq. Ə.Qarayevi də Anar Kərimov əvəzlədi və onun da aqibəti və Mədəniyyət Nazirliyini hansı aqibətə düçar etməsi də məlumdur. Dərinə gedilmədikcə, “Mədəniyyət Nazirliyində də korrupsiya olar?”, tərəddüdü yaranır. Amma belə görünür ki, oğurlamağı “kafası”na qoymuş birisi oğurlamağa nəsə tapacaq. Necə ki Yusif peyğəmbər haqqında çəkilmiş filmdə Potifarın sarayına daxil olan dilənçilər əllərinə nə keçdi oğurlayırlar, bu da elə. Ötən il Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirdi. Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov, Protokol şöbəsinin rəisi Kamil Rzayev və digər vəzifəli şəxslər saxlanılaraq istintaqa cəlb edildilər. Nazirliyin yüksəkvəzifəli əməkdaşlarının korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə saxlanıldıqları bildirildi. Hesablama Palatası da Mədəniyyət Nazirliyində yoxlama apardı, külli miqdarda yeyinti faktının üzə çıxdığı iddia olundu. DTX 2020-ci ilin mayında da nazirlikdə əməliyyat keçirmişdi və həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı. İndi də nazirlikdə bir xeyli, köklü dəyişikliklər olub. Prezident İlham Əliyevin sərəncamı ilə nazirin 2 müavini vəzifəsindən azad edilib, onların yerinə yeni təyinatlar olub. Hazırda nazir vəzifəsini icra edən Adil Kərimlinin əmrləri ilə nazirliyin mərkəzi aparatı, regional idarə və şöbələrində çalışan 30-dan çox rəhbər şəxs və işçilər işdən çıxarılıb. İşdən çıxarılanlar arasında nazirin müşaviri Fuad Məmmədov, teatr sektorunun müdiri Könül Cəfərova, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da var. Yeni təyinatlar Mədəniyyət Nazirliyinin fəaliyyətində hansı müsbət dəyişikliyə səbəb olacaq?   
  D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, mədəniyyət çox vacib bir sahə olduğu üçün ictimaiyyətin marağı anlaşılandır: 
- Azərbaycan xalqı mədəniyyətə, incəsənətə xüsusi önəm verən, qiymətləndirməyi bacaran xalqdır. Mədəniyyət üzdə olan sahədir. Ona görə də ən xırda neqativ hal da cəmiyyətdə əks-səda verir, qınaq yaradır. Mədəniyyət bizim sahib olduğumuz ən üstün keyfiyyətdir. Mədəniyyətə, incəsənətə aid sahələrə da həmişə maraq var. Bizi dünya qədim mədəniyyətə sahib xalq kimi tanıyır. Biz bunu sübut etmişik, mədəni irsimizlə, tarixi abidələrimizlə, sənətkarlıq nümunələri ilə. Azərbaycan muğamının oxşarı hansı ölkədə, hansı xalqda var? Azərbaycan xalçaları, rəsmlərimiz, musiqimiz dünyada məşhurdur. Mədəniyyət sahəsinə cavabdeh şəxslər korrupsiya ilə məşğul olub milli sərvətlərimizə xəyanət ediblərsə, ən ağır cəzaya layiqdirlər. Heç bir sahədə yeyinti, oğurluq olmamalıdır, amma mədəniyyət sahəsi daha da müqəddəsdir, çünki bu, xalqın milli sərvətidir. Ona xəyanət bağışlanmamalıdır. Bu mənim dəyişməz mövqeyimdir ki, vəzifələrə milləti, dövləti həqiqi sevən insanlar təyin edilməlidir. Yeni təyinatlar ümid edirik, müsbət dəyişiklik yaradacaq. Amma mənim fikrimcə, mədəniyyət sahəsində inanılmış, sınanmış adamlara üstünlük verilməlidir. Həm də cəmiyyətin inandığı, nüfuza malik adamlar. Məsələn, Elçin Şıxlı, Qulu Məhərrəmli, Arif Əliyev kimi adamlar. Hərtərəfli ziyalı və mədəni insanlar. Mədəniyyət Nazirliyi mədəniyyətin hər bir sahəsini əhatə edən qurum olmalıdır. Bura kitabxana da daxildir, kitab da, yazıçılar, şairlər, televiziya, radio... hər şey. Orda elə adamlar vəzifədə olmalıdır ki, bu sahələri bilsinlər, harda çatışmazlıq var, xəbərləri olsun və onları aradan qaldırsınlar. Kadr seçimi düzgün aparılsa, neqativ hallar aradan qalxar.