Müharibəyə hazırlaşırlar



Sülh prosesinin üzərinə rus kölgəsi düşüb

Qarabağdakı sülhməramlılar qeyri-leqal silahlanmaya dəstək olurlar


Son hadisələr bir daha təsdiq edir ki, qısa zamanda sərhəd nəzarət-buraxılış rejiminin tətbiqinə ehtiyac var


  Azərbaycan Silahlı Qüvvələri Laçın yolunun şimalındakı torpaq yollardan silah-sursat daşınmasının və potensial təxribatların qarşısını almaq məqsədilə zəruri nəzarət tədbirləri həyata keçirib. Xüsusi təyinatlılarımız şimalda Kosalar, şərqdə Turşsuya qədər bütün alternativ yolları azad edərək, nəzarətə götürüblər. Bölgədə mühəndis-istehkam işlərinə başlandığı da deyilir. Bildirilir ki, ermənilərin qanunsuz silahlı birləşmələri qazdıqları səngərləri və açdıqları yolları bir güllə belə atmağa cəsarət etmədən tərk edib. Erməni deputat, hərbi ekspert Tiqran Abramyan da deyib ki, Azərbaycan Ordusunun irəliləməsi nəticəsində separatçılar üçün strateji əhəmiyyət daşıyan yol nəzarətə götürülüb: “Azərbaycanlılar əvvəlki mövqelərinə qayıtmazsa, Qarabağda vəziyyət hər cəhətdən pisləşəcək. Separatçıların vəziyyətinin daha da pisləşməsi Qarabağdakı erməni əhali arasında Bakıya tabe olmaqdan başqa alternativin olmadığı rəyini gücləndirəcək amildir”. Qeyd edək ki, son günlər Azərbaycan ərazisindəki ermənilərin qanunsuz silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müşahidə edilib. Azərbaycan tərəfinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, silah-sursat daşınmasının qarşısının alınması üçün heç bir zəruri tədbir görülməyib. Habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. Ermənilərin hərbi təxribatları Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan prezidenti, baş nazir və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı bəyanatlar səsləndirilib. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bazir nümunəsidir. Ekspertlərin fikrincə, Azərbaycan hərbçilərinin Şuşaya daxil olmadan keçən torpaq yolu nəzarətə götürməsi Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılması zərurətini artırıb. Azərbaycanlı fəallar Laçın yolunda etiraza başladıqdan sonra Ermənistan bu yoldan separatçılara böyük həcmdə silah və sursat göndərməyə risk etmirdi. Doğrudur, Rusiyanın nəqliyyat vasitələrində yüklər göndərilə bilərdi, ancaq bunun risklərini hesablayırdılar. Buna görə də Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbi kontingenti ilə birgə Qarabağ separatçılarına hərbi yükləri Laçına alternativ torpaq yolundan göndərməyə başlamışdı. Hazırda bu yol Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyinə görə Ermənistan və Rusiya hərbi yükləri yoxlanılmayan nəqliyyat vasitələrində yenidən etirazın keçirildiyi yoldan keçirməyə çalışacaqlar. Bunun qarşısını almağın yeganə alternativi Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Bütün maşınlar, o cümlədən Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanmalıdır. 
  Millət vəkili Ceyhun Məmmədov deyib ki, Qarabağda gərginliyin artmasının əsas səbəblərindən biri sülhməramlı missiya və onun yarıtmaz fəaliyyətidir. Deputatın sözlərinə görə, Qarabağdakı sülhməramlıların ermənilərin qanunsuz silah daşınmasına şərait yaratması onu göstərir ki, Rusiya və Ermənistan müharibəyə hazırlaşır: "Sülhməramlılar adlarından da göründüyü kimi, regionda sülhün, sabitliyin təmin olunmasına çalışmalı idilər. Silahların daşınması isə göstərir ki, onlar mövcud gərginliyi daha da gücləndirmək, sülh prosesinə mane olmaq istəyirlər. Əlbəttə, bu, qəbuledilməzdir. Ən azından ona görə ki, rus hərbçilərinin bu addımı 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanata ziddir. Sülhməramlılar açıq şəkildə terrorçuların dəstəkçisinə çevriliblər. Bu, məkrli siyasətdən xəbər verir. Separatçıların Azərbaycana qarşı təxribatlarında sülhməramlılar da rol oynayır. Görünür, tərəflər arasında güclü işbirliyi var. Belə sülhməramlılara ehtiyacımız yoxdur. Əsas vəzifə kənarda qalıb. Sülhməramlılar gah taksi fəaliyyəti ilə məşğul olur, gah bağça tikir, gah da təxribatçıları dəstəkləyirlər. Təxribatlara, o cümlədən qanunsuz silah daşınmasına imkan verə bilmərik. 3 il ərzində sülh üçün çalışdıq. Amma sülh prosesinə süni əngəl yaradılır. Ermənistanın təxribatlarına güc yolu ilə cavab verməli olacağıq. Madam ki, onlar sülh yox, gərginlik yaratmaqla məşğuldur, o zaman torpaqlarımızı tərk etmələri barədə düşünməliyik. Daha 30 il gözləmək niyyətimiz yoxdur. Ən kiçik təxribata çox sərt reaksiya veriləcək. Bunu hamı bilməlidir. Mütəmadi baş verən qeyri-qanuni fəaliyyətlər Laçın yolunun son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruriliyini göstərir".
Millət vəkili Vüqar Bayramov da bildirib ki, Rusiya sülhməramlıları üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən öhdəliklərini yerinə yetirə bilmirlər. Parlament üzvü qeyd edib ki, Qarabağda hazırda 10 mindən çox qeyri-qanuni erməni silahlıları qalmaqdadır: "Ermənistan Qarabağa qanunsuz silah daşımaqda davam edir. Rusiya sülhməramlıları bunun qarşısını almaq əvəzinə, qeyri-leqal silahlanmaya dəstək olurlar. Son hadisələr bir daha təsdiq edir ki, qısa zamanda sərhəd nəzarət-buraxılış rejiminin tətbiqinə ehtiyac var. Sərhəd nəzarət-buraxılış məntəqələrinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə uyğundur. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir. Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşmalıdır. Sərhəd nəzarət-buraxılış məntəqələrinin yaradılması birbaşa bölgədə sülh və stabilliyin əldə edilməsi baxımından vacibdir. Dayanıqlı sülh yalnız qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinin tanınması halında mümkündür. Ermənilərin qeyri-leqal silahlanması isə bölgədə sülhün əldə edilməsi ilə bağlı danışıqlara ciddi zərbə vurmaqla yanaşı, qarşıdurmanın dərinləşməsinə xidmət edir".