BUGÜN QARMON FƏQAN EDİR 

QARMON DÜNYASINDA ƏFSANƏLƏŞMİŞ, ƏSRARƏNGİZ İLAHİ MELODİYALARLA  AVTANDİL ÖMÜRÜ YAŞAMIŞ USTAD SƏNƏTKARIMIZA  MİN RƏHMƏT 

Çünki qarmonu çalarkən hər zaman ürəyində yana-yana, minbir boyalı naxışlarla dil-dil ötərək vay-şivən edərək ağlayırdı. Bizi də qəmlər ağuşuna qovuşdurub ağladırdı möhtəşəm ifası ilə. Bu gün matəmə bürünmüş, qara çadraya bürələnmiş siyah geyimli qarmonu da sahibim deyib fəqan etməkdədir heyhat. İnnən belə sızlayıb ağlayaraq sahibini, onun nazını, məsum sığalını çəkənini, etibarlı, istəkli atasını hey axtaracaq, arayacaq. Fəqət Avtandil İsrafilov adlı ürək dostu bir daha gözə görünməyəcək. Çünki ərşi-əlaya bu gün varid olub qarmonunu tifil qoydu bu fani dünyada nəyazıq ki. Daha qarmonu sığallayan yox, nazını çəkəni, əzizləyəni yox, xoş sözlərlə təsginlik verib ovudanı yox, həmsöhbəti, könül sırdaşı yox. Arkadaşsız qaldı qarmonu, Avtandil məhəbbətindən məhrum oldu üzgün qarmon, bu həyatdan bezgin qarmon, yazıq qarmon. Yazıq günlərə qaldı bu gündən belə. Ağlar qaldı innən belə. Daha qılıfından çıxarıb çalanı yox, bir könlünü alanı yox, qayğısına qalanı  yox. Heyif a qarmon. Böyük sahibini əbədi itirdiyinin fərqindəsən. Ömür-gün yoldaşını həmişəlik qeybetdin bu fani dünyamızda Avtandil İsrafilov adlı xalqımızın qəlbində, ruhunda əfsanələşmiş ustadını, vəfalı yoldaşını, doğru-dürüst vəfadarını. Daha vəfası qalmadı. Sədd heyif  ömrü daha yetmədi vəfalı olduğunu zamanlara sığmayan illərində, aylarında, həftələrdə günlərində yaşayaraq çalıb göstərməyə. Nə edəsən? Söz tapa bilmirsən ovutmağa, təskinlik verməyə. Nə güc çatır, nə qüdrət. Bu ağır itkinin ağırlığında əsir-yesir qalırsan zavallı qarmon, şirmai dilli yetim qarmon. Bir daha “Aynurə”ni, “Kəmalə”ni, “Nazilə”ni, “Sevgilim”mi, “Simrani rəqsi”ni, “Yeni Rəqs”i, “Basqalı”nı, “Cəmilə”ni, “Dağlaroğlui”nu, “Zemfira”nı, “Zemfiri”ni, “Qarabağ”ı, “Cəlalıi”nı, “Bakı – Tiflis - Ceyhan”ı, “Nüşabə”ni, “Jalə”ni, “Bakı gecəsi”ni, “Vüsalə”ni, “Bahar”ını, “Laləzər”i, “Futbolçu”nu, “Ayselim”i, “Nailə”ni, “Osmanı”nı sənin şəxsində, sənin timsalında, sənin fantaziyandan saf bulaq suyu kimi süzülüb gələn təfsirində bu möhtəşəm rəqsləri bir daha Avtandilsayağı əda ilə, nazlana-nazlana çalan tapılmaz onun qədər, onun ilahi səviyyəsində. Heyif, heyif, heyif.  Başını oxşayanın, sığal verənin tapılmaz, nazını onun qədər ilahi həssas duyğularla çəkərək səni əzizləyənin tapılmaz ey Avtandil İsrafilov yadigarı. Matəmə büründün bugündən belə, niskilli qaldın, bu dünyadan küsgün qaldın indən belə, ağlar günə qaldın sahibsiz qarmonum. Bu matəm günü Qaziantepin təbiəti də 29-30 apreldə qara buludlarla dolub aşıb-daşdı, fəqan etdi anidən yağış qəfildən leysana döndü göz yaşlarını car etdi qara torpağa. Çünki İlqar Cəmiloğlu, Əli İlmamverdi adında qəlbi vətəndə olan bir vətənoğlu, musiqişünas alim də bu qaraxəbərdən sarsıldı, üzülərək daxili dünyasında qana bələnmiş gözyaşlarını pünhanca axıtmaqdadır indi. Səbəbi odur ki, İksad yayınevi tərəfindən işıq üzü görmüş “AVTANDİL İSRAFİLOVUN 26 RƏQS HAVALARI” adlı kitabımı 2021 ilində 80 illik yubileyinə ərmağan edərkən
 
nə qədər sevinmişdik ki, ustadımızın könlünü xoş edək. Fəqət bu gün könlüm naxoş oldu gözlənilməz qaraxəbərdən. Daha əlim-ünüm heç yerə çatmır dəyərli oxucularım. Əlacım kəsildi ki, kitabın önsözündəki bəzi məqamları bir daha Avtandil İsrafilov adlı övladımızı yetirən, Qarabağımızın zəfərini şəhidlərimizin, qazilərimizin qanıları ilə qazandıran qəhrəman xalqımıza ərmağan edəm “Şərq qəzeti”mizin etibarlı əməkdaşlarının sayəsində.
Allah ruhlarını şad, məkanlarını cənnət eləsin vətən uğrunda canlarını fəda qılmış şəhidlərimizə Avtandil İsrafilovla bahəm. Amin, Amin, Amin.
  “Azərbaycan xalqı dünyada tanınmış istedadlı sənət adamları ilə daima qürur duymuşlar. Çünki İstedadlı şəxslərimiz qədim “Odlar Diyarı” adlı Azərbaycanımızı sənət aləminə bəxş etdikləri öz möhtəşəm əsərləri ilə dünya miqyasında tanıtmışlar. Bu baxımdan da müqəddəs Vətənimiz Azərbaycanı “Qabiliyyətlər Ölkəsi” və ya “İstedadlar Məkanı” təbiri kimi də adlandıra bilərik. Belə istedadlı Vətənoğlullarından biri də 80 yaşını haqlamış “Şöhrət” ordenli, Azərbaycanın Xalq Artisti görkəmli qarmon ifaçısı Aftandil Bəy İsrafilovdur ki, bu mübarək ismi daima fəxarətlə zikr etmək lazımdır. Bəy sözü Avtandil İsrafilova çox yaraşır. Çünki qarmon adlı nökərin 70 ildir Azərbaycan mədəniyyətində ağası, bəyi, şahı, sultanı kimi bu musiqi ilə yoğrulmuş dilli alətini profesyonal bacarığı, zəngin təcrübəsi ilə idarə edərək, sənət kəhkəşanında böyük nailiyyətlərə, fitri istedadı, bacarığı və fanatik çalışması ilə gəlib çatmağa müvəffəq olmuşdur. Vətənimizin Alim Şair övladı Cəmil Əkbər şeirinin bir beytindəki mükəmməl anlamlı fikir, sanki Avtandil İsrafilov üçün nəzərdə tutulmuşdur. 
Dərs almamış alim olan anadan, 
İşıq verən çıraqbanı tapmışam.
 Bu dərin mənalı beytdən yola çıxaraq deyə bilərəm ki Avtandil Bəy dərsini təkcə “Uca Tanrı” adlı gözəgörünməz müəllimdən almış, 70 ildir ağuşunda məsum bir yavru tək bəsləyib işvəsini– nazını gecə - gündüz çəkdiyi, göz bəbəyi kimi hifz edib qoruduğu qara qiyafətli “sənət günəşi” adlı qarmonun ecazkar səsi ilə dünyamızı çıraqban etmişdir. Özünün dediyi kimi rəsmi sənədlərdə Dilaftan olaraq qeyd edilən adının ilk hecasındakı kəlmə, sanki dilli alət adlı qarmonun Avtandil ismində dünyaya qədəm qoyduğu gündən simvolik məna ilə möhürlənib təsdiqlənmiş rəsmi bəlgəsidir. Buna görədə Avtandil Bəy insanlarla ünsiyyətdə olduğu zaman yaradılışdan, hər bir insan üçün bəxş olunan fiziki görünən dili ilə əlaqə saxlayıb, fikrini sözlərlə, kəlmələrlə ifadə etməklə bildirir. Fəqət onun əsas dili insanların görüb duya bilmədiyi gizli olan, sadəcə özünə aid nihan barmağının dilləri ilə qarmonun ağlı - qaralı görünən mərmər görünüşlü dillərinə toxunduğu zaman həmsöhbət olmaqla məramını, müdrik fikirlərini, mənəvi dünyasının aynası olan ruh halını bir peşəkar rəssam kimi ən gözəl şəkildə seyircilərinə yansıda bilir. Bu baxımdan da dil Avtandilin həyatında iki məna kəsb edir. Həm Avtandilin adında həm də qarmonun dillərində. Dilinə gətirib deyə bilmədiyi düşüncələrini Avtandil Bəy qarmonun şirmayi dillərində daha möhtəşəm ifadə edə bilmə qüdrətinə sahibdir. Boğazdan yuxarı gördüyümüz dil sadəcə hər kəs üçün bəxş olunan əmanət olsa da, boğazdan aşağı olan ürək, mənəviyyat dili isə əsl insanilik nümunəsini sehirli qarmonun imkanları ilə car etməsində özünü büruzə verir. Fikir dili sözlərində fiziki dilində əks olunsada, ürək dili qarmonun düyməli dillərində daha anlamlı səslənir. Bu dünyada iki dillə yaşasa da məna dolu hikmətlə yoğrulmuş ürək sözlərini yalnız bir dillə, musiqi dili ilə, rəqslərə, rənglərə, min bir naxışlı melodiyalarıyla dünyaya uğurla çatdıra bildi.
Avtandil Bəy qarmon sənətində bir şairdi. Məntiqi fikirləri, müdrik kəlmələri poetik misralarla musiqi dünyasında axarı – baxarı ilə qəlbimizə ruhumuza, mənəviyyat dünyamıza pünhanca süzülməklə özünü göstərir. Avtandil Bəy bir rəssamdır bütün insanlıq aləıminin ruh halını, fikir və düşüncələrini Haqq tərəfindən bəxş olunan ilham adlı qeyri adi fırçasıyla, melodiyalar şəklində qarmon isimli kətana ən uğurlu bir şəkildə əks etdirə bilir. Avtandil Bəy bir heykəltəraşdır ki, onun yaratdığı yüzlərlə əsərləri, tarixi abidələrimiz kimi zaman - zaman xalqımızın məhəbbət adlı müqəddəs məbədgahında qorunub saxlanılmaqla yaşadılacaq, gələcək nəsillərə əmanət ediləcək. Avtandil sənəti xalqımız üçün qürur mənbəyi, iftixar qaynağıdır. Avtandil müəllim hər çalanda insan sevinir, nəşələnir, fəxarət hissələri yaşayır, mənəvi saflıq dünyasında paklaşır, munisləşir, ülvi gözəllik dünyasına bələnir. Onun hər çalğısı bir ixtira, möhtəşəm əsərləri yeni bir kəşf nümunəsidir. Avtandil Bəy nə çaldısa doğru çaldı, düzgün çaldı, məntiqə qərq olunmuş fikirlərlə zəngin, sərrast ifadəli çalğısı ilə xalq musiqi irsimizə gözəllik ərməğanı bəxş etmişdir. Avtandil yaşadığı ünvanın adı Azərbaycandır. Bu səbəblədə onun icad etdiyi yüzlərlə əsərləri Azərbaycançılığın timsalı kimi 70 ildən artıqdır ki, musiqi dünyamızda namusla qeyrətlə, qüdrətlə, ismətlə səslənməkdədir. Avtandil Bəy sadəcə özünəməxsus olan çalğısı ilə soydaşlarımıza, vətəndaşlıq hissiləri aşılamaqla, abır - həya, müslümançılıq, türkcülük təlqin edir. Çalğısı ilə əslimizi kökümüzü, şəcərəmizi tanıtmaqla, şərəfli tarixi keçmişimizi bir daha yadımıza salır. Bu baxımdan da Avtandil sənətini mübarək savab işlərin müəllifi olaraq da adlandıra bilərik. Uzun illərdir xeyirxahlıq, insanpərvərlik, vətənpərvərlik, beynəlmiləlçilik Avtandil Bəyin əsrarəngiz melodiyalarından dünyamıza duyulmaqdadır. Eşq olsun Avtandil Bəyi yetirən torpağa. Var olsun odlar diyarımız Azərbaycanımız ki, onun timsalında çox sayda istedadlı sənət xadimlərimiz mövcuddur. Məhz Avtandil Bəy kimi azman sənət korifeyləri ilə də Azərbaycanımız dünya miqyasında tanınmaqdadır. “Azərbaycan qarmonu”nun qurucusu Əhəd Əliyevdən başlamış Teyyub Dəmirov, Məmmədağa Ağayevdən sonra sənətə bir dönəmdə gəlmiş Zakir Mirzəyevlə birilikdə Azərbaycan qarmon ifaçılığı sənətinə 70 il sərasər başucalığı gətirmiş azman sənətkarın adı Avtandil Eynulla oğlu İsrafilovdur. Bu ad Azərbaycanda, Rusyada, Türkiyədə, İranda, Yaxın və Uzaq Şərq, hətta dünyanın bir çox ölkələrində möhtəşəm çalğısı ilə milyonların sevgisini, saygısını dilli - körüklü alətlə qazanaraq, irqindən cinsindən asılı olmayaraq “Əşrəfi - məxluqat”ın könül dünyasını fəth etmiş nadidə sənətkarlarımız arasında nadir olanıdır. Əminliklə deyə bilərik ki, çox sayda gözəl məzmunlu bəstələri - rəqsləri ilə Azərbaycan musiqi mədəniyyətinə cani - dildən xidmət göstərmiş böyük sənətkar, möhtəşəm ifası və bir çox novator yenilikləri ilə “Avtandil Qarmon İfaçılığı Məktəbinin Banisidir”. Bu cəhətlərə görə də xalqımız arasında sevilməklə, qarmon ifaçılığının şahanə zirvəsində xüsusi yerə zəhməti, çalışqanlığı, əzmi və fanatik sevgisi ən önəmlisi isə müntəzəm çalışqanlığı sayəsində gəlib çıxmışdır. Avtandil İsrafilov Azərbaycan qarmon ifaçılığı sənətində yeni bir era, yeni bir səpgi, yeni bir çığırdır. Bu izin, bu dəst - xəttin yaradıcısının ifaçılıq yolu ilə gedən sənətkarların, çalğı yöntəmindən, ifaçılıq tərzindən - stilindən çox böyük həvəslə və yaradıcılıqla istifadə edən gənc nəsil musiqiçilərin sayısı həddindən ziyadə olduğunu müşahidə edirik. Səbəbi isə budur ki, Avtandil adında qarmon sənətkarı bu alətə yeni bir ifaçılıq məziyyəti və münasibəti gətirməklə, Azərbaycan qarmon ifaçılığı aləminə çağdaş çağlı manerasını musiqi ifaçılığı mədəniyyətimizə bəxş etmişdir. Bununla da sənətə öz yolu, öz izi ilə də minlərlə insanların, dinləyicilərin ruh dünyasını fəth edəbilmişdir. Avtandil İsrafilovun adı milli musiqi ifaçılığı sənətinə çox sayda musiqi töhvələri gətirmiş bəstəkar təbli sənətkar kimi Azərbaycan musiqi mədəniyəti tarixinə həkk olunmuşdur. "Simrani", "Elmira", “Cəlalı", “Cəmilə rəqsi”, “Kəmalə rəqsi”, "Qarabağ rəqsi", "Naxçıvan rəqsi", "Dağlaroğlu rəqsi", "Sevgilim", “Yallı rəqsi”, “Nazilə rəqsi”, “Zemfira rəqsi”, “Zemfiri rəqsi”: “Basqalı rəqsi”, “Nüşabə rəqsi”, “Aynurə rəqsi”, “Jalə rəqsi”, “Bahar rəqsi”, “Laləzər rəqsi”, “Vüsalə rəqsi”, “Ayselim”, “Nailə rəqsi” ,“Osmanı rəqsi”, “Bakı - Tiflis – Ceyhan”, “Futbolçu rəqsi”, “Bakı gecesi” kimi şahanə yeniliklərlə xarakterizə olan melodik töhfələri ilə də qarmon ifacılığı sənətini süsləməklə zənginləşdirmişdir. Bu nöqteyinəzərdən də Avtandil İsrafilovun hər bəstəsi bir yenilik, hər çalğısı bir novatorluq nümunəsidir. Qarmon dillərində qeyri - ixtiyari vurduğu, ruhundan, canından, ürəyindən, qanından, ilhamından süzülüb gələn zəngin ilmələr, çoxçalarlı əlvan güllər, xallar, bitib tükənməz haşiyələr, bu yeniliklərin işartısı, novatorluğun təsdiqidir. İnamla demək olar ki, Azərbaycan qarmon ifaçılığı sənətində öz adını ifaçılıq sənətinin şərəf lövhəsinə həkk etdirən sənətkarlardan biridir Avtandil İsrafilov. Azərbaycan qarmon sənətində musiqi məktəbi, litsey, ali musiqi təhsili verən qurumdur Avtandil sənəti. Bu ifaçılıq yolun zəvvarları xoşbəxtdirlər. Çünki öndərləri Avtandil İsrafilov adında sənət sultanıdır ki, xalq musiqi camiasında bir günəştək parlayaraq, melodik ziyalarını sevənlərin qəlbnə, ruhuna, canına damla - damla yönəldə bilmişdir. Avtandil çalğısının fəlsəfəsi də bu cəhətdir ki, onun ecazkar ilahi ifaçılığı istər - istəməz hər kəsin könül dünyasını ovsunlamaqla ram edə bilir. Bəstəkarın çaldığı əsərlərdə hərkəs öz ruhunu tapa bildiyi üçün də Avtandil ifaçılığını heyranlıqla, huş-guşla dinləməkdədirlər. Çünki Avtandil İsrafilov hər bir insanın qəlbini oxuyub-çalabilən haqdan bəxş olunmuş nadir istedad sahibidir. Ürəkləri fəth, qəlbəri ram etmək sənəti hər kəsə nəsib olmayan, yalnız Avtandilin qarmon ifaçılığına məxsus nadir cəhətdir. Bu keyfiyyəti ilə də musiqi mədəniyyətimizə 70 ildir təmənnasız xidmət etməklə Azərbaycan xalqının iftixarına çevrilmiş, elin-obanın hüsn rəğbətini qazanmışdır. Bu baxımdan da deyə bilərik ki, Avtandil İsrafilov çox az sayda sənətkara məxsus olan bu dəyərləri ilə Azərbaycan millətinin haqlı olaraq qürurlandığı əfsanəvi qarmon ifaçısıdır. İfaçılıq sənətində fikirləri aydın, melodik çümlələri məntiqli, xalları yerli - yerində, əsrarəngiz ilmələri qəlb oxşayan, saxta gəzişmələrdən, bayağılıqdan uzaqda dayanan, billur kimi şəffaf, aydın, insan oğlunu ülviliyə səsləyən qüdrətə sahipdir Avtandil Bəyin sənəti. Bu baxımdan da özü kimi sənəti də qürurlu, məğrurdur Avtandil qarmonu, Avtandil qarmon ifaçılığı. Elə məqamlar da olur ki, melodiyanın fərqli dönümlərində Azərbaycanın namuslu - iffətli qızları, gəlinləri, zənənləri kimi həyalıdır, ismətlidir, kövrəkdir, həssasdır Avtandil naxışları. Buna görədə bir dünyadır Avtandil sənəti. Azərbaycan adlı dünya dediyimizdə Avtandil ifaçılığını seyr etmək, min bir zəngin orijinal naxışlarla allı - güllü əlvan melodiyalarına dinşək kəsilmək gərəkdir. Çünki Azərbaycan dünyasının şahanə görünümü Avtandil adlı sənətkarın sənətində zühur etməkdədir. Bu ifaçılıq sənətində Azərbaycanın zəngin təbiəti, füsunkar yaylaqları, göz oxşayan, insana ilham verən oylaqları, müqəddəs yurd yerləri, uca dağları, zəmzəm sulu sərin bulaqları, şır-şır axan zümzüməli nazlı qəmzəli axan çayları, göy meşələləri, yaşıl ormanları, gözəl ətirli çəmənzarları, gölləri, sonaları, elləri - obaları bir anlıq göz önündə vaqe olur, İnsan oğlu bu ecazkar səslər dünyasında cuşa gələrək, yaşamaq həvəsinə, yaratmaq eşqinə düşür. Təlatümə gəlib coşaraq aşır-daşır, mənən təlatümə gəlir. Bu mənəvi qüvvənin yaradıcısı Avtandil İsrafilov adında bir Vətənoğlumuzdur. Avtandil İsrafilov musiqi xəzinəmizin qoruyucusudur. Bu əmanət xəzinəsini dəyərli melodik töhfələri ilə daima zənginləşdirən etibarlı, doğru dürüst bir şəxsiyyətdir Avtandil İsrafilov. Xoşbəxt o milətdir ki, onun Şah İsmayılı, Üzeyir Hacıbəyovu, Avtandil İsrafilov adındaisə Dədə Qorqud timsallı müdrik sənətkarı vardır. Çünki Avtandil İsrafilov Azərbaycançılığın simvolu və simfoniyasıdır ki, musiqi dünyamızda çanla - başıa, təmənnasız xidmətini, bəstəkarlıq səxavətini əsirgəməyən qeyri - adi istedada sahib ustad - sənətkarımızdır. Qarmon sənətkarı təbiri həqiqətən də Avtandil İsrafilov üçün biçilmişdir. Sənət dediyimizdə qarmon, sənətkar dediyimizdə isə Avtandil İsrafilov anılır. Onun çalğısı ürəkdən gəldiyi üçün ürəkləri asanca fəth edə bilir. Onun böyük sənəti qarşısında ürəklərimiz, qəlbimiz daima riqqətə gəlir, ruhumuz min bir naxışlı melodiyaların ecazkar dünyası ilə qeyri - ixtiyari təslim, əsir - yesir olur. Böyük sənətin mənası əzəməti də bu qüdrətlə ölçülür. Eşq olsun Azərbaycanımızın Avtandil İsrafiov adında böyük qarmon sənətcisinə. Qürurlanıb öyünürsən ki, ilahidən gələn yaradıcı qarmon ifaçımız günümüzdə yaşamaqda, xalqımızın arasında fəaliyyətini bu gün də şövqlə və şəstlə sürdürməkdədir. Avtandil İsrafilov dedikdə ilk öncə toylarımızın - bayramlarımızın yaraşığı, qarmonu ilə şənliklərimizin bəzəyi olan qüdrətli sənətkarı yada düşür. Avtandil İsrafilov bu gücü – qüdrəti heç şübhəsiz qədim “Odlar Diyarı” olan Azərbaycanımızdan alır. Ona bu qüdrəti bəxş edən Azərbaycanımızdır. Aftandil İsrafiloun adı Azərbaycanımızla iç - içədir. Azərbaycan dedikdə Avtandil İsrafilov, Avtandil İsrafilov dedikdə isə Dədə Qorqudlar, Şah Xətailər, Qoç Koroğlular, Babəklər, Nəbilər, Səttarxanlar, Bağırxanlatr diyarı, axarlı - baxarlı, geniş düzləri, dağları - dərələri ilə birlikdə qədim türk yurdu Azərbaycanımız ağıla gəlir. Avtandilin rəqslərində, həm də sayı bəlli olmayan əlvan çeşidli melodiyalarında bütün bu keyfiyyətlər onun ilahi barmaqlarının mükəmməl şəkildə vurduğu min bir bədii – texniki ifaçılıq priyomlarıyla izhar olunur. Avtandil İsrafilovun sənəti ilahi sənət, özü isə Allahın bir lütfüdür. Eyni zamanda xalqımız, millətimiz üçün bir bəxşiş, nadir bir tapıntıdır. Qeyd etməliyik ki, bu fani dünyada Avtandil öz yoldaşını, öz sirdaşını, öz məhəbbətdaşını tapmışdır. Qarmonla Avtandilin görüşü Leylinin - Məcnuna, Tahirin - Zöhrəyə qovuşmasının ülvi anıdır. Bu ilahi məqamda söz - söhbət deyil ürəklər danışır, bir - birini qəlb dili ilə sözlərini nəql edərək anlaşırlar. Haqdan başa, başdan ürəyə, ürəkdən barmaqlara süzülən əbədi eşqin möcüzəsidir ki, qarmonun dillərində car olaraq ellərə - obalara melodiyalar ahəngində rəqs adı ilə xalqımızın mənəvi dünyasına çatdırılır. Ülvi - mənəvi dünya dedikdə Avtandil İsrafilov və onun xarüqələr yaradan sehirli barmaqlarından car olan min bir təsir gücünə malik qəmli - kədərli, sevinclinəşəli melodiyalar xatırlanır. Avtandil İsrafilov sənəti sehir dünyasıdır ki, milyonların qəlbini ram edir, onu gah ağladır, gah güldürür, gah sevindirir, gah qəmləndirir, gah xatirəli dünyamızın ağuşunda ülvi xəyallar dəryasına daldırır. İnsana mənəvi yöndən təsir edən hər bir cəhət özünü Avtandil ifaçılığı sənətində göstərməkdədir. Budur Avtandil ifaçılığının möcüzəsi, Avtandil sənətinin məğzi. Bu sənətin şücaəti, qüdrəti, intəhasız imkanları. Qarmon dedikdə Avtandil, Avtandil dedikdə isə qızıla bələnmiş, naxışla dolu sədəflə bəzədilmiş qarmonu təsəvvürümüzdə yaranır. Qarmonla Avtandil bir bütövlükdür, tamlıqdır. Qarmondan ayrılan Avtandil və qarmon da yetimdir, tifildir, məsumdur, yarımcandır mütləq. Bütövlük məqamı qarmonla Avtandilin görüş səhnəsidir. Əllər, barmaqlar, dillər sevinir, çöhrələr gülümsəyir, qarmon şeyda bülbül tək şövqə, gəlib eşqlə oxuyur. Könül bağcamıza səsi - sədası ilə fərəhlik gətirir. Ürəyimizin xoş sözlərinin cümlələridir Avtandil çalğısı. Qədim dönəmlərdən xəbər verir, günümüzlə səsləşir, gələcəkdən soraq verir Avtandil ifaçılığı sənəti. Avtandil ifaçılığı hələ yetərincə araşdırılmadığı üçün Azərbaycan musiqi emlimizin aktual bir problemini təşkil edir. Onun ifaçılıq məziyyətlərinin dərin qatlarının açılmasının, muzikoloji yöndən bu problemin təhlil edilməsinin zamanı gəlmişdir. Bu səbəblə də deyə bilərik ki, zəngin bir melodik xəzinəyə malikdir Avtandil ifaçılığı sənəti. Avtandil, sirli – sehirli, möcüzəli qarmon adı ilə bu dünyaya gəlmişdir. Şükürlər olsun ki, bu işvəli, nazlı - qəmzəli aləti ilə əta olunduğu müqəddəs bir məkanda qarşılaşdı. Könlünü heç zaman sındırmayan məcazi anlamda “sevgili yarı” ilə bu fani dünyada görüşmə imkanı əldə edə bildi. Bu qovuşma sayəsində minlərlə bəstələr yarandı, rəqslər xalqımıza ərmağan oldu. Milli musiqimiz onun ilahi yaradıcılıq ilhamı ilə şəkillənərək püxtələşdi və daha da zənginləşərək möhtəşəmləşdi. Avtandil İsrafilov qarmon adlı şamın pərvanəsidir. Uzun illərdir qarmon isimli şamın əsrarəngiz şöləsində dövr etməkdə, pünhanca alışıb korun – korun yanmaqda, cismini eşq atəşinə istəyərək, sevərək, bilə - bilə, qana – qana zövqlə, şövqlə, şəstlə təslim etməkdədir. Qarmon Avtandil üçün bir mənəviyyat dünyası, Avtandil də qarmon aləti üçün bir aləmdir. Bu aləmin bu dünyanın bu cahanda qovuşması Avtandl adlı sənətkarı yaratmış, “Avtandilin qarmon ifaçılığı sənəti”ni xalqımıza, Azərbaycan xalq musiqi mədəniyyətimizə bəxş etmişdir. Kövrək hissilərimizin, lirik duyğularımızın sarı teldə səslənən tərcümanıdır Avtandilin qarmon ifaçılığı sənəti. Sanki Avtandilin sehrli barmaqları şirmayi dillərlə öpüşür ifaçılıq məqamında. Avtandil qarmonla görüşəndə röyamızdakı xəyallar çin - çin olur, arzu və istəklər kama çatır. Məhz niyyətlərin kama çatmasıdır Avtandil sənəti. Min bir ülvi hissilərimizin tüğyanı sanki Avtandil barmaqlarında cövlan edir, nakam aşiqlərin könül aynasında gizlicə zühur edir. Bu baxımdan da Avtandilin qarmonunu əlindən almaq devin canını almaq deməkdir. Ona görə ki, qarmonla Avtandil bağrıbadaşdır. Qarmon Avtandil üçün yerdi, göydü, asimandı, səmadı, qalaktikadı, atmosferdi, oddu, havadı, sudu, torpaqdı, ərşdi, gürşdü, bu dünyadı, o dünyadı əsrarəngiz bir cahandı, bir aləmdi. Qərinədir, əsrdir, ildir, aydır, həftədir, gündür, saatdır, dəqiqədir, saniyədir, zamandır, dövrandır ən önəmlisi isə qiymətli anımızdır. Onun çalğısı zamana - məkana sığmaz, nəcür başlar, necə başlar, nə vaxt, haçan bitər bilinməz, sirlə dolu bir aləmdir Avtandil ifaçılığı sənəti. Nə yerə, nə göyə sığar bu ifa. Heç bir məcrada qərar ala bilməz bu əsrarəngiz – bənzərsiz ifa. Bir günəşdir işıqladır hər yanı. Zinrik, qaranlıq, əvvəli - sonu görünməz bir dünyadır bu ali səviyyəli peşəkar ifa. Açılmaz, çözülməz bir hikmətdir bu çalğı. Mənəvi bir həyatdır, ilahi bir dünyadır Avtandil ifası. Yaşamaq sevincidir, qurmaq həvəsi, yaratmaq istəyi, təmənnasız xidmət göstərmək niyyətidir bu çalğı. Mənəvi qidasıdır ruhun, cismin canıdır. Dərd məlal varsa sevinc - nəşə də mövcuddur bu ilahi səslərdə. Qarmon Avtandil üçün bir ömür yoldaşıdır. Dostdur, qardaşdır, arkadaşdır, tərəf - müqabildir, taytuşdur, həmsöhbətdir. Bu dediyini o anlayır, qarmon söylədiyini də Avtandil. Nə Avtandil bu mənəvi qidadan doyur, nə də qarmon usanır bu təmasdan. Qarmonda səslənən, Avtandil qəlbinin riqqəti - təlatümüdür ki, möcüzəli səslər dünyasında bərq vurur günəş tək. Nur saçıraq hərarət verir soyuq nisgilli qəlb dünyamıza. Avtandil qəlbinin nisgilli səsi - sədasıdır ki, səslənir şəhitlərimizin müqəddəs qanları ilə sulanmış sızıltılı göynəyən Qarabağ naləli, Göyçə iniltili, Zəngəzur həsrətli, o taylı bu taylı gövr eyləyən yaramızın qarmonun imkanları ilə dünyaya şikayət edən hayqırışlı dillərində. Bu səbəblə də həm sevinc həm dərd ortağıdır qarmon Avtandil üçün. Dərdimiz sevincimiz Avtandil ifaçılığında qarmonun vəsiləsilə paylaşılır. Nəşəmiz, sevincimiz müdam artar, qəmimiz, nisgilimiz də bir anda qeyb olub gedər. Toy – düyünlərimizin yaraşığı Avtandil adlı ustad sənətkar və onun möcüzəli, ecazkar səsli aləti qarmondur. Qarmonsuz Avtandil kimə lazım? Avtandilsiz qarmon nəyə gərək? Qarmonla Avtandil qovuşanda toy - büsat düzənlənir, şənliklər təşkil olur, sevən aşiqlər məşuquyla ailə həyatı qurur, xoşbəxt olur. Bu mutluluğu qarmonuyla bizlərə bəxş edən sənətkarın adı Avtandil Bəy İsrafilovdur. O qarmonunun Ağası, Bəyi, Xanı, Sultanı, Padşahı, Paşası, qarmon da bu böyük adların nökəri, naibi, quludur. İfa məqamında bəzən ağa nökər görkəmində, nökər də şahənşah vəzifəsində yer alır. Böyük sənət də məhz bu ifa anında yaranır. Çünki bir ifa prosesində hər ikisi bir - birinə qaynayıb qarışmış, çulğalaşmışlar. Aşiq - məşuqlar kimi ilahi melodiyaların asimanında qol - boyun olmuşlar. Avtandilin qarmonla buluşması anında sevənlər arzuya çatır, gənclər diləyinə qovuşur. Bir ifa məqamında iki qəhrəman ər meydanında üz - üzə, qabaq - qənşər gələrək bir - biri ilə sanki ölüm - qalım savaşında vuruşmaqdadırlar. Sonunda belə bir xoş çarpışmanın qalibi təbii ki, sənətkar və qarmon ifaçılığı sənəti olur. Avtandil ifaçılığı sənətinin məziyyətlərindən biri də budur. Avtandil musiqi mədəniyyətimiz üçün nur, işıqdır ki, ifaçısının qəlbinin ziyasını, ruhunun işığını qarmon adlı alətin vasitəsi, imkanları ilə əhatəli geniş dünyamızda hərtərəfli açıb göstərə bilir. Avtandil İsrafilovun sənəti, sənətkarlığı, yaradıcılığı ilə bağlı çoxsayda məqalələr yazılmışdır. Ustadın televiziya proqramlarında maraqlı çıxışlarıyla seyirçilərimizi uzun illərdir ki, sevindirməkdədir. İnamla deyə bilərəm ki, ustad sənətkarın hər çıxışı bir yenilik, hər proqramı bir novatorluq nümunəsidir”

 
(soldan sağa) Avtandil İsrafilov, Aybəniz Haşımova, Firuzə İbadova, Zakir Əliyev, İlqar Cəmiloğlu Tələbəvə Gənclərin XII Ümumdünya Fesdivalı, / Avqust 1985 Moskva
   Azərbaycan musiqi mədəniyyətimizin görkəmli xadimi Avtandil İsrafilov. 
Ömrün bəstələdiyin minbir naxışlı ilahidən bəxş olunmuş əlvan musiqilərinlə yaşayacaq bu gündən belə. Çünki xalq musiqi irsimizdə etdiyin töhvələrlə tarixsən, əfsanəsən xalqımızın mənəviyatına novatorcasına həkk olunmuş dastansan Avtandil İsrafilov adında. Tanrım məkanını cənnət etsin ey qarmon sənətinin ulu dahisi, Paqaninisi, Odlar diyarımızın Xalq artisti, “Şöhrət” ordenli  Avtandil Bəy İsrafilov.  
 

İlqar CƏMİLOĞLU İMAMVERDİYEV,
Sənətşünaslıq elmləri doktoru, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru. Türk Xalq  Musiqisinə Xidmət Mükafatcısı