Aşıq Ələsgər indiki şoumen aşıqlar kimi saz ifa edə bilərdimi? - Heykəltəraş ustadı  “müasirləşdirib”  

Nəriman Əbdülrəhmanlı: "Məlum olan budur ki, Aşıq Ələsgər solaxay olub. Sazı sol əliylə çalırmış"

Saz-söz ustadı, haqq aşığı Aşıq Ələsgərin hazırlanmış heykəli heç də birmənalı şəkildə müsbət qarşılanmır. Problem heykəllə bağlıdır. Narazılıq da sazın haqq etdiyi yerdə - sinədə deyil, kənarda olmasıdır. Aşıq Ələsgərin sazı “özündən aralı çalması”, müasir - şoumen aşıqların efirdə, toylarda sazın başına oyun açmasını xatırladır.


 Heykəlin bəyənilməməsinin səbəbi də budur. Heykəltəraş Aşıq Ələsgəri də “müasirləşdirib”. Aşıq Ələsgər klassik aşıqlıqdan çıxarılıb, “modern aşığa” çevrilib. Qeyd edək ki, son məlumatlarda heykəlinin bürüncdən tökülməsi prosesinin başa çatdığı, bu haqda Mədəniyyət Nazirliyinə məlumat verildiyi bildirilir. Abidə üçün uyğun yer nazirlik tərəfindən müəyyən edilməlidir. Abidənin memarı Malik Babayevdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub. Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur.



Ziyalılar necə, abidəni bəyənirmi? “Sherg.az”ın sorğusuna cavab olaraq yazıçı-publisist, tərcüməçi Nəriman Əbdülrəhmanlı qeyd etdi ki, kompozisiya maraqlıdır:

 - Bu, heykəlin şəklidir hələ. Abidə haqqında ən dəqiq, dolğun fikri o, ucaldılan zaman söyləmək olar. Biz indi heykəlin fotosunu görürük. Ona görə də konkret fikir bildirmək çətindir. Amma şəxsən mənə kompozisiya maraqlı göründü. Sənətkarlıq baxımından da maraqlıdır. Təbii ki, Aşıq Ələsgər necə saz çalıb, bunu ancaq klassik aşıqlardan eşitdiklərimiz əsasında bilirik. Zamanında klassik aşıqlarımızdan da bu barədə ustadlarından eşidiblər, məlumat alıblar. Məlum olan budur ki, Aşıq Ələsgər solaxay olub. Sazı sol əliylə çalırmış. Mən klassik aşıqlarımızdan eşitmişəm ki, Aşıq Ələsgər saz ifasında o qədər də mahir olmayıb. O, daha çox söz ustadı olub. Məclislərə gedəndə dastan söyləyərmiş, şəyirdləri (şagirdləri - tələbələri) isə sazda onu müşayət edərmişlər.  Düzdür, heykəli bəziləri bəyənmir, amma hesab edirəm ki, bu, heykəltəraşın düşüncələrinin məhsuludur və onun seçimidir. Simvolik heykəldir.  Aşıq Ələsgər böyük sənətkardır. Və onun abidəsinin hazırlanması və qoyulacağı da mədənyyətimiz üçün böyük hadisədir.