"Təkərli kitab dükanı" aldılar: Şahbaz Xuduoğlu Nigar Köçərli ilə yola çıxdı

“Qanun” Nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu növbəti dəfə maraqlı aksiya başladıb. Bu barədə məlumatı Ş.Xuduoğlu sosial şəbəkə üzərindən paylaşaraq bildirib ki, bundan sonra kitabsevərlərin görüşünə o özü gedəcək, həm də əlidolu: təkərli kitab dükanıyla:

“Nigarla (“Əli və Nino” kitab mağazaları  şəbəkəsinin təsisçisi Nigar Köçərli – M.R.) çoxdan bu layihə barədə plan qururduq. Bir neçə yerdə kitab qovşaqları yaratdıq, kitabxanalara, ucqar məktəblərə pulsuz kitablar göndərdik. Amma bu azdır, daha çox etmək lazımdır. Ucqar kəndlərdə kitab dükanı açmaq real görünmür. Ən yaxşısı hərəkət edən, qapıları döyən, evlərə qonaq gedən kitab dükanı yaratmaqdır.   Bu səbəbdən sosial layihə kimi  "Təkərli kitab dükanı" yaratdıq.  Cibimizə uyğun maşın aldıq, rənglədik, içinə kitab rəfləri yığdıq və kitabla doldurduq”. Ş.Xuduoğlu planlarını da açıqlayıb: 
- Plan belədir ki, hər həftə  hansısa bölgəyə səfər edək. Bölgədə yaşayan insanlara da 1,2,3 manata, endirimli  kitab daşıyaq. Eləcə də özümüzlə yaradıcı insanları həmin yerlərə aparaq. Kəndlərimizdə açıq səma alında poeziya, yaradıcılıq, qiraət  axşamları təşkil edək; kitab mühiti yaradaq. Bizim həyatımız kitabla bağlıdır. Yalnız Bakıda kitab yaymaq elə bil işimizin və həyatımızın  mənasını yarımçıq ifadə edir. Bu səbəbdən istədik bütün Azərbaycanı qarış-qarış gəzək, insanlarımızla kitab sevgimizi paylaşmaq.