Bakıda Venesuela kinofilmlərinin nümayişi davam edir

Bakıda II Latın Amerikası Filmləri Festivalı davam edir. Festival çərçivəsində “Landmark” biznes mərkəzinin kinoteatrında Venesuela istehsalı olan “Bazar ertəsi və ya çərşənbə axşamı, bazar günü heç vaxt” (“Monday or Tuesday Never On Sunday”) adlı filmin nümayişi olub.

AZƏRTAC xəbər verir ki, “ road movie” janrında çəkilən filmdə Latın Amerikası ölkəsinin gözəl mənzərələri göstərilib. Hadisələr Merid ştatının dağlarında başlayır, daha sonra quraqlıq regiona – Falkon ştatına ötürülür.

Ekran əsərində tamamilə fərqli iki qadından söhbət açılır: Venesuelanın And dağlarından olan gənc kəndli Qreqori və ortayaşlı, yüngülxasiyyətli şəhərli Lusiya. Onlar yaranan vəziyyətlə əlaqədar mənzilbaşına çatmaq üçün birgə səyahətə çıxmalıdırlar. Onlardan biri öz keçmişini, digəri bu gününü öyrənir. Hər ikisi sevginin gücünü hiss edir.

Noyabrın 25-dək davam edəcək festival çərçivəsində Latın Amerikasının müxtəlif ölkələrində istehsal olunan filmlərin nümayişi planlaşdırılır.

Xatırladaq ki, Bakıda Latın Amerikası Filmləri Festivalı ilk dəfə 2018-ci ildə keçirilib.