“Atatürkə layiq olmaq üçün 2 il yarım işlədik”

“15 dəqiqə özümə gələ bilmədim…”

Atatürkü canlandıran aktyor çəkilişlərinin çox çətin olduğunu etiraf edib

Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində İstanbulda Atatürk Mədəniyyət Mərkəzində “Atatürk- 1881-1919” filminin təqdimatı olub.  Filmdə Atatürk obrazını canlandıran türkiyəli aktyor Aras Bulut İynəmli çəkiliş zamanı keçirdiyi çətin anlardan bəhs edib.

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən qeyd edir ki, təqdimat gecəsində aktyor  “Atatürkün 1934-cü ildə Anzak analarına yazdığı bir məktub var. Biz filmdə o məktubu Çanaqqala savaşının sonunda ekrana gətiririk. Məktubun məzmunu mənə elə dərin təsir etmişdi ki, o səhnənin çəkilişlərinə hazırlıq başlayanda, 15 dəqiqə özümə gələ bilmədim”, söyləyib. A.B.İynəmli filmin çəkilişlərinin çox çətin olduğunu etiraf edib: “Özümü həyəcanlı deyiləm kimi göstərməyə ehtiyac yoxdur. Əlbəttə, həyəcanlıyam. Dünyanın ən güclü və hörmət edilən liderlərindən birinin obrazını yaratmaq kimi məsul bir vəzifə mənə tapşırılıb. Cümhuriyyətimizin 100-cü ildönümündə Mustafa Kamal Atatürkün gəncliyini canlandırmaq qismətim oldu. Bir şey haqqında düşünürdüm: Buna layiq olmaq. Atatürkə layiq olmaq üçün komanda kimi çox çalışdıq. 2 il yarım işlədik. İndi tamaşaçı qarşısındayıq. Söz tamaşaçınındır”. 
 
 Qeyd edək ki, Atatürkün gəncliyindən bəhs edən filmin, əvvəlcə 6 seriyalı olması planlaşdırılıb.  Lakin “Disney” yayımçı şirkəti müqavilə şərtlərini pozduğundan filmin 2 hissəli çəkilməsi qərara alınıb. Filmin xüsusi bölümü 29 oktyabr – Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100-cü ildönümü günü ekrana çıxacaq. Daha sonra filmin birinci hissəsi noyabrın 3-də, ikinci hissə isə 5 yanvar 2024-cü ildə nümayiş olunacaq.