Azər Həsrət seçkiyə gedir: Əməkdar jurnalist namizədliyini irəli sürdü

Əməkdar jurnalist Azər Həsrət dekabrın 27-də rəsmən deputatlığa namizədliyini irəli sürüb.

Sherg.az-ın xəbərinə görə, A.Həsrət sənədlərini 55 saylı Xaçmaz şəhər seçki dairəsinin dairə seçki komissiyasına (DSK) təqdim edib.

Jurnalist qeyd edib ki, proses ümumilikdə normal gedir:

"DSK təmsilçiləri namizədlərin irəli sürülməsi prosesində yetərincə peşəkar yanaşma sərgiləyir, hər hansı əngəldən və ya pozuntudan söhbət gedə bilməz. Dairə ərazisindəki seçicilərin çoxsaylı müraciətlərini nəzərə alaraq yaxın günlərdə seçki qərargahımı rəsmiləşdirmək fikrindəyəm".

Cəmiyyətdə seçki ilə bağlı dolaşan müxtəlif iddialara da toxunan iddiaçı qeyd edib ki, onu kimlərinsə uydurduğu dedi-qodu deyil, dövlətin gördüyü işlər maraqlandırır:

“Biz ortalıqda dolaşan qeyri-ciddi, dedi-qodu qismində olan fikirləri özümüzə yaxın buraxmırıq. Dövlətimizə, onun siyasətinin başında duran Prezidentimiz İlham Əliyevə güvənirik. Biz inanırıq ki, bu seçkidə haqqı və yetərincə dəstəyi olanlar qalib gələcək. Elə şəxslər sırasında özümüzü gördüyümüz üçün də namizədliyimizi irəli sürürük. Seçki bir yarışmadır. Güclü olan qalib gələcək. Biz də qalib gələcəyimiz təqdirdə, əlbəttə ki, ən yüksək səviyyədə millət vəkilliyi edəcəyik. Hər zaman olduğu kimi bundan sonra da dövlətimizin uyğun bildiyi yerdə, uyğun bildiyi şəkildə fəaliyyət göstərəcəyik”.